SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Pirr qələbəsi" və ya Gürcüstanda üçüncü qüvvənin yaranışı

© AFP 2023 / Handout / Interior Ministry of Georgia Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili
Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili - Sputnik Azərbaycan, 1920, 04.10.2021
Abunə olmaq
Nəticələrin ümumi olaraq bütün ölkə ərazisində etiraz potensialına, aksiyalarına çevrilə biləcəyini indidən demək çox çətindir.
BAKI, 4 oktyabr — Sputnik. Gürcüstanda həftəsonu yerli idarəetmə orqanlarına keçirilən seçkilərə nəinki ölkə daxilində, hətta ölkə xaricində də maraq həddən artıq idi. Hadisələri daha da dramatikləşdirən isə seçkilərə bir gün qalmış Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin gözlənilmədən bu ölkədə peyda olması və seçkilərə bir neçə saat qalmış hüquq mühafizə orqanları tərəfindən həbs olunması idi.
Seçkilər, gözlənildiyi kimi, gərgin keçdi. Gürcüstan MSK-nın məlumatına görə, hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası seçkilərdə seçicilərin 46,65%-nin, Vahid Milii Hərəkat Partiyası 30,7%-nin, Gürcüstanın sabