QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Hisslərimizin əsirinə çevrilə bilməzdik - Yüzlərlə hərbçini xilas edən ağxalatlı qəhrəman

© Photo : Courtesy of Shamil TahirovHəkim-neyrocərrah Şamil Tahirov
Həkim-neyrocərrah Şamil Tahirov  - Sputnik Azərbaycan, 1920, 08.11.2021
Abunə olmaq
İyirmi üç gün ön cəbhədə ağır əməliyyatlar keçirən cərrah deyir ki, hələ də insan yanığının iyini unutmayıb.
BAKI, 8 noyabr — Sputnik. Torpaqlarımızın işğaldan azad edilməsində canından və sağlamlığından keçən oğullarımız kimi, müharibə dövründə onların imdadına çatan, yaralı hərbçilərimizi ölümün pəncəsindən xilas edən həkimlərimizin rolu böyük olub. Sputnik Azərbaycan müharibə dövründə böyük fədakarlıq göstərmiş daha bir ağxalatlı qəhrəmanı oxuculara təqdim edir.

21 yaşlı Yusifi kim xilas etdi?

Onun adını sosial şəbəkələrdən eşitmişdik... Müharibə dövründə başından ağır yaralanan hərbçi Yusif Atakişiyev ağır vəziyyətdə Füzuli Müalicə Diaqnostika Mərkəzinə çatdırılır. Onda həyat əlamətləri az olduğundan həkimlər əvvəlcə onun yaşamasına ümid etmirlər. Hətta şəhid olduğunu zənn edirlər. Ürək masajından sonra Yusifin sağ olduğunu görüb onu əməliyyat masasına qaldırırlar. Yaralı hərbçimizi əməliyyat edərək həyata qaytaran isə həkim-neyrocərrah Şamil Tahirov olur. Bu barədə sosial şəbəkə hesabında yaralı hərbçilərə tibbi xidmət göstərən Kəmalə Namazova yazır...
Həkim-neyrocərrah Şamil Tahirov Respublika Neyrocərrahiyyə Xəstəxanasında işləyir. İkinci Qarabağ müharibəsi başlayan kimi Şamil Tahirov peşəkar tibbi xidmət göstərmək üçün əməliyyat tibb bacısı və əməliyyat kiçik tibb işçisi ilə birgə sentyabrın 27-də könüllü müraciətinə əsasən Füzuli Müalicə Diaqnostika Mərkəzinə göndərilir. Müharibə dövründə 23 gün ön cəbhədə yaralıları əməliyyat edən Ş.Tahirov neçə-neçə yaralanmış hərbçinin, eləcə də dinc sakinin həyatda qalmasına vəsilə olur. Onun fədakarlığı sayəsində müharibədə ağır yaralanmış neçə-neçə hərbçimiz bu gün öz doğmalarının yanındadır.
© Photo : Courtesy of Shamil TahirovHəkim-neyrocərrah Şamil Tahirov
Şamil Tahirov - Sputnik Azərbaycan, 1920, 08.11.2021
Həkim-neyrocərrah Şamil Tahirov
Ş.Tahirov Yusifin yaralı vəziyyətdə xəstəxanaya gətirildiyi anı belə xatırlayır: "Tibb müəssisəsinə başından yaralanmış, çox ağır vəziyyətdə hərbçi gətirildi. Həyat əlamətləri yox idi. Ürəyi döyünmürdü. Bizim üçün bu ölüm əlaməti idi. Bu hərbçinin əvvəlcə şəhid olduğunu zənn etdim. Xəstəyə dərhal ürək masajı və reanimatoloji yardım olundu. Ürək döyünməyə başlasa da həyat əlamətləri minimal idi. İlkin təcili yardımdan sonra yaralını beyin əməliyyatina götürdük. Əməliyyat ağır keçsə də uğurla başa çatdırıldı. Səhəri gün o xəstəni Bakıya göndərdik. Yusif gözünü təcili yardım maşınında açaraq reanimotoloqa deyib ki, "siz məni şəhid zənn etmişdiz, mən isə sizi eşidirdim". Uğurlu əməliyyat və həkimlərin səyi nəticəsində Yusif bu gün də normal həyata davam edir..."
Həkim-neyrocərrah deyir ki, müharibə dövründə əməliyyat etdiyi qazilərin həyatda qalması onun üçün ən böyük xoşbəxtlikdir. Həkim bildirir ki, qazilərin həyatda qalmasında həmin vaxt onları döyüş bölgəsindən xəstəxanaya çatdıran, tibbi yardım göstərən hər kəsin əməyi var: "Əgər həmin an Yusifə də ürək masajı edilib, ürək fəaliyyəti bərpa edilməsəydi, biz onu əməliyyat edə bilməzdik. Burada yaralı hərbçilərimizə tibbi xidmət göstərən hər kəsin xidməti var".
Həkim-neyrocərrah bildirir ki, müharibə dövründə yaralı hərbçilər xəstəxanaya sürətlə gətirilir, çevik şəkildə əməliyyat edilirdilər. Bu isə hərbçilərimizin həyatda qalma şansını artırırdı".

