Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Rauf Məmmədov: Avropa şahmat yarışında pul üçün deyil, Vüqar Həşimov üçün oynadıq

Rauf Məmmədov - Sputnik Azərbaycan, 1920, 05.10.2021
Abunə olmaq
Azərbaycanlı qrossmeyster Rauf Məmmədov Sputnik Azərbaycan-a müsahibəsində "Vüqar Həşimov" klubunun Avropa Kubokunda bu yaxınlarda qazandığı uğurdan, DÇ-də iştirakından və Facebook səhifəsini niyə sildiyindən danışıb.
BAKI, 5 oktyabr — Sputnik. Azərbaycanın "Vüqar Həşimov" şahmat klubu bu yaxınlarda Şimali Makedoniyada keçirilən Avropa Klubları Kubokunun bürünc mükafatçısı olub. Görkəmli şahmatçı Vüqar Həşimovun adını daşıyan komanda, bir istisna olmaqla, gənc azərbaycanlı şahmatçılardan ibarətdir.
O, Avropa şahmat kubokunda üçüncü olmaqla yanaşı, son turda Azərbaycanın ən güclü qrossmeysteri Şəhriyar Məmmədyarovun rəhbərlik etdiyi Makedoniyanın "Alkaloid" klubunu da məğlub edib.
"Vüqar Həşimov" klubunun lideri Rauf Məmmədov Sputnik Azərbaycan-a verdiyi müsahibədə son turnirin gedişatından, şahmatın ənənəvi formata qayıtmasından və bir çox digər mövzulardan danışıb.

Fantastik nəticə

- Avropa Şahmat Kubokundakı çıxışınızla bağlı təəssüratlarınız necədir?
- Hesab edirəm ki, bütün komandanın, demək olar ki, öz şahmatçılarından təşkil olunduğu zaman belə bir nəticə göstərmək inanılmazdır! Yeri gəlmişkən, Kirill Şevçenkonu da özümüzünkü adlandırmaq olar. Üç ildir ki, onunla dostuq. Onun nəsəi Bakıdandır, 25 il burada yaşayıb. Keçən dəfə də Rusiyanın iki güclü komandasını məğlub etmişik. İndi isə reytinq favoritlərinə qalib gəlib mükafat qazanmaq, əlbəttə ki, fantastik nəticədir.
- Sizcə, belə nəticənin səbəbi nədir?
- Mənə elə gəlir ki, heç bir təzyiq altında olmamağımız çox vacib idi. Yenə də biz ideya uğrunda, Vüqarın adı üçün oynadıq. Gənclər, həm də özlərini göstərmək istəyirdilər. Odur ki, sərbəst idik. Əlavə olaraq, Ülvi ilə mənim qazandığımız mövqelərə rəğmən, "Beer Şeva"ya uduzsaq da, özümüzü topladıq və dördüncü turda İspaniya klubuna qarşı yaxşı oynadıq. Bu görüşdə Kirill Şevçenko Aleksey Şirovla vacib oyunda qalib gəldi. Ümumiyyətlə, komandanın böyük potensiala malik olduğu hiss olunur.
Azərbaycan şahmatçısı Teymur Rəcəbov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.10.2021
İDMAN
Teymur Rəcəbov "Champions Chess Tour"un vitse-çempionu oldu
- İsraillilərə məğlubiyyətdən sonra çox üzüldünüz? Avropa şahmat yarışında turnir yolu çox qısadır və medallar uğrunda mübarizəni tərk etmək üçün bircə məğlubiyyət kifayət edir.
- Şübhəsiz ki, belədir. Bunu SOCAR Azerbaijan klubunun oyunundan bilirəm. Əlbəttə, üzüldük, ancaq başa düşdük ki, Avropa Kuboku şansın vacib rol oynadığı bir turnirdir. Sonuncu turda çox da şansımız gətirməsə də, rəqibimiz ən güclü klub idi. Ancaq sonda biz onları da məğlub etdik.

Güclülər üzərində qələbəyə inanmaq lazımdır

- Son turun matçına necə hazırlaşdınız? Hansı strategiyanı seçmişdiniz?
- Yadımdadır, turların birində oyunçularıma dedim: "Ən güclü şahmatçıları məğlub edə biləcəyinizə inanmalısız". Və son turda bu sözlər öz təsirini göstərdi. Ülvi Sadıxov Ernesto İnarkiyev kimi güclü bir şahmatçı üzərində qələbə qazandı.
- Üstəlik, son turda "Alkaloid"i məğlub edərək Şəhriyar Məmmədyarov klubunu medallardan məhrum etdiniz ...
- Obyektiv olaraq, Məmmədyarovun klubu, əlbəttə ki, ən güclü idi, ancaq belə gətirdi ki, oyunçularımız daha iddialı oldular. Makedoniya klubu hər şeyi qazanırdı, biz isə yox.
- Yeri gəlmişkən, Şəhriyarla oyununuz kifayət qədər qısa oldu, demək olar ki, "qrossmeyster heç-heçə"si qeydə alındı?
- Matçdan əvvəl komandanın toplantısında qərar verdik ki, ən təhlükəli rəqib, əlbəttə ki, Məmmədyarovdur, ona görə də ona qarşı çox yaxşı oynamalıyıq. Onunla etibarlı oynamağa qərar verdim və bu vəzifənin öhdəsindən gəldim.
Азербайджанский мото-любитель Рауф Гасанов - Sputnik Azərbaycan, 1920, 03.10.2021
İDMAN
Azərbaycanlı Transsibiri necə fəth etdi: 11 min kilometrlik təəssürat
- Ümumiyyətlə, birinci lövhəni olduqca yaxşı "bağladınız", iki oyunda qalib gəldiniz və üç dəfə heç-heçə etdiniz...
- Bəli, əgər mən qəti qələbə mövqeyinə sahib olduğum oyunu da qazansaydım, lap əla olardı. Ancaq ümumiyyətlə, yalnız ən güclü rəqiblərlə, öz komandalarının liderləri ilə oynadığım üçün pis deyildi. Nəticənin yaxşı olduğunu düşünürəm, amma daha da yaxşı ola bilərdi. Və bu sevindiricidir. Məndə hərdən belə olur ki, nəticə yaxşıdır, amma oyunun keyfiyyətini bəyənmirəm, hiss edirəm ki, sadəcə bəxtim gətirib. Avrokubokda isə görürsən ki, bəxtin elə də gətirməyib.

Pul əsas deyil

- Bildiyim qədərilə "Vüqar Həşimov" klubunun bütün şahmatçıları Avropa Kubokunda çıxış edən bir çoxlarından fərqli olaraq pulsuz oynayırlar.
- Birincisi, bu barədə heç düşünmürük. Yadımdadır, Sərxanla mən (Vüqar Həşimovun böyük qardaşı - Sərxan Həşimov - red.) klubun yaradılması ilə bağlı müzakirə apararkən maaş məsələsinə toxunmadıq da, çünki hər şeydən əvvəl Vüqarın xatirəsi bizim üçün vacib idi. Düşünürəm ki, Vüqar Həşimovun adının Azərbaycan şahmatı və şəxsən mənim üçün nə demək olduğunu hər kəs yaxşı başa düşür. Oyunçularım üçün də bu bir təcrübədir, çünki onlar 2700 reytinqli rəqiblərinin olduğu bir turnirdə pulsuz oynamaq imkanı əldə edirlər.
Ancaq düşünürəm ki, indi əldə etdiyimiz uğur diqqətdən kənarda qalmayacaq və gələcəkdə komandanı dəstəkləyəcək daha çox sponsorumuz olacaq. Baxmayaraq ki, bu layihə əsasən gənc şahmatçılar üçündür. Bizim üçün Avropa Kubokunda birinci yer məqsəd deyil, hərçənd ki, bunu bacarsaq, çox yaxşı olar.
- Yəni komandada sponsorun olması güclü legionerlərin cəlb olunmasına səbəb olmayacaq?
- Yəqin ki. Bu barədə Sərxandan soruşmaq daha düzgün olar. Bu komanda iki il əvvəl yaradıldı və yaxşı da nəticə göstərdi. İndi isə düşünürəm ki, fantastik nəticə göstərdik, çünki reytinqdə doqquzuncu idik, büdcəmiz də sıfıra bərabər idi.
Bundan sonra Sərxanla birlikdə qərar verəcəyik. Üstəlik, şahmatçılar özləri də artıra bilərlər. Məsələn, Süleymanlı, Əsədli və Şevçenko daha da güclənə bilərlər. Komandamızda iki ehtiyat oyunçumuz var ki, onlardan biri də kapitan, FİDE məşqçisi Anar Allahverdiyevdir, ancaq onun rəqabət təcrübəsi yoxdur. Buna rəğmən, əla ehtiyat oyunçudur, çünki istənilən vaxt oynayıb cavanlara dərs keçə bilər. Amma mən 2650-2700 reytinqi olan daha bir şahmatçı da cəlb edərdim.
- Yeri gəlmişkən, ukraynalı Kirill Şevçenko ilə onun Azərbaycan millisində çıxış etmə ehtimalını müzakirə etmədiniz? Üstəlik, onun nənəsi Bakıdandır.
Азербайджанский гроссмейстер Шахрияр Мамедъяров - Sputnik Azərbaycan, 1920, 15.09.2021
CƏMİYYƏT
Şəhriyar Məmmədyarov artıq ilk onluqda deyil
- Mənə elə gəlir ki, indi bu artıq aktual deyil. Bizim belə bir təcrübəmiz olub (keçmiş alman şahmatçısı Arkadi Naydiçin Azərbaycan üçün oyununu nəzərdə tutulur - red.) və o çox da uğurlu alınmadı. Əlbəttə ki, heç vaxt heç vaxt deməzlər, ancaq Şevçenko soyadlı şahmatçı Ukrayna millisində oynamalıdır, çünki bu, ölkənin ən məşhur soyadıdır.

Maska ilə oynamaq dəhşətlidir

- Şahmat üzrə Avropa Kubokundan əvvəl uzun müddət liderliyi qoruduğunuz Reykyavikdə keçirilən fərdi Avropa Çempionatında çıxış etdiniz, ancaq nəticədə mükafatçılara düşmədiniz…
- Altıncı turdan sonra 5,5 xal topladım və birinci yerdə idim. Adətən, altıncı turdan sonra qitə birinciliyində istirahət günü olur, ancaq bu dəfə olmadı. Növbəti iki turda heç-heçə etdim və onuncu turda daha diqqətli oynamalı və medal qazanmalı idim, amma debütdən daha pis mövqeyə getdim və qazanmaq üçün oynamağa çalışdım. Nəticədə debütüm uğursuz oldu və rəqibim yaxşı oyun göstərərək qalib gəldi.
Əlbəttə ki, çox üzüldüm, sözlə ifadə ediləsi deyil. Ən azından üçüncü ola bilərdim, ancaq nəticədə nə mükafat, nə də status baxımından dəyəri olan beşinci yeri bölüşdüm. Məsələn, Avropa Kubokunda "Vüqar Həşimov" üçüncü oldu - bu əladır, ancaq Avropa çempionatında altıncı yeri tutdum. Axı bu kimə lazımdır? Bir o var ki, Dünya Kubokuna vəsiqə qazandım, ancaq onu çempionatın bitməsinə üç-dörd tur qalmış artıq təmin etmişdim.
Hər halda bu yaxşı bir təcrübə idi, çünki unutmamalıyıq ki, bir il yarımdır ənənəvi formatda şahmat oynamıram. Fransa liqasında oynadım, ancaq orada maskalarda oynamaq mümkün deyildi. İndi isə maskasız və normal oynadıq. Maska ilə oynamaq dəhşətlidir.

Facebook səhifəsini niyə silib?

- "Vüqar Həşimov"da pulsuz oynadığınızı və Reykyavikdə keçirilən Avropa çempionatında, yəqin ki, ən böyük mükafatı almadığınızı nəzərə alsaq, maliyyə işiniz necədir? 2650-2700 reytinqi olan səviyyəli şahmatçılarınız indi necə pul qazanırlar?
- İlk növbədə deyim ki, bir çox milli federasiyalardan fərqli olaraq şahmatçılara kömək edirlər. Bizə müntəzəm olaraq təqaüd verilir, keçən il federasiyanın vitse-prezidenti Mahir Məmmədov onlayn turnirlər təşkil edib. Yəni burada şikayət etmək günah olar. Belə ki, milli komandanın üzvü olaraq maaşım da var və lazım gələrsə, heç vaxt heç nədən imtina etmirəm. Bu baxımdan şanslıyam.
- Azərbaycan millisinin üzvü olmayanlar nə etməlidir?
- Bu başqa bir sualdır (gülümsəyir). Fikrimcə, şahmatçı bir növ dəstək almaq istəyirsə, müəyyən səviyyəyə çatmalıdır. Əgər gənc şahmatçı, məsələn, Aydın Süleymanlının indi oynadığı kimi oynayarsa, düşünürəm ki, o, heç bir problem olmadan turnirlərə qatılmaq üçün maliyyə alacaq. Nəzərə almaq lazımdır ki, Süleymanlının arxasında "Aeroflot-open" kimi bir turnirdə qələbəsi var.
- Facebook hesabınızı niyə sildiniz?
- Bu yaxınlarda Avropa Çempionatından sonra Facebook-da bəzi insanların narazılığını oxudum, onlar mənə necə yerimək lazım olduğunu öyrədirdilər. Mən bunu qəribə hesab edirəm. Bu səbəbdən Facebook səhifəmi bağladım. Əgər şahmatçı Azərbaycanda müəyyən səviyyəyə çatırsa, ona federasiya tərəfindən dəstək göstəriləcək. Twitter-də qaldım, orada məni güdənlər azdır və mənə nəyisə öyrətməyə çalışmırlar. Turnirlər zamanı bu səbəbdən diqqətimin yayınmasını istəmirəm.
- Gələcək planlarınız nələrdir?
- İndi "Grand Swiss" turnirinə (iddialılar turnirinə vəsiqə - red.) hazırlaşıram, sonra Avropa Komanda Çempionatı olacaq. Təxminən bir ay ərzində bu iki vacib turnirə hazırlaşacağam.
Xəbər lenti
0