Rus əsilli qazimiz: Müharibə laqeyd Denisi dolğun insana çevirdi
© Photo : courtesy of Denis GuzlaevVətən mühraibəsi iştirakçısı Denis Quzlayev
© Photo : courtesy of Denis Guzlaev
Abunə olmaq
44 günlük müharibədə qazandığımız zəfər şəhidlərimizin, qazilərimizin və Azərbaycan xalqının həmrəliyi hesabına qazanıldı. Həmin qələbədə millətindən aslı olmayaq bütün Azərbaycan vətəndaşları bir oldu.
BAKI, 30 oktyabr — Sputnik. Müharibənin hər dəqiqəsi, hər saatı qan-qada, ölüm – itimdir. Danılmaz həqiqətdir ki, müharibədə qələbə döyüş meydanında tökülən qanlar hesabına qazanılır. 44 günlük müharibədə qazandığımız zəfər şəhidlərimizin, qazilərimizin və Azərbaycan xalqının həmrəliyi hesabına qazanıldı. Həmin qələbədə millətindən aslı olmayaq bütün Azərbaycan vətəndaşları bir oldu.
Bu şanlı qələbəmizdə payı olanlardan biri də Denis Quzlayevdir. Əslən rus millətindən olan Denis müharibənin ən qızğın dövründə ağır yaralanıb. Qəhrəmanımız müharibə xatirlərini Sputnik Azərbaycanla bölüşüb:
"27 sentyabrda mənə zəng elədilər ki, sənə "povestka" gəlib. Axşam ailəmə dedim ki, məni müharibəyə çağırıblar, gedirəm. Evdəkilər narazılıq elədilər, "evin tək uşağısan, hara gedirsən?" dedilər. Dedim hər nə olur olsun, mən gedəcəyəm. Ayın 29-u cəbhəyə yola düşdük. 4 gün təlim keçdik. Tabor komandirinə, bölük komandirinə deyirdik ki, "bizi nə vaxt qabağa göndərirsiniz?" Onlar da cavabında soruşurdular: "Siz o qədər tarix yazmaq istəyirsiniz?" Hamımız da bir ağızdan cavab verirdik ki, "hə, göndərin gedək". 8 gündən sonra biz getdik Cəbrayıla – ön cəbhəyə. Müəyyən yerə qədər maşınla, müəyyən yerə qədər piyada getdik".
Denis oktyabrın 18-i Hadruta yaxınlaşanda çox ağır yaralanır. Başqa bölükdən olan şəhidi aşağı düşürəndə yaxınlığına minomyot düşməsi nəticəsində belindən yaralanır. Buna baxmayaraq, öz yoldaşları ilə birlikdə yola davam edir:
"Belimdən qan axırdı, uşaqlara dedim "nə olub?". Uşaqlar da dedilər, "heç nə, daş dəyib". Uşaqlar getdilər kömək çağırmağa. Mənim yanımda bir döyüş yoldaşım qaldı. Bir az gözlədik, dedim "gəl gedək, bir az kömək edək". Başımızın üstündən güllə yağışı tökülürdü. Gördüm ki, yeriyə bilmirəm, bir ağaca söykəndim. Oturduğum yerə başqa bir minomyot düşdü. Onun qəlpəsi gəldi düşdü üzümə. Biraz özümə gələndən sonra gördüm ki, üzümdən qan axır. Gözümü açdım, amma heç nə görmürdüm. Uzandım bronjiletin üstünə, dedim ki, "bura qədərdir, gedirəm artıq". Uşaqlar gəldi, məni götürdülər. Üzümə sarğı vurdular. Qanaxmanın təsirindən yeriyə bilmirdim. Həmin gecəni orada – meşədə qaldıq. Atışma getdiyindən maşın da gələ bilmirdi, biz də aşağı düşə bilmirdik".
Oktyabrın 19-u döyüş yoldaşları Denisi aşağı düşürüb, xəstəxanaya yerləşdiriblər. Qan itirdiyindən huşu özündə olmayan qazimiz əməliyyat olunur. Əməliyyatdan sonra 10 gün komada qalan Quzlayevi Bakıya - Tədris Cərrahiyə Klinikasına köçürürlər. Üzündən xeyli sayda qəlpə çıxarılan qəhrəmanımız deyir ki, bir gözü görmür və bir qulağı eşitmir.
Denisin sözlərinə görə, o qədər ağrılar görüb ki, artıq ağrılara öyrəşib:
"Həddindən artıq ağrılarım çox idi. Mart ayında növbəti əməliyyata girdim. Qabırğamdan burnuma sümük köçürdülər. Çənəmə də sümük köçürdülər. Sümük köçürəndən sonra damağım bağlanmadı. Hazırda növbəti əməliyyatlarımı gözləyirəm. Burnumdan əməliyyat olunmalıdır ki, nəfəs ala bilim. Üst çənəmin rekonstruksiyası olmalıdır ki, diş qoya bilsinlər. Üst çənəm yoxdur. İndi ağrılara o qədər öyrəşmişəm ki, ağrıkəsici dərmanlar atmıram".
