CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının qəsəbəsində bir xəzinə varmış, həm də hər kəsin faydalana biləcəyi...

© Sputnik / Irade JELILMaştağa sakini Ramiz Əliyevin saat kolleksiyası
Maştağa sakini Ramiz Əliyevin saat kolleksiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Bircə dəfə bu otağa girəndən sonra saat səsi ən sevdiyiniz melodiyaya çevrilə bilər

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 6 fevral — Sputnik. "Saat zamandır" — deyirlər. Bəzən saatı insan ömrünə də bənzədirlər. Onu da deyirlər ki, saatın dayanması yaxşıya yozulmur. Ancaq saat kolleksiyaçısı Ramiz Əliyev bu deyimlə razılaşmır. Deyir ki, onun kolleksiyasında minlərlə saat var. Və bəzən bütün saatları qurmağa zamanı olmur, saatlar dayanır. Bunun isə heç bir mənfi cəhəti yoxdur.

Ramiz Əliyevin 63 yaşı var. İxtisasca energetikdir, Bakının Maştağa qəsəbəsində yaşayır. Elə kolleksiyasının olduğu məkan da o kənddədir. Sputnik Azərbaycan-ın əməkdaşı kolleksiyaçı ilə onun möhtəşəm kolleksiyasının yerləşdiyi məkanda həmsöhbət olub.

© Sputnik / Irade JELILSaat kolleksiyaçısı Ramiz Əliyev
Saat kolleksiyaçısı Ramiz Əliyev - Sputnik Azərbaycan
Saat kolleksiyaçısı Ramiz Əliyev

Otağa daxil olanda sanki xatirələr aləminə düşürsən. Hər saat bir xatirə, bir aləmdir. Saatların səsinin sehrinə düşəndə ətrafı unudursan. Saatlara baxdıqca gözünün önündə müxtəlif mənzərələr canlanır. Saraylar, gəmilər, ölkələr, insanlar…

© Sputnik / Irade JELILMaştağa sakini Ramiz Əliyevin saat kolleksiyası
Maştağa sakini Ramiz Əliyevin saat kolleksiyası - Sputnik Azərbaycan
Maştağa sakini Ramiz Əliyevin saat kolleksiyası

R.Əliyevin dediyinə görə, saatları yerləşdirdiyi otaq dostu Mirseyfəl Məlikovun dəstəyi ilə tikilib. Dostunun sözlərinə görə, Ramiz Əliyev gənc yaşlarından bu sahəyə meylli olub. Hələ pultlu televizorların olmadığı vaxtda, o, televizoru uzaqdan idarə etmək üçün distansiyon idarəedici yaradıbmış.

"Ramizin birinci övladı dünyaya gələndə uşağın beşiyinə xüsusi mexanizm quraşdırmışdı. Uşaq ağlayanda beşik özü tərpənirdi. Bəlkə də bu indi sizə adi görünə bilər. Amma 30 il əvvəl belə bir şeyin olması bizə möcüzə kimi gəlirdi" — M.Məlikov danışır.

R.Əliyev energetik olsa da, atasının ölümündən sonra onun xatirəsini yaşatmaq üçün belə bir kolleksiyasını yığmağa qərar verib. Atasından çox az saat qalsa da, Əliyev 25 il ərzində minə yaxın saat toplayıb: "Bunların arasında elə saatlar olub ki, ələ gələsi olmayıb. Mən özüm energetik olduğum üçün saat mexanizmini də gözəl bilirəm. Bu saatların çoxu işlək vəziyyətdə olmayıb. Mən onları alıb, üzərində işləyib işlək vəziyyətə salmışam".

© Sputnik / Irade JELILMaştağa sakini Ramiz Əliyevin saat kolleksiyası
Maştağa sakini Ramiz Əliyevin saat kolleksiyası - Sputnik Azərbaycan
Maştağa sakini Ramiz Əliyevin saat kolleksiyası

"Bu kolleksiyada olan saatların əksəriyyəti ikinci ömrünü yaşayır. Onlar tullantı saatlar olub. Xüsusi olaraq xaricdən gətirdiyim saatlar yoxdur. Dost-tanışın məsləhəti ilə aldığım saatlar da çoxdur. Ancaq hansısa saatın arxasınca xaricə getməmişəm. Düzünü desəm, saatların sayını da bilmirəm. Amma məncə, mindən çoxdur", — deyir həmsöhbətimiz.

Dostu Mirseyfəl yenidən söhbətə qoşulur: "Yadıma gəlir, Ramiz dedi ki, "saat mexanizmi var, onu almalıyam". Gedib aldıq. Soruşdum neçəyə almısan? Dedi, 500 manata. İnana bilmirdim, 500 manatı pas tutmuş bir ovuc mexanizmə — metala vermişdi".

© Sputnik / Irade JELILMaştağa sakini Ramiz Əliyevin saat kolleksiyası
Maştağa sakini Ramiz Əliyevin saat kolleksiyası - Sputnik Azərbaycan
Maştağa sakini Ramiz Əliyevin saat kolleksiyası

Əliyev deyir ki, saatların əksəriyyəti qədim saatlar olsa da, bu günə kimi ona saat almaq üçün kimsə müraciət etməyib. Olsa belə, kolleksiyaçı saatlarının heç birini satmağı düşünmür: "Satmaram, amma kimsə hədiyyə istəsə, xahişini geri çevirmərəm".

Kolleksiyaçının sözlərinə görə, saatların çoxunu alıb, yenidən təmir edərək normal vəziyyətə gətirib: "Əlbəttə, mənə kim pulsuz verər ki? Pulla almışam. Amma indiki dəyərində deyil, ucuz almışam. Burada elə saat var ki, kifayət qədər qiymətlidir. Ancaq mən ona yarısının yarısı qədər pul verib almışdım".

Kolleksiyada mexanizmi taxtadan olan, 1800-cü ilə aid olan saatlar da var. Əksər saatların yaşı 100-ü keçib. Aralarında 150-200 yaşlı saatlar da var. Kolleksiyada mexanizmlə, batareya ilə çalışan, hətta qum saatları da var.

© Sputnik / Irade JELILMaştağa sakini Ramiz Əliyevin saat kolleksiyası
Maştağa sakini Ramiz Əliyevin saat kolleksiyası - Sputnik Azərbaycan
Maştağa sakini Ramiz Əliyevin saat kolleksiyası

R.Əliyevin sözlərinə görə, çəkiliş üçün müraciət edənlər çox olsa da, vaxtı az olduğu üçün çoxuna müsbət cavab verə bilmir: "Amma təqaüdə çıxandan sonra vaxtım çox olacaq. O zaman çəkilişlər də çox olacaq".

Kolleksiyası haqqında ətraflı məlumat verən müsahibimiz deyir ki, saatları arasında, zəngində Azərbaycanın "Gül bağçalar" adlanan musiqisinin olduğu saat da var.

Əliyevlər ailəsi sənətkar ailəsidir. Atası saatsaz, əmisi isə dülgər olub. R.Əliyev özü də qəribə saatlar düzəldir: "Elə bir saat düzəltmişəm ki, ayı, günü, həftəni, ili göstərir və 15 dəqiqədən bir xəbərdarlıq zəngi çalır. İstəyirəm ki, məndən sonra böyüyən gənclər görsünlər ki, necə ustalar, sənətkarlar olub. Hamıya xoş olur, bu otağa gəlmək. Deyirlər ki, saatların səsi əsəbləri sakitləşdirir. Mən də sakitliyimi burda tapıram. Hazırda burada 15 faiz saatlar işləyir, amma səsləri insanın ruhunu dincəldir".

Saatsaz onu da vurğulayır ki, kolleksiyasında İranın, İsveçin, Rusiyanın və digər ölkələrin də saatları var. R.Əliyev saatlarını, ümumiyyətlə kolleksiyasının olduğu məkanı çox sevir. Deyir ki, bu kolleksiyanın muzeyə çevrilməsinin vaxtı çatıb: "Çoxuna deyəndə ki, Maştağada belə bir məkan var, inanmır. Elə bilirlər ki, cəmi 5-6 saat olacaq. Amma kim bura gəlirsə, təəccübünü gizlədə bilmir. Kolleksiyam hamının üzünə açıqdır. Sadəcə olaraq mənə zəng vurub, tarixi dəqiqləşdirmək lazımdır. Kim istəsə, gəlib baxa bilər".

Sağollaşıb ayrılırıq. Qulağımızda saatların səsləri əks səda verir. Bəlkə saat səsi kiminsə xoşuna gəlməyə bilər. Amma bircə dəfə bu otağa girəndən sonra saat səsi ən sevdiyiniz melodiyaya çevrilə bilər.

Xəbər lenti
0