CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mentalitetdən yapışan "Azəristiliktəchizat" - qurum qazana, sakinlər qızına bilmirlər

© AP Photo / Frank AugsteinSoyuq hava
Soyuq hava - Sputnik Azərbaycan, 1920, 10.11.2021
Abunə olmaq
Bakıda bu problemdən dolayı istiliksiz qalan sakinlər yüzlərlədir. Bir mənzildən keçən istilik borusunun hansısa sakin tərəfindən kəsilməsi onları 30 ilə yaxındır istiliksiz qoyub.
BAKI, 10 noyabr — Sputnik. Havalar soyuduqca paytaxt sakinlərinin də istiliklə bağlı qayğıları artır. Hazırda Bakıda yaşayış binalarının bir qisminə istilik verilsə də, illərdir istilik üzünə həsrət qalan sakinlər az deyil. Elə Bakının Xətai rayonu Gəncə prospekti 27 ünvanında yaşayan sakinlər kimi...
Sözügedən ünvanda yerləşən 10 bloklu, 9 mərtəbəli yaşayış binasında yaşayan sakinlərin bir qismi mərkəzləşmiş istilik sisteminə qoşulsa da, digərləri illərdir ki, istilik ala bilmirlər. Səbəb isə yaşadıqları blokda qonşulardan birinin öz mənzilində istilik borusunu kəsməsidir.
Binanın 9-cu blokunda yaşayan sakin Məhliqa Balıyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 1991-ci ildən yaşayış binasına istilik verilməsi dayandırılıb. Həmin tarixdən sonra onlar mənzillərini qızdırıcı cihazlar vasitəsilə isidiblər. Son illər yaşadıqları binanın bəzi blokları istiliklə təmin olunsa da, 9-cu blok hələ də istilik ala bilməyib: "Bizim binanın digər bloklarına istilik verilsə də, biz illərdir istilik üzünə həsrətik. Blokda yaşayan sakinlərdən biri öz mənzilindən keçən istilik borusunu kəsdiyindən bütün blokdakı mənzillər istiliksiz qalıb. Bu problemlə bağlı dəfələrlə "Azəristiliktəchizat" ASC-yə müraciət etsək də, onlar mənzildaxili istilik xətləri ilə bağlı problemin sakinlər tərəfindən həll edilməli olduğunu söyləyirlər.
Bizə deyirlər ki, qonşunu məcbur edin, istilik borusunu bərpa etsin. Əgər etmirsə, məhkəməyə verin. Necə deyərlər, bizi qonşuyla üz-üzə qoyurlar. Həmin qonşu isə illərdir aldığı mənzilin qapısını bağlayıb, köçüb xaricə. İndi biz onu haradan tapıb məhkəməyə verək?"
Xətai rayonu Vunq Tau küçəsi 6 ünvanında yaşayan sakinlər də illərdir mənzillərindən keçən istilik borularına baxaraq köks ötürürlər. Bu binada yaşayan sakinlərdən biri təmir zamanı mənzildən keçən istilik borusunu kəsdiyindən binada yaşayan digər sakinlər istilik ala bilmirlər.
Sakin Yelena Starostina Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, onlar dəfələrlə binanın istilik təminatı üçün "Azəristiliktəchizat" ASC-yə müraciət ediblər. Amma onların mənzillərinin mərkəzləşmiş istilik sisteminə qoşulması illərdir həlli müşkül olan bir problemə çevrilib. "Bizə bu qurumdan bildirirlər ki, mənzildaxili xətti sakinlər özləri təmir və bərpa etməlidirlər. Qonşu isə öz mənzilindən keçən istilik xəttini bərpa etmir. "Azəristiliktəchizat" ASC bizə çıxış yolu kimi qonşunu məhkəməyə verməyi tövsiyə edir. Buna isə qonşuların bəziləri razı olur, bəziləri yox. Axı illərdir eyni blokda yaşadığımız, üz-üzə gəldiyimiz qonşunu necə məhkəməyə verək? Bunun başqa bir çıxış yolu yoxdurmu?" - deyə sakin onları qonşu ilə üz-üzə qoyan dövlət qurumundan gileylənir.
Bərdə rayon Ərəblər kənd tam orta məktəbi - Sputnik Azərbaycan, 1920, 04.11.2021
TƏHSİL
Soyuq havalarda məktəbləri nəfəs isitmir - uşaqlar isə noyabrın 15-dək xəstələnirlər
Qeyd edək ki, Bakıda bu problemdən dolayı istiliksiz qalan sakinlər yüzlərlədir. Bir mənzildən keçən istilik borusunun hansısa sakin tərəfindən kəsilməsi onları 30 ilə yaxındır istiliksiz qoyub. Aidiyyəti qurumların öz üzərindən problemi ataraq sakinlərin boynuna qoyması mənzil sahiblərinin çoxunu öz başlarına çarə qılmağa vadar edib.
