CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Saatsaz Hacı: "Düzəltdiyim ən bahalı saatın 200 min dollar qiyməti olub"

© Sputnik / Kamal AlmuradlıSaatsaz Hacı Fətəliyev
Saatsaz Hacı Fətəliyev - Sputnik Azərbaycan
Abunə olmaq
"Qadın dedi ki, özünü elə-belə adam bilmə. Səni Fransada da tanıyırlar"

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 07 iyul — Sputnik. Müsahibə almaq istəyimizi məmnuniyyətlə qəbul etdi. Yolda işlədiyi yeri geniş, gözəl, bütün şəraitlə təmin olunmuş kimi təsəvvür edirdim. Amma deyilən ünvana çatanda fikirləşdiyimin tam əksi olaraq binanın girişində, pilləkənlərin altında dar-dütdək bir yer olduğunu gördüm. Yanında bir türk vətəndaşı var idi. Adətən, ustalar səssiz olur, başlarını aşağı salıb işlərini görürlər. Saatsaz Hacı Fətəliyev isə tam əksinə, deyib-gülür, zarafatlaşaraq saatı təmir edirdi. Müştərini yola saldıqdan sonra iş eynəyini çıxarıb "söhbətə hazıram" işarəsini verdi.

- Saatsaz peşəsi spesifik sahədir. Hər adam burada işləməyə maraq göstərmir. Sizdə bu həvəs necə yarandı?

Saat, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Oğurlanan milyonluq saat kimindir? – Açıqlama gəldi

- Uşaq idim. Dənizin qırağında bir saat tapdım. Gəldim evə, açıb baxdım ki, əla vəziyyətdədir. Başladım onu qurdalamağa. Evimizin yanında erməni ustalarının emalatxanası var idi. Oraya nə qədər getdim öyrənməyə, məni qoymadılar. Uşaq olduğuma görə başlarından edirdilər. Bir az böyüdükdən sonra evdəkilər təkid etdilər ki, bərbər olum. Amma mənim heç həvəsim yox idi. O vaxt rəhmətlik dayım məni apardı Məişət Xidməti İdarəsinə. Oranın rəhbəri Katulov məni görən kimi dedi ki, bundan bərbər olmaz. Səbəb də boyumun balaca olması idi. Soruşdu ki, nəyə həvəsin var? Mən də saatsaz olmağı arzuladığımı bildirdim. O dəqiqə sənədimin üstünü yazdı və məni göndərdi yəhudi ustanın yanına. Usta təzə vaxtlarda məni sınağa çəkmək üçün çətin işlər tapşırırdı. Elə ilk gündən bu işlərin öhdəsindən layiqincə gəlirdim. Beləcə, bu sənətə yiyələndim. O vaxtdan bu günə - 49 ildir ki, saatsazam.

- İlk iş yeriniz hara olub?

- Bir müddət Sumqayıtda işlədim. Daha sonra Bakıya üz tutdum.

© Sputnik / Kamal AlmuradlıSaatsaz Hacı Fətəliyev
Saatsaz Hacı: Düzəltdiyim ən bahalı saatın 200 min dollar qiyməti olub - Sputnik Azərbaycan
Saatsaz Hacı Fətəliyev

- Səbəb nə idi?

- Fikirləşdim ki, Bakıda daha çox gəlir əldə edə bilərəm. O vaxta qədər "Tarqovı"nın adını eşitmişdim. Buraya çatanda gördüm ki, insan seli var. Əvvəllər burada indikindən 5 dəfə çox insan olardı. Siftə vaxt bir mağazanın tərkibində, daha sonra, 1999-cu ildən, bax bu balaca yerdə işləyirəm.

- İlk düzəltdiyiniz saat hansı olub?

- O vaxtlar dəbdə "Zvezda", "Pobeda", "Luç", "Vostok" markalı saatlar idi. Dəqiq xatırlamıram, onlardan biri idi.

- İndiki saatlarla əvvəlkilər arasında fərq varmı?

- Çox fərq var. Əvvəllər göldə üzürdüm, indi isə okeanda. Bu sənət çox dərindir. Sənətin pisi olmur, sənətkarın pisi olur. Əgər əsl sənətkarsansa, yaxşı qazanc əldə edəcəksən. İndi elə qəliz saatlar gəlir ki, uzun zaman lazım olur düzəltməyə. Amma şükürlər olsun ki, hamısını düzəldə bilirəm. Dünyada elə bir saat yoxdur ki, onu sazlaya bilməyim. Məlumat üçün deyim ki, 2015-ci ilin may ayının 15-dən bir ay müddətində İtaliyanın Milan şəhərində keçirilən festivalda dünyanın 120 ölkəsinin saatsazları arasında mən də var idim. Heydər Əliyev Fondu mənim namizədliyimi vermişdi. O qədər saatsazın içində ikinci oldum.

ATV-nin idman aparıcısı, redaktor İlkin Xəlilov - Sputnik Azərbaycan
İDMAN
İlkin Xəlilov: "Aramızdakı mübahisə dava səviyyəsinə qədər qalxmışdı"

- Düzəltdiyiniz ən bahalı saat hansı olub?

- Düzəltdiyim ən bahalı saatın 200 min dollar qiyməti olub. "Ulysse Nardin" markalı bir saat da düzəltmişəm. Onun 95 min dollar qiyməti var idi. Həyatımda düzəltdiyim ən qəliz saat o olub. Üç gün vaxtımı alıb.

- Hacı, tanınmışlardan kimin saatını düzəltmisiniz?

- Demək olar, hamının. Baş nazirimiz Novruz Məmmədov elə indi də lazım olanda mənə müraciət edir. Rəhmətlik heykəltaraş Tokay Məmmədov həmişə buraya gələrdi. Siyavuş Aslan, Yaşar Nuri, Aşıq Ədalət... - ölkənin bütün tanınmışları.

- Elə saat olub ki…

Sözümü qətiyyətlə kəsir. Sanki hiss edirmiş kimi.

- Yox, elə bir şey olmayıb. Mümkünsüzdür. Çətin olub, amma bacarmadığım əsla. Çətinlik də hər hansısa detalın tapılmasında ola bilər. Mən bu işin professoruyam. Sözümü boğazdan yuxarı deyilmiş kimi qəbul etməyin. İşimdən həmişə zövq almışam. Daim axtarışda olmuşam.

- Müraciət edənlərin sayında nəsə dəyişiklik varmı?

- Azalıb. Yəqin, insanların maddi durumu ilə bağlıdır.

- Bəlkə, alternativ variantlardan istifadə edirlər? Misal üçün, telefon.

© Sputnik / Kamal AlmuradlıSaatsaz Hacı Fətəliyev
Saatsaz Hacı: Düzəltdiyim ən bahalı saatın 200 min dollar qiyməti olub - Sputnik Azərbaycan
Saatsaz Hacı Fətəliyev

- Qətiyyən. Bakıda xüsusi saat azarkeşləri var. Milyonluq saat taxan adamlar var.

- Zəhmət haqqı olaraq ən çox nə qədər istəmisiniz?

- 1000 manat. Bahalı saatın bahalı detalları olur. Düzəltmək də vaxt aparır.

- Ehtiyat hissələrini necə əldə edirsiniz?

- Xaricdən sifariş edirəm. Ölkə xaricində yaxşı əlaqələrim var. Demək olar, onlarla hər gün əlaqədəyəm. Bayaq söylədiyim bahalı saatın ehtiyat hissələrini Moskvadan sifariş etmişdim.

- Xarici müştəriləriniz varmı?

- Olur, əlbəttə. Rusiyadan çox olur. Bu yaxınlarda bir fransız xanım gəlmişdi. Sevimli saatı xarab olmuşdu. Mənə maraqlı gəldi, soruşdum ki, kim məsləhət gördü sizə? 

Yazıçı, jurnalist Tural Cəfərov - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Qan Turalı: "İçlərində az sayda pisləri də var"
Dedi ki, vaxtilə Fransanın Azərbaycanda fəaliyyət göstərmiş səfiri. Özünü elə-belə adam bilmə. Səni Fransada da tanıyırlar (gülür).

- Özünüz saat taxırsız?

- Taxıram - "Franck Muller".

- Davamçılarınız var?

- Çox heyf ki, övladlarımdan heç kim yolumu davam etdirmək istəmədi. Oxumağa, təhsilə üstünlük verdilər. Amma mənim fikrimcə, oxumaq öz yerində, həyatda ən əsası sənətə sahib olmaqdır. Sənətin varsa, demək, ömürlük çörəyin var.

Xəbər lenti
0