Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Soyuq havalarda məktəbləri nəfəs isitmir - uşaqlar isə noyabrın 15-dək xəstələnirlər

© Sputnik / Musa MuradliBərdə rayon Ərəblər kənd tam orta məktəbi
Bərdə rayon Ərəblər kənd tam orta məktəbi - Sputnik Azərbaycan, 1920, 04.11.2021
Abunə olmaq
Əgər üç gün ard-arda orta sutkalıq temperatur 8 dərəcədə olarsa və hidrometeoroloqlar bunun davamlı olacağı proqnozunu versələr, bu zaman istilik vaxtından tez verilə bilər.
BAKI, 4 noyabr — Sputnik. Sinoptiklərin məlumatına görə, bu gündən havalar kəskin soyuyur. Buna baxmayaraq hələ də paytaxtda yaşayış binalarına və məktəblərə istilik verilmir. “Azəristiliktəchizat” ASC isə istiliyin noyabrın 15-dən veriləcəyini bəyan edib.
Paytaxtda istiliyin gec verilməsi sakinləri alternativ istilik sistemindən istifadə etməyə məcbur edib. Sakinlər elektrik qızdırıcıları vasitəsilə mənzillərini qızdırmalı olublar. Bakıda məktəblərə istiliyin verilməməsi soyuq havada şagirdlərin xəstələnmə riskini daha da artırır. Sputnik Azərbaycan Bakıda yaşayış binalarına və məktəblərə istiliyin vaxtından əvvəl verilməsinin hansı halda mümkün olduğunu araşdırıb.
“Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakıda istiliyin verilməsinə noyabrın 15-dən, dağlıq rayonlarda isə noyabrın 1-dən başlanır. R.Əliyevin sözlərinə görə, mənzillərə istiliyin noyabrın 15-dən tez verilməsi mümkün deyil. Məktəblərin istilik təchizatı isə Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) ilə bağlanan müqavilə üzrə tənzimlənir. Onun sözlərinə görə, təhsil müəssisələri ilə bağlanan müqaviləyə görə, istilik mövsümü 5 ay nəzərdə tutulub.
R.Əliyev deyir ki, əgər noyabrın 15-dən tez havalar qəflətən soyuyarsa, istiliyin verilməsi üzrə təhsil müəssisələrindən edilən müraciətə baxılır. Bu zaman məktəblər vaxtından tez verilən istiliyin dəyərinin ödənilməsinə zəmanət verməlidirlər.
Şöbə rəisi bildirir ki, noyabrın 15-dək məktəblər istilik qoruyucu tədbirləri gücləndirə bilərlər: "Əgər üç gün ard-arda orta sutkalıq temperatur 8 dərəcədə olarsa və hidrometeoroloqlar bunun davamlı olacağı proqnozunu versələr, bu zaman istilik vaxtından tez verilə bilər".
R.Əliyev deyir ki, istiliyin verilməsi zamanı orta otaq temperaturunda 18-20 dərəcə rejiminə əməl edilir. Həmçinin verilən istiliyin temperaturu havanın temperaturundan asılı olaraq tənzimlənir.
Şöbə rəisinin sözlərinə görə, müqaviləyə əsasən ölkə üzrə 280 məktəbə istilik veriləcək: "Digər məktəblərin qızdırılmasında fərdi qazanxanalardan istifadə olunur".
Təhsil Nazirliyindən isə bildirilir ki, dağlıq və dağətəyi rayonlarda yerləşən məktəblərə istilik verilib: "Bakı şəhərində və digər rayonlarda yerləşən 281 məktəbə isə noyabrın 15-dən istiliyin verilməsi nəzərdə tutulur".
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 133-ü “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 179-u fərdi qazanxana vasitəsilə, 7-si isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir.
Millət vəkili Fazil Mustafa Sputnik Azərbaycan-a bildirib ki, havaların soyumasına baxmayaraq, mərkəzləşmiş istiliyin 15 noyabra saxlanılmasından hər kəs əziyyət çəkir. Deputat deyir ki, bu məsələ Milli Məclisdə qaldırıla bilər.
F.Mustafa bildirib ki, istiliyin gec verilməsindən çox sayda insan şikayət edir: "Qanunvericiliyə görə, aran rayonlarında, o cümlədən Bakıda mərkəzləşmiş istilik sistemi 15 noyabrdan, dağlıq və dağətəyi rayonlarda isə 1 noyabrdan fəaliyyətə başlayır. Oktyabrda havaların soyuq keçməsinə baxmayaraq, mərkəzləşmiş istiliyin verilməməsi isə narazılıq yaradır. Vətəndaşlar elektrik qızdırıcıları və kombilərdən istifadə etməyə məcbur olurlar ki, bu da həddən artıq baha başa gəlir, eyni zamanda, elektrik xətlərinin yüklənməsinə gətirib çıxarır. Noyabrın 15-i sovet planlaşdırılmasına uyğun edilən sistem idi. İndi də bundan əl çəkmirlər".
F.Mustafa deyir ki, mərkəzləşdirilmiş istilik sisteminin işə salınması yerli özünü idarəetmə orqanına - bələdiyyəyə verilməlidir. Onun sözlərinə görə, bu məsələ ancaq bu şəkildə həllini tapa bilər: "Hansı rayonda soyuqlar tez düşürsə, ora soyuq düşəndə istilik vermək lazımdır".
Xəbər lenti
0