CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lənkəranlı ustanın hazırladığı saat zamanı geri göstərir

© Sputnik / Rahim MuradovSaatsaz Şahin Baxşıyev
Saatsaz Şahin Baxşıyev  - Sputnik Azərbaycan, 1920, 24.10.2021
Abunə olmaq
"Sonra televizorda gördüm bəzi ustalar nəsə düzəldib özlərini reklam edirlər, mən də Lənkəranda da belə bir saatın olmasını istədim, beləcə geriyə işləyən saat yaratdım".
BAKI, 24 oktyabr— Sputnik. Lənkəranda uzun illər saat ustası işləyən 52 yaşlı Şahin Baxşıyev vaxtı tərsinə göstərən saat düzəldib. Usta Şahin Sputnik Azərbaycan-a müsahibəsində hazırladığı qeyri-adi saat barədə danışıb.
- Usta Şahin, neçə ildir sənətdəsiniz?
- Ötən əsrin 80-ci illərin əvvəllərindən əsgər gedənə kimi rəhmətlik atamın yanında şagird qalmışam. Əsgərliyi bitirib gələndən sonra isə sənətə davam etmişəm. Bu da 90-cı illərdən bu günə kimi, yəni 35 ildən yuxarıdır ki, saat ustası işləyirəm. Rəhmətlik atamın yanında şagird olduğum vaxtlarda bəzi işləri sərbəst görərdim, amma əsgərlikdən sonra isə bütün işləri tam sərbəst görməyə başladım.
- Sizdə geriyə işləyən saat yaratmaq ideyası necə yarandı?
- Mən sovet hökuməti dövründə işlədiyim illərdə batareya ilə işləyən kvars saatlar var idi. Onlardan birində geriyə işləmək funksiyasını yarada bildim. İlk dəfə həmin saatı elə düzəltdim. Həmin vaxt heç kimə belə saatın lazım olmayacağını düşündüm və bir daha geriyə işləyən saat düzəltmədim. Sonra televizorda gördüm ki, bəzi ustalar nəsə düzəldib özlərini reklam edirlər, mən də Lənkəranda da belə bir saatın olmasını istədim, beləcə geriyə işləyən saat yaratdım.
- Vaxtı tərsinə göstərən bu saatla ənənəvi saatların mexaniki blokunda və ya hər hansı bir hissəsində fərq varmı?
- Bu saatın hissələri adi qaydada işləyən saatların hissələri kimidir. Heç bir fərq yoxdur və heç bir əlavə də eləməmişəm. Sadəcə saatın blokunun içərisində elektromaqnit simli sarma hissəsinin işləmə funksiyasını dəyişmək üçün onu tərsinə çevirib qoymuşam. Bu dəyişiklik də saatı geriyə işlədir, vəssalam!
- Bu qeyri-adi saatı hazırlamaq üçün nə qədər vaxt sərf etdiniz?
- Heç bir şey, sadəcə 5-10 dəqiqə vaxtım getdi. İstəyirsiniz, bu dəqiqə elə sizin gözünüzün önündə də əlimdə olan divar saatının blokuna dəyişiklik edim və saat geriyə işləsin. Mən bununla fəxr etmirəm. Ümumiyyətlə, mən özümü reklam etdirməyi və ya özümü tərifləməyi sevmirəm. Həmişə müştərimin işimi tərifləməsini sevmişəm. Yəni orada-burada gedib ağızdolusu özümü tərifləyim? Heç vaxt etmərəm! Mən bacarığımı sənətimlə ortaya qoyuram. Müştərinin saatını təmir edəndən sonra "Çox sağ ol!" deməsi mənim üçün böyük qazancdır.
- Sizin iş yerində bu saatdan başqa da geriyə işləyən saat var? Ümumiyyətlə, bu saatı görüb sizdən eyni formada işləyən saat düzəltməyinizi istəyən olub?
- Hazırda dükanda bu saatdan bir dənədir. Bir neçəsini dost-tanışlar istəyiblər, mən də onlar üçün hazırlayıb vermişəm. Yanıma saat təmir elətdirməyə gələn müştərilərdən də bunu görüb eynisini onlar üçün də hazırlamağımı istəyiblər. Yəni müştəri öz saatını gətirib mənə verib ki, mən onu geriyə işləyən saat edim. Qiymət də ki, mən özüm ona saat satmadığım üçün sadəcə zəhmət haqqımı almışam.
- Usta Şahin, saatın üzü, rəqəmləri də tərsinədir. Yəni rəqəmlər soldan-sağa deyil, sağdan-sola düzülüb. Saatın rəqəmli üzünü haradan əldə etmisiniz?
- Ona siferblat deyirlər. Saatın üzünü kompüterdə hazırlamışam və atelyedə çap etdirmişəm.
- Gələcəkdə tərsinə işləyən saatlardan daha çox yaradıb satmaq fikriniz varmı?
- Tələbat olsa, yığıb, hazırlayıb sataram, hazırda isə tələbat yoxdur. Çünki açığını desəm, bu saatı özüm hazırlasam da, gözüm adi işləyən saatlara öyrəşib. Qəfildən tərsinə işləyən saata baxanda özüm də bəzən çaşıram. Yəni ki, standart saatlara baxan kimi vaxtı demək olur, amma bu saatda isə bir anlıq baxıb hesablayırsan.
- Bəs geriyə işləyən qol saatı düzəltmək mümkündürmü?
- Belə fikrim var. Yenə deyirəm, tələbat olsa, istəyən olsa, yığaram. Amma tərsinə işləyən qol saatını daha batareya ilə işləyən kvars saatından deyil, mexaniki saatdan hazırlamaq istəyirəm. Çünki mexaniki saatı geriyə işlətmək üçün əlavə işlər lazımdır. Əlavə çarxlar artırılmalıdır, işləmə funksiyası dəyişdirilməlidir və ilaxır və sairə. Mexaniki geriyə işləyən saatı hazırlamaq üçün nə qədər vaxt lazım olduğunu indidən deyə bilmərəm. Belə deyim də, bu cür saatı düzəltmək üçün yaxşı maddi təklif olarsa, mən də oturub buna vaxtımı sərf edərəm. Kimsə gəlib mənə desə, filan qədər pul verirəm, mənim üçün tərsinə işləyən mexaniki saat düzəlt, mən də hazırlayaram.
- Gələcəkdə başqa formada və ya hər hansı bir yenilik edib saat hazırlamaq fikriniz varmı?
- Əlbəttə var. İstəyirəm, günəş enerjisi ilə işləyən saat hazırlayım. Yəni, saat ənənəvi batareya ilə deyil, artıq günəş panelindən enerji yığan akkumlyator batareyası ilə işləsin. Müştərilər tez-tez batareya dəyişmək məcburiyyətindən qurtulsunlar.
Eləcə də oxuyun:
* Saatsaz Hacı: "Düzəltdiyim ən bahalı saatın 200 min dollar qiyməti olub"
* Bakının qəsəbəsində bir xəzinə varmış, həm də hər kəsin faydalana biləcəyi...
Xəbər lenti
0