Sakin M.Balıyeva deyir ki, hər qış istilik problemi ilə üz-üzə qaldıqlarından çıxış yolunu mənzillərinə kombi çəkməkdə görüblər: "Hər qış ev soyuq olduğundan tez-tez xəstələnirdik. Məcbur olub mənzilə kombi sistemi çəkdik. Amma bu cür istilik sistemini çəkməyə hamının maddi imkanı çatmır. Sakinlər məcbur olub qışda bir otağa qızdırıcı cihaz qoyur, bütün ailə bir otağa toplaşır. Bizə "Azəristiliktəchizat" ASC-dən bildirmişdilər ki, binamıza istilik verən qazanxana 2018-ci ildə yenidən qurulacaq. Amma bu günədək köhnə qazanxanadan istilik verilir. Digər bloklarda sakinlər istiliyin keyfiyyətindən şikayətlənirlər. Hava çox soyuduqda sakinlər məcbur olub evə əlavə qızdırıcı cihaz qoşurlar".
“Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, sözügedən ünvanlarda problemdən xəbərdardırlar: "Bəli, Xətai rayonu Gəncə prospekti 27 ünvanında 180 mənzilli 10 bloklu, 9 mərtəbəli yaşayış binasında istilik verilməsi ilə bağlı problem var. Amma bu problem bizimlə bağlı deyil. 9-cu blokda yaşayış mənzillərindən birinin sakini mənzildaxili istilik borusunu kəsib. Biz binanın zirzəmisinə qədər istiliyin paylanmasına cavabdehik. Mənzildaxili problemləri sakinlər özləri aradan qaldırmalıdırlar. “Azəristiliktəchizat” ASC-nin hansısa mənzildə vətəndaşın kəsdiyi istilik borusunu bərpa etmək öhdəliyi yoxdur".
R.Əliyev deyir ki, əgər hansısa binada sakinlərdən biri mənzilindən keçən daxili istilik borusunu kəsib və yaxud zədələyibsə, onu bərpa etmək də həmin sakinin üzərinə düşür:
"Sakin bunu etməkdən imtina edirsə, qonşular yığışıb ondan məhkəməyə şikayət edə bilərlər. Bir qonşunun bu problemlə bağlı məhkəməyə şikayət etməsi yetərlidir".
Abonent və müştəri xidmətlərinin rəisi bildirir ki, problemdən hələ ki, başqa çıxış yolu yoxdur: "Sovet dövründən qalan binalarda istiliyin başqa cür verilməsi mümkün deyil. Çünki mənzillərə istilik binanın zirzəmisindən paylanır. Biz isə zirzəmiyə qədər istilik xətlərini çəkib sazlayırıq. Hansısa mənzildə istilik borusu kəsilirsə, artıq həmin mənzildaxili borunu mənzil sahibi özü alıb bərpa etməlidir".
R.Əliyev deyir ki, yeni binalarda mənzillər arası asılılıq aradan qaldırılıb. Çünki mənzillərə istilik xətləri qonşuların mənzillərindən keçərək verilmir: "Yeni inşa olunan binalarda istilik xətləri bloklardan mənzillərə paylanılır. Bu zaman bir qonşunun istilik borusunu kəsməsi digər qonşuya mane olmur. Köhnə binalarda isə bu mümkün deyil".
Azad İstehlakçılar Birliyinin Kommunal məsələlər üzrə eksperti Nüsrət Qasımov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda paytaxtda bir mənzildə istilik borusunun ləğv edilməsi üzündən istiliksiz qalan sakinlərin sayı çoxdur.
N.Qasımov deyir ki, “Azəristiliktəchizat” ASC-nin bu problemdən yaxasını kənara çəkməsi düzgün deyil.

““Azəristiliktəchizat” ASC-nin vəzifəsi binanın zirzəmisinə qədər istiliyi gətirmək deyil. Bu istiliyi abonentlərə paylamaq lazımdır. Bir mənzilin istilik borusunun kəsilməsi üzündən bütün blokun istiliksiz qalması nə əcəbsə bu qurumu heç narahat etmir. Onlar məsuliyyəti vətəndaşın üzərinə qoyurlar. Azərbaycan reallığında isə bəllidir ki, kimsə öz qonşusunu məhkəməyə verməyəcək. Çünki bizim xalqda bir mehriban qonşuluq ənənəsi var. Belə bir atalar sözü də var ki, "yaxın qonşu uzaq qohumdan yaxşıdır". Belə olan halda “Azəristiliktəchizat” ASC problemin həlli yolunu tapmalıdır. Bu qurumun üzərində külli məbləğdə borc olsa da, nədənsə bir mənzil üzündən bütün blokun istiliksiz qalması onları narahat eləmir".

Ekspert düşünür ki, “Azəristiliktəchizat” ASC-nin ləğv olunmasının məqamı çatıb: "Bu qurum da, köhnə istilik sistemi də bizə sovet dövründən miras qalıb. Hər mövsüm “Azəristiliktəchizat” ASC-nin elektrik enerjisinə, mavi yanacağa, suya olan borcu üzündən qışın oğlan çağında abonentlər istiliksiz qalırlar. Üstəlik onların qazanxanalarının çoxu köhnədir və yaşayış binalarından uzaqdadır. İstilik o binalara gəlib çatanadək soyuyur. “Azəristiliktəchizat” ASC havanın temperaturu soyuduqca istilik temperaturunu da artırmalıdır. Amma çöldə hava nə qədər soyuq olsa da, mənzillərə verilən istiliyin temperaturu artmır. Ona görə də camaat mənzilə istiliklə yanaşı, elektrik qızdırıcıları qoşur. Ayın sonu isə “Azəristiliktəchizat” ASC keyfiyyətsiz istiliyə görə abonentlərdən pul istəyir. Bu zaman da bu qurumla abonent arasında dava düşür. Abonentlər keyfiyyətsiz istiliyə görə aylıq ödənişi etməkdən imtina edir, ödənişi gecikdirirlər. Nəticədə “Azəristiliktəchizat” ASC suya, qaza, elektrik enerjisinə görə ödənişi gecikdirir. Bu isə “Azəristiliktəchizat” ASC ilə "Azərsu", "Azərnerji", "Azəriqaz" arasında davaya səbəb olur".
N.Qasımov deyir ki, hər il dövlət büdcəsindən “Azəristiliktəchizat” ASC-yə ayrılan dotasiyalar da bu qurumu xilas edə bilmir. Zərər isə sonda vətəndaşlara dəyir.
Məlumat üçün qeyd edək ki, “Azəristiliktəchizat” tərəfindən göstərilən xidmətlərin tarifləri Tarif Şurası tərəfindən tənzimlənir. Hazırda əhali qrupu üzrə mənzilin hər kvadratmetrinə görə aylıq 15 qəpik, qeyri-əhali qrupu üzrə 1 kubmetr isidilən həcmə görə aylıq 25 qəpik ödənilir.
Xatırladaq ki, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi təsdiq edilib. Yol Xəritəsi 2020-ci ilədək strateji baxışı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışı əhatə edir.
Sənəddə deyilir ki, Azərbaycanda şəhər və rayonların sürətli inkişafı, infrastruktur şəbəkələrinin genişlənməsi, yeni yaşayış, təhsil, səhiyyə obyektlərinin, ictimai və digər sosial binaların tikintisi və istifadəyə verilməsi ilə əlaqədar onların infrastruktur tələbatının ən vacib elementlərindən olan enerjidaşıyıcılarla, o cümlədən istilik təchizatı xidmətləri ilə lazımi səviyyədə təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan müəyyən edilən strateji hədəflərin həyata keçirilməsi ölkədə dayanıqlı və etibarlı istilik təchizatı sistemi yaratmaqla, istehlakçıların istilik enerjisinə olan tələbatının fasiləsiz və keyfiyyətli təminatını təşkil etməyə, isitmə məqsədilə istifadə edilən təbii qaz və elektrik enerjisi sərfiyyatını azaltmaqla, enerji resurslarından səmərəli istifadə olunmasına, yanğın və ekoloji təhlükəsizliyin təmin edilməsinə imkan verəcək.
Bakının mərkəzində hündürmərtəbəli binalar - Sputnik Azərbaycan, 1920, 23.10.2021
İQTİSADİYYAT
Qazanxana, kombi, məhkəmə və abır-həya - bu qış bəziləri üşüyəcəklər
Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlərin ildən-ilə gücləndirilməsi Azərbaycan Respublikasında müasir standartlara cavab verən kommunal xidmət kompleksinin yaradılmasını, o cümlədən istehlakçıların istilik təchizatı xidmətləri ilə keyfiyyətli təminatı üçün infrastruktur şəbəkələrinin yenidən qurulması işlərinin davam etdirilməsini şərtləndirir.
Mərkəzləşdirilmiş istilik təchizatı sistemlərinin əhatə dairəsinin genişləndirilməsi isitmə məqsədləri üçün birbaşa istifadə edilən təbii qaz və elektrik enerjisindən daha səmərəli və təyinatı üzrə istifadə olunmasına, mazut, dizel yanacağı, odun və digər yanacaq vasitələrindən istifadəni minimuma endirməklə ətraf mühiti və ekoloji təmizliyi qorumağa imkan verəcək.
Sənədə əsasən, istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması və istehlakının təşkili prinsiplərinin müəyyən edilməsi və tənzimlənməsi, həmçinin istehlakçı və istehsalçı münasibətlərinin hüquqi müstəvidə formalaşdırılması məqsədilə istilik enerjisindən istifadə qaydaları, habelə istilik təchizatı sistemlərinin tikintisi və istismarı haqqında normalar və standartlar hazırlanacaq.
Xəbər lenti
0