CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yüzlərlə yaralını xilas edən həkim: "Müharibə vaxtı arzuladığımız Azərbaycanı gördük"

© Photo : Courtesy of Bahruz RustamovBəhruz Rüstəmov
Bəhruz Rüstəmov - Sputnik Azərbaycan, 1920, 07.11.2021
Abunə olmaq
Müharibə və postmüharibə dövründə könüllü olaraq əsgərlərimizə və hərbçilərimizə yardım etmək üçün ön cəbhəyə yola düşən fədakar həkimlərimiz Bəhruz Rüstəmov və Kamran Məmmədov xatirələrini Sputnik Azərbaycan-la bölüşüblər.
BAKI, 7 noyabr — Sputnik. 44 günlük Vətən müharibəsində zəfər qazanmağımızda onların rolu çox böyükdür. Tam mübaliğəsiz deyə bilərik ki, tarixi qələbəmizin qazanılmasında ön cəbhədə vuruşan igidlərimiz qədər, onların da payı var. Onları Vətən müharibəsinin "gözəgörünməz qəhrəman"ları adlandırırlar.
Söhbət həkimlərdən gedir. Müharibə və postmüharibə dövründə könüllü olaraq əsgərlərimizə və hərbçilərimizə yardım etmək üçün ön cəbhəyə yolan düşən fədakar həkimlərimizdən biri də həkim-stomatoloq, üz-çənə cərrahı Bəhruz Rüstəmovdur. Bəhruz həkim gördüyü dəhşətlər, döyüşçülərimizin əzmkarlığından Sputnik Azərbaycan-a bəhs etdi.
Qəhrəmanımız əslən Füzulidəndir. Dörd yaşında doğma torpağını məcburən tərk edən Bəhruz öz yurduna yetkin insan kimi döndü. Bu tarixi dönüşdə payı olduğu üçün özünü çox xoşbəxt hiss edir:

"Sentyabrın 27-si baxdım ki, internet yoxdur. Qohum-əqrəbadan öyrəndim ki, müharibə başlayıb. Həmin an öz avtomobilimlə dayanmadan Füzuliyə - Diaqnostika Mərkəzinə getdim. Özüm də qarabağlıyam - Füzulidən. Dörd yaşım var idi oradan çıxanda. O torpağa qayıtmaq üçün mənim də xidmətim olmalı idi. Sentyabrın 27-dən oktyabrın 2-nə qədər yatmadıq. Gün ərzində 180-200, bəzən də 250 yaralımız olurdu. Orada "mən ixtisasca stomatoloqam, filan işi görə bilmərəm" deyə bir şey yox idi. Hər kəs bacardığını edirdi. Bütün gücümüzü səfərbər etmişdik".

Bəhruz həkim bildirir ki, müharibə bizi birləşdirdi. Qadınlar var idi ki, öz işlərini atıb, gəlib əsgərlərə yemək bişirirdilər. O, müharibədə əsgərlərimizin nə qədər məğrur olduğunu fəxrlə dilə gətirir:
"Bir gün gecə saat 4-də bir yaralı gəldi, qolundan yaralanmışdı. Əli ilə qanlı hissəni tutub. Mən də çox ac idim. Tibb bacısına dedim, "deyəsən, bu günlük sonuncu yaralıdır. Masada bir peçenye var, verin, onu yeyim". Baxdım ki, əsgər bir əli ilə üstündə nəsə axtarır. Mən də qolundakı yaranı işləyirdim. Gördüm ki, cibindən əsgər payını çıxarıb mənə verdi ki, "həkim, acsınız, yeyin bunu". O qanlı barmaq izləri ilə verdiyi əsgər payını hələ də evimdə saxlayıram. Həmin an düşündüm ki, bu insanlara görə məğlub olmaq olmaz. Bəlkə də o əsgər günlərdir acdır".
© Photo : courtesy of Behruz RustamovKamran Məmmədov və Bəhruz Rüstəmov
Kamran Məmmədov və Bəhruz Rüstəmov - Sputnik Azərbaycan, 1920, 07.11.2021
Kamran Məmmədov və Bəhruz Rüstəmov
Rüstəmov qürur hissi ilə söyləyir ki, müharibə vaxtı arzuladığı Azərbaycanı o vaxt görüb. Kimlərsə hansısa Avropa ölkəsini "xoşbəxtlər ölkəsi" adlandırır, amma müharibə dönəmində Azərbaycan elə əsl xoşbəxtlər ölkəsi idi:
"İlk günlər üz-çənə cərrahı təkcə mən idim. Sentyabrın 28-i idi, məni əməliyyat blokuna çağırdılar. Çox ağır yaralı vardı. Bu vaxta qədər snayper gülləsinin alt çənədən girib üst çənədən çıxdığını görməmişdim. Yaralının saturasiyası düşür, təzyiqi düşür, qan dövranı dayanır.
İlk 30 saniyədə özümü itirdim, baxdım ki, tibb bacısı da ağlayır. Özümüzü toparlamağa çalışdıq. Qanaxmanı dayandırdıq, dil kökünü tikdik. Bir gözüm də monitorda idi. Baxdım ki, təzyiq və saturasiya düzəlir. Gördüm ki, xəstə artıq həyati təhlükəni adladıb, reanimasiyaya köçürdük. Həmin an sevincimdən qışqırmaq istədim, amma həkim eqosuna görə özümü toparladım. Sonradan bildim ki, adamın iki övladı var imiş".
Danışdıqca qəhər onu boğur. Özünü toparlayıb söhbətinə davam edir: "Biz xəstəni çox saxlaya bilmirdik, Bakıya təxliyə elədik. Reanimatoloqa tapşırmışdım ki, üst çənə cərrahına vəziyyəti desin. Gecə saat 4 idi, üst çənə cərrahı mənə zəng elədi ki, "doktor, çox sağ olun, yaralının vəziyyəti yaxşıdır". Həmin an ağladım, bütün hisslərim qarışmışdı, bilmirdim, nəyə ağlayıram. Həmin insana kömək etməsəydik, indi morqda idi. Düşündüm ki, "əstağfurullah, mən Allah deyiləm, amma mən həmin vaxt orada olmasaydım, iki uşaq atasız qalacaqdı". Mən müharibəyə getməsəydim, ürəyimdə bir nisgil qalacaqdı ki, qələbədə mənim payım yoxdur. İndi isə vicdanım rahatdır".
Müharibəni görən insanların ortaq cəhətlərindən biri də odur ki, müharibədən sonra onların həyata baxışları dəyişir. Elə Bəhruz həkim kimi: "İndi daha kövrək olmuşam, eyni zamanda aqressiv olmuşam. Hər gün yaralı, şəhid gəlirdi. Valideynlər gəlib deyirdilər ki, "biz sənin gəlməyin üçün qurban demişdik, amma sən özün qurban oldun. Vətən sağ olsun". Bu sözlər mənə çatmırdı. Müharibədən sonra ilk 3 ay mən psixoloji depressiya yaşadım. İşdən evə gəlirdim, axşam 10-dan səhər 6-ya qədər ağlayırdım. Tanıdığım insanlar şəhid oldular, bunlara dözə bilmirdim".
© Photo : courtesy of Behruz RustamovKamran Məmmədov və Bəhruz Rüstəmov
Kamran Məmmədov və Bəhruz Rüstəmov - Sputnik Azərbaycan, 1920, 07.11.2021
Kamran Məmmədov və Bəhruz Rüstəmov
Bir çox həkimlərimiz kimi, Bəhruz həkim də müharibədən sonra Şuşada, Qubadlıda, Hadrutda yerləşən könüllü stomatoloji mərkəzlərə gedir. Hər o yolu gedəndə o hissləri yenidən yaşadığını deyir: "Standart turist səfəri edənlərə o hisslər çatmır. Hər addımda bir şəhidin qanının izi var. O vaxt torpaqlarımız azad olanda Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı deyib zarafat edirdilər. Amma hər Əbdürrəhmanlının azad olunmasında neçə-neçə şəhidimizin qanı var".
Müsahibimiz deyir ki, müharibəyə getdiyindən ailəsinin xəbəri yox imiş. "Bakıda yaralılara kömək edirəm" deyərək ailə üzvlərinə yalan danışan həkim ölümlə üz-üzə gəldiyi anlardan danışır: "Bir qohumumuz xəstəxanaya gəlib məni orada görmüş, ailəmə demişdi. Mən gedəndə qızım iki aylıq idi. Çox qorxurdular. Bir dəfə üzdən əməliyyat edirdim. Minaatan mərmisi atıldı, işıqlar söndü. Qaça da bilmirsən, yaralını qoyub hara gedəsən? Başladım yaralı ilə söhbət etməyə ki, fikrim dağılsın. Dedim, nə olar-olar, qismətimizdə yaşamaq varsa, yaşayacağıq".
Qəhrəmanımız deyir ki, onun əlinin altında olan yaralılardan heç kəs şəhid olmayıb. Müharibədən sonra çox yata bilməsə də, buna görə müalicə almaq istəmir: "Qorxuram ki, yaddaşımdan silinər. Bir kitab yazmaq istəyirəm. Gördüklərimi yazsam, tarixi bir film alınar. Bir dəfə 96 saat yatmamışdım. Bizdə xəstələrin qəbul hissəsi var idi. Orada xərəklər var idi. Nə qədər yatmamağa çalışsam da gördüm ki, artıq dözə bilmirəm.
© Photo : courtesy of Behruz RustamovKamran Məmmədov və Bəhruz Rüstəmov
Kamran Məmmədov və Bəhruz Rüstəmov - Sputnik Azərbaycan, 1920, 07.11.2021
Kamran Məmmədov və Bəhruz Rüstəmov
40 dəqiqə yatdım. Birdən dedilər ki, "yaralıları gətirdilər". Tez qalxdım, orada şüşələr var idi. Baxdım ki, üzüm qandır. Qorxdum ki, bu nə qandır? Sən demə əsgərimizin qanı imiş. Başım çox pis ağrıyırdı. Tibb bacısından dərman istədim. O da mənim təzyiqimi yoxladı. Tibb bacısı mənə dedi ki, "həkim, bu limonu yeyin, bir az özünüzə gəlin". Yarım saatdan sonra gəlib yenə təzyiqimi ölçdü. Dedi, "Şükür Allaha". Dedim, "nə olub?" Sən demə, təzyiqim 120/200 imiş. Məndə isə normal təzyiq 100/80 olub. Tibb bacısı mənə deməyib ki, qorxaram. Ağrıkəsicilər vurdururdum ki, başımın ağrısına görə sızıldamayım".
"Atam heç vaxt "səninlə qürur duyuram" deməyib. Amma müharibə vaxtı videolar atırdım, atam onları paylaşırdı. Dili ilə deməsə də hiss edirdim ki, mənimlə fəxr edir. Bir dəfə atama evimizin videosunu atdım. Füzuli ləhcəsində dedim ki, "ata, biz artıq əvimizdəyik. Qaçqın dəyilik".
Həkim Kamran Məmmədov da müharibə vaxtı gecə-gündüz mücadilə aparanlardandır. Danışmaqla arası olmayan həkim bir neçə xatirəsini bizimlə bölüşdü: "Çox xəstələr gəldi keçdi. Hamısı ilə əlaqə saxlamasaq da, bəziləri ilə əlaqəm var. Bir dəfə gecə saat 4-də bir yaralı gəldi. Sağ qalacağına gümanım yox idi. Amma xilas etdik, sağdır indi. Demək olar ki, yatmırdıq. Füzuli Diaqnostika Mərkəzində olan foyedə otururduq, yatmırdıq. İndi təəccüblü gəlir ki, biz o vaxt yuxusuz necə əməliyyatlar keçirirdik? Yuxumuz da ərşə çəkilmişdi. Hər tərəfdən atırdılar".
© Photo : Courtesy of Kamran MamedovHəkim Kamran Məmmədov
Kamran Məmmədov - Sputnik Azərbaycan, 1920, 03.11.2021
Həkim Kamran Məmmədov
"Bir dəfə minaatan mərmisi yanımıza düşmüşdü. O an biz ölümü düşünmürdük. Əsas məqsəd yaralı əsgərlərimizə yardım göstərmək idi. Ailəm ilk günlər müharibə bölgəsində olduğumu bilmirdi. Sonralar bildilər. Elə bilirdilər Bakıdayam. Biləndən sonra anam həyəcanlandı, amma o da anladı ki, mən orada olmalıyam", - deyə həmsöhbətimiz fikrini tamamladı.
Xəbər lenti
0