Şamil Tahirovun müharibə xatirələri

Ş.Tahirov deyir ki, müharibədə ilk əməliyyat etdiyi yaralı dinc sakin olub: "Müharibənin ilk günlərində Füzuli Müalicə Diaqnostika Mərkəzinə Bakıdan gedən beş həkim vardı. Onlardan biri də mən idim. Xəstəxanaya çatan kimi ilk işimiz cərrahiyyə otağının birini sırf beyin əməliyyatı üçün hazırlamaq oldu. Qeyd edim ki, digər əməliyyatlarda da əməliyyat otağının steril olması şərtdir. Amma beyin əməliyyatlarında bu tələbə daha ciddi əməl edilməlidir və əməliyyat alətləri, istifadə olunan materiallar eləcə də daha incə işlər aparılır. Ona görə əməliyyat otaqlarından birini sırf beyin əməliyyatı üçün ayırdıq. İlk gün qəbul etdiyimiz xəstələrin sayı ikinci gün qəbul etdiyimiz yaralılardan daha çox idi. İkinci gündən artıq xəstəxanaya gələn həkimlərin sayı artdı. Beyin travması, qəlpələr, müştərək travmalarla yaralılar daxil olurdular. İlk bir həftəni əsasən mərmi qəlpələri, çoxsaylı qəlpələr, bədən xəsarətləri, amputasiyalar təşkil edirdi. Yaralılar çox ağır vəziyyətdə olurdu. Onlar arasında tankın içində yananlar da vardı. Bu gün də insan yanığının iyini unutmamışam".
Həkim-neyrocərrah deyir ki, elə gün olurdu ki, gün yarım əməliyyat otağından çıxmadan əməliyyatlar edib: "Sağ olsun, tibb bacıları da çox böyük fədakarlıq edirdilər. Onlar da bizə yemək belə yemədən, istirahət etmədən, fasiləsiz kömək edirdilər".
© Photo : Courtesy of Shamil TahirovHəkim-neyrocərrah Şamil Tahirov
Şamil Tahirov - Sputnik Azərbaycan, 1920, 08.11.2021
Həkim-neyrocərrah Şamil Tahirov

"Barmağımın dərisi əlcəklə qopub düşdü"

Müharibə dövründə yaşadığı hisslərin sözlə ifadə edilməsinin mümkünsüz olduğunu bildirən Tahirov deyir ki, bir gecədə üç beyin əməliyyatı icra edib: "Bütün cərrahi əməliyyatlar risklidir. Amma beyin əməliyyatı çox incə bir əməliyyatdır. İnsan qolsuz, ayaqsız yaşaya bilər. Amma beyin elə bir orqandır ki, əməliyyatda kiçik diqqətsizlik xəstənin ömürlük iflic olmasına, nitqinin itməsinə, görməməsinə səbəb ola bilər. Çox şükür ki, bizim hər bir əməliyyatımız uğurlu keçdi. Sanki Allah da bizə bu işdə yardım edir, Vətən uğrunda ölümə atılan hərbçilərimizi həyata qaytarmağa güc verirdi".
Bir gecə üç əməliyyat edən həkim barmağının dərisinin də elə həmin gecə əlcəklə birgə qopduğunu söyləyir.
Müharibə ölüm, itki, qan-qada, ayrılıqdır deyib böyüklərimiz. Ş.Tahirovun da əməliyyat etdiyi ağır yaralılar arasında sonradan ölənlər olub. Amma müharibə itkisiz mümkün deyildi deyir həmsöhbətimiz...
"18 yaşlı əsgərimiz snayperlə vurulmuşdu. Onun başının, demək olar ki, yarısı yox idi. Füzulinin Əhmədbəyli xəstəxanasında apardığımız əməliyyat zamanı biz onu beş gün həyatda saxlaya bildik. Aparılan bütün səylərə baxmayaraq beş gündən sonra o şəhid oldu".

"Hisslərimizin əsirinə çevrilə bilməzdik"

Ş.Tahirov deyir ki, müharibənin ilk günlərində Füzulidə xəstəxanada çalışdığını ailə üzvlərindən gizlədib: "Ailə üzvlərimə dedim ki, bizi Naftalana ezamiyyətə göndəriblər. Ailəmizin ön cəbhə bölgəsinə göndərildiyimizi bilməsini istəmirdik. Hər an xəstəxanaya ağır yaralılar gətirilirdi. Onları bu vəziyyətdə görmək onsuz da bizə çox ağır idi. Amma biz ora bir missiya üçün getmişdik. Hisslərimizin əsirinə çevrilə bilməzdik. Biz güclü olub gələn yaralıların həyatını xilas etməli idik. Bu bizim müqəddəs amalımız idi. Ona görə ailəmizin bizim üçün narahatlıq keçirməsini istəmirdik. Atam mənim yanıma gəlmək istədiyini bildirəndə mən ona cəbhə bölgəsində olduğumu dedim".
Həmsöhbətimiz deyir ki, müharibə dövründə tibbi xidmət göstərməklə adi xəstəxana şəraitində əməliyyat etmək çox fərqlidir. O, hətta düşmənin xəstəxananın yerini müəyyən edə bilməməsi üçün bəzən tibb müəssisəsinin işıqlarının gecələr tamamilə söndürüldüyünü, yalnız əməliyyat otağının işığını yanılı qoyduqlarını söyləyir. Ş. Tahirov deyir ki, bütün bu yaşadıqları çətinliklərə rəğmən sonda qələbə hissini yaşamaq möhtəşəmdir.
© Photo : Courtesy of Shamil TahirovHəkim-neyrocərrah Şamil Tahirov
Şamil Tahirov - Sputnik Azərbaycan, 1920, 08.11.2021
Həkim-neyrocərrah Şamil Tahirov

Müqəddəs amal bu gün də davam etdirilir

Həkim-neyrocərrah müharibədə başladığı bu müqəddəs amalı bu gün də davam etdirir. Onun sözlərinə görə, indi də çalışdığı Respublika Neyrocərrahiyyə Xəstəxanaslnda qazilərimizin əməliyyatını həyata keçirir. Onların başlarında aldıqları yaralardan sonra qalan estetik defektləri aradan qaldırmaq üçün uçün əməliyyatlar edir, qalan qəlpələri çıxarır. Ş.Tahirov 44 günlük müharibədə 42 həyat qurtaran əməliyyat edib. Bunlardan 26 əməliyyat 23 gün ön cəbhədə, qalan 16 əməliyyat isə 11 gün arxa cəbhədə aparılıb.

"Onlar mənə ikinci həyat verdilər"

Ş.Tahirovun həyatını qurtardığı Yusif Atakişiyevlə də həmsöhbət olduq. 21 yaşlı Yusif, sən demə, əslən elə yaralandığı Füzulidəndir. Yusif oktyabrın 8-də, Füzuli istiqamətində gedən ağır döyüşlərdə yaralanır. Yaxınlığına düşən minaatan mərmisinin partlaması nəticəsində başından xəsarət alır. "Bu gün həyatda olduğum üçün üzərimdə zəhməti keçən hər kəsə, Kəmalə xanıma, Şamil həkimə minnətdaram. Onlar mənə ikinci həyat verdilər".
Yusif Bakıya gətirildikdən sonra da əməliyyatlar keçirdiyindən, Türkiyəyə müalicə üçün getdiyindən hələ onu həyata qaytaran həkimi, Şamil Tahirovla görüşə bilməyib. Amma Yusif ilk fürsətdə fədakar tibb işçisi Şamil həkimlə görüşəcəyini söyləyir. Yusifin atası Fariz Atakişiyev isə müharibə dövründə hərbçilərimizin həyatda qalması uğrunda böyük fədakarlıq göstərən ağ xalatlı qəhrəmanlara minnətdar olduğunu bildirir.
© PhotoHəkim-neyrocərrah Şamil Tahirov xilas etdiyi hərbi qulluqçu
Yusif Atakişiyev və Şamil Tahirov  - Sputnik Azərbaycan, 1920, 08.11.2021
Həkim-neyrocərrah Şamil Tahirov xilas etdiyi hərbi qulluqçu

Müharibənin bizdən aldığı ağxalatlı qəhrəmanlar

Qeyd edək ki, ötən il sentyabrın 27-dən başlanan 44 günlük Vətən müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Bu qələbədə əsgərlər qədər onlarla çiyin-çiyinə öz vəzifə borcunu ləyaqətlə və fədakarlıqla yerinə yetirən tibb işçilərinin də böyük xidməti var. Bir sözlə, 44 gün boyunca cəbhədə qəhrəmanlıq və şücaət göstərən təkcə hərbi qulluqçular olmadılar, bu sırada həkimlər, kiçik tibb işçiləri də var idi. Çox təəssüf ki, onların arasında əsgərlərimizi xilas edərkən özləri də şəhid olanlar var. Məlumata görə, İkinci Qarabağ müharibəsində ümumilikdə 42 tibb işçisi xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Onlardan 9-u həkim, 7-si feldşer, 26-sı sanitardır.
Müharibə bitdikdən sonra ön cəbhədə xidmət göstərmiş həkim və tibb işçiləri dövlət tərəfindən mükafat və fəxri fərmanlarla təltif olunublar. Lakin müharibə bitsə də, həkimlərin işi bitməyib. Hələ neçə-neçə qazilərimiz öz müalicələrini davam etdirir, həkimlərin sayəsində yenidən sağlamlıqlarına qovuşmağa çalışırlar.
Eləcə də oxuyun:
* Yüzlərlə yaralını xilas edən həkim: "Müharibə vaxtı arzuladığımız Azərbaycanı gördük"
* Xüsusi təyinatlı xilaskar: Polkovnikin gözünə iynə vuran vaxt güllə ürəyinə dəyib...
* Vətən müharibəsinin "gözəgörünməz qəhrəman"ları
* Rus əsilli qazimiz: Müharibə laqeyd Denisi dolğun insana çevirdi
Xəbər lenti
0