Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bazarımızın "indikatoru" - Yumurta bahalaşdısa, narahat olmağa dəyər?

Yumurta - Sputnik Azərbaycan, 1920, 14.10.2021
Abunə olmaq
Ölkədə yumurtanın qiyməti qalxıb. Quşçular Cəmiyyətinin sədri topdansatış qiymətində artımın olmadığını söyləyib. Ekspertlər yumurtanın bahalaşmasının səbəblərini və növbəti aylarda qiymətin necə ola biləcəyini şərh ediblər.
BAKI, 14 oktyabr — Sputnik. Azərbaycanda toyuq yumurtasının qiyməti bahalaşıb. Ağ yumurtanın qiyməti 13 qəpikdən 17-19 qəpiyə, sarı yumurta 16 qəpikdən 20-22 qəpiyə yüksəlib. Kənd yumurtasının qiyməti isə 25 qəpikdən 30 qəpiyə qalxıb.
Bəs yumurtanın bahalaşmasının səbəbləri nədir və artım davam edə bilərmi?
Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, yumurtanın topdansatış qiymətində hələ ki, artım yoxdur: "Yumurtanın çeşidindən asılı olaraq istehsalçılar 12-14 qəpikdən yumurtanı mağazalara verirlər. Quş ətinin də topdansatış qiymətində artım yoxdur, bu məhsulun topdansatış qiyməti 3 manatdan yuxarıdır. Mağazalarda satılan yumurtaların qiyməti isə istehsalçının qoyduğu qiymət deyil. Mağazalar istədiyi qiyməti qoyub sata bilirlər. Pərakəndə satışın bizə aidiyyəti yoxdur".
Pambıq yığımı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.10.2021
İQTİSADİYYAT
Gedin, pay torpağına görə çıxarış alın, yoxsa subsidiya verilməyəcək
O bildirib ki, xaricdə yemin qiyməti həddindən artıq bahadır: "İstər-istəməz yumurtanın qiymətində dəyişiklik olmalıdır. Əvvəl soyanın 1 tonunu 800 manata alırdıq, indi isə soyanın 1 tonunun qiyməti 1300 manatdır. Bir ton qarğıdalının qiyməti 360 manat idi, indi 480 manatdır. Bir ton buğda 330 manat idi, indi isə 420-440 manatdır. Günəbaxan yağı 1600 manat idi, indi 3 min manat olub. Günəbaxan jmıxı 350 manat idi, indi isə 650-700 manat olub. Yem əlavələri ümumilikdə 32 faiz artıb. Yemlər bizə xaricdən alınıb gətirilir. Yerli yem istehsalı çox azdır. Quşçuluq müəssisələrinə əkinə yararlı torpaq sahələri ayrılmalıdır ki, öz yem tələbatını ödəyə bilsinlər. Sovet vaxtı quşçuluq müəssisələrinin əkin sahələri var idi, tələbatlarının bir qismini özləri ödəyə bilirdilər. SSRİ dağılandan sonra isə quşçuluq müəssisələrinin ətrafında olan torpaq sahələrində evlər tikildi və s. Halbuki yaşayış məntəqəsi quşçuluq müəssisəsindən ən az 2-3 kilometr uzaqda olmalıdır".
"Eyni zamanda, yem və yem əlavələri ölkəyə idxal edilən zaman 18 faizlik əlavə dəyər vergisinə (ƏDV) cəlb edilir. Təklif edirik ki, yem və yem əlavələrinin idxalı ƏDV-dən azad edilsin. Məsələn, 1 ton soyanın vergisi 50 dollardır. Burada nəqliyyat xərcləri də var. Quş istehsalında maya dəyərinin 70 faizini yem təşkil edir və yem ilə bağlı idxaldan asılılıq çoxdur", - deyə A.Vəliyev qeyd edib.
O əlavə edib ki, Azərbaycanda illik təxminən 100 min tondan çox quş əti, 1 milyarddan çox yumurta istehsal edilir və yerli istehsal tələbatı ödəyir.
İqtisadçı Natiq Cəfərli də Sputnik Azərbaycan-a deyib ki, dünya bazarlarında yem və yem əlavələri, dərman preparatları, damazlıq yumurta üzrə qiymətlərdə artım var: "Azərbaycan bu istiqamətdə hələ də xaricdən asılı vəziyyətdədir. Bu, qiymət artımına təkan verən əsas amilə çevrilib. Bundan başqa, bir müddət öncə daxili bazarı qorumaq üçün xaricdən gətirilən toyuq əti və yumurta üzrə idxal rüsumları artırılmışdı. Bu, daxili istehsalı stimullaşdırmaq üçün atılan addım idi, amma görünür, daxili istehsal yetərli deyil. Bahalaşmanın daha sürətlə getməməsi üçün idxal edilən toyuq və yumurta üçün gömrük rüsumu azaldıla və ya müvəqqəti dondurula bilər".
"Azərbaycanda ənənəvi olaraq dekabr ayından başlayaraq ərzaq qiymətləri bahalaşır və bu, aprel-may aylarına qədər davam edir. Burada mövsümi, tələbatın artması və digər səbəblər var. Bir çox sahələrdə qiymət artımı davam edə bilər və toyuq ətini, yumurtanı da buraya daxil etmək mümkündür", - deyə o əlavə edib.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 3,2 faiz artaraq 353,9 min ton, yumurta istehsalı isə 4,1 faiz azalaraq 1 milyard 269,4 milyon ədəd olub. 2020-ci ildə ölkədə 1 milyard 906,2 milyon ədəd yumurta istehsal edilib.
Onu da qeyd edək ki, statistik məlumatlara əsasən, ölkədə mart ayından başlayaraq yumurtanın qiymətində ucuzlaşma müşahidə edilirdi.
Eləcə də oxuyun:
* Ərzaqlar arasında niyə ən çox tərəvəz məhsulları bahalaşıb?
* Bütün dünya hədəflərdən sapıb: faizlərin qaldırılması inflyasiyanın qarşısını alacaqmı?
* Çörək bazarında ləngər, alma bağında bayram - Həftənin iqtisadi mənzərəsi
* Ölkədə ərzaq məhsullarının bahalaşması davam edəcək - Ekspertlər həyəcan təbili çalır
* Azərbaycanda şəkərin qiyməti qalxa bilər
Xəbər lenti
0