© Photo : courtesy of Denis GuzlaevDenis Quzlayev 10 gün komada yatıb
Denis Quzlayev 10 gün komada yatıb
© Photo : courtesy of Denis Guzlaev
Müharibə Denisi çox dəyişib. Özü deyir ki, hətta 100% dəyişib. Əvvəllər Araz aşığından, Kür topuğundan olan gənc indi hər şeyə həssaslıqla yanaşır:
"Əvvəl hər şeyə laqeyd yanaşırdım. Heç nə vecimə deyildi. Doğrudur, mənfilərim daha çoxdur. Çox əsəbi olmuşam. Cuzi bir şeyə çox sərt reaksiya verirəm. Amma müsbətlər də qazandım. Artıq hər şeyə ciddi yanaşıram. Artıq bir işə başlayanda onu yarımçıq buraxmıram. Müharibə laqeyd Denisi dolğun insana çevirdi".
Müharibədən sonra Denisin yuxuları ərşə çəkilib. Deyir elə olur ki, 2 saat yatır, bütün gecəni oyaq qalır.
Həmsöhbətimiz öz döyüş yoldaşlarını belə xatırlayır: "Döyüş yoldaşları bir başqa olur. Onlar həyatdakı dostlar kimi olmur. Müharibədən öncə də mənim dostlarım var idi, amma müharibə dostları tam başqa olur. Biz tez-tez görüşürük, şəhid olan döyüş yoldaşlarımızın məzarını ziyarət edirik. Ailələri ilə görüşürük".
İstər Birinci Qarabağ müharibəsi, istərsə də Vətən müharibəsində azərbaycanlılarla yanaşı burada yaşayan digər millətlər də bu torpaq üçün vuruşdular. Denis bildirir ki, rus millətindən olsa da, Bakıda doğulub və özünü azərbaycanlı hesab edir:
"Milli qəhrəmanlarımız Albert Aqarunov, Yuri Kovalyov da azərbaycanlı deyildilər. Amma bu torpaq üçün canlarını fəda elədilər. Mənim atam, anam da burada doğulub. Rus olsaq da, bura bizim vətənimizdir və bu torpaq üçün vuruşmağa yenə də hazıram".
© Photo : courtesy of Denis GuzlaevDenis Quzlayevin medalı
Denis Quzlayevin medalı
© Photo : courtesy of Denis Guzlaev
Denis onu ölümün pəncəsindən alan həkimləri də utunmur: "Bir gün mənə zəng gəldi. Bəhruz həkim idi. Dedi ki, mən səni ilk əməliyyat edən həkiməm. Dedi ki, gözlə sənə foto atıram. Həmin an siqaret çəkirdim. Şəkili gördüm, siqaretin tüstüsü boğazımda qaldı. İlahi, o mənəm? Ondan sonra öyrəndim ki, üzərimdə ilk əməliyyatları Bəhruz və Kamran həkim aparıblar. Onlarla dostluğumuz başladı".
Bu gün Denisin həyatda olmasında həkim stomatoloq Bəhruz Rüstəmov və Kamran Məmmədovun çox böyük rolu var. Bəhruz həkim deyir ki, 100-lərlə yaralını xilas edib. Amma onların içində ən unudulmazı Denis olub:
"Bir gün bir yaralı gəldi. Üz-göz tanınmaz halda idi. Həmin gün Kamran həkimlə girdik əməliyyata. Denisin adını bilmirdik, amma xoşbəxtlikdən fotolarını çəkmişdik. Müharibə bitəndən sonra bizə də maraqlı idi ki, görəsən o yaralı yaşadımı? Müharibə bitdikdən sonra eşitdik ki, kosmetoloq-həkim Günay Əliyeva qaziləri təmənnasız müalicə edir. Günay xanım Denisi də müalicə edib. Bir gün mənə Denisin fotolarını atdı. Soruşdu ki, "bu, sizin pasiyentdir?" Denisi gördüm, sanki bütün dünyanı mənə verdilər. Kamran həkimə zəng elədim ki, xəbərin var, kimin şəklini tapmışam? Düzdür, bizdən sonra konstruktiv əməliyyat olunmuşdu. Amma ilkin əməliyyatı biz etməsəydik, davamı olmaya bilərdi. Sonradan Denislə tanış olduq, dostlaşdıq – müharibə dostu olduq".
© Photo : courtesy of Denis GuzlaevVətən mühraibəsi iştirakçısı Denis Quzlayev
Vətən mühraibəsi iştirakçısı Denis Quzlayev
© Photo : courtesy of Denis Guzlaev
Həkim-stomatoloq Kamran Məmmədov deyir ki, Denisin sağ qaldığını eşidəndə çox sevinib. Həkim o günləri belə xatırlayır: "Müharibə başlayanda internet problemi var idi. Heç nədən xəbərimiz yox idi. Hər kəs çalışırdı ki, əlindən gələni əsirgəməsin. Oktyabrın 8-i Füzuli Diaqnostika mərkəzinə yollandım. Müharibənin ortaları idi. Ağır bir yaralı gəldi. Özündə deyildi, dərhal əməliyyata götürdük. Əməliyatdan sonra gecə onu təxliyə elədik Bakıya. Onun vəziyyətinə görə çox narahat idim. Onun üçün Bakıdakı bütün xəstəxanalara zəng elədim. Bir gün Bəhruz həkim zəng elədi ki, o qazını tapmışam. Onun sağ qaldığını eşidəndə sevincimin həddi-hüdudu yox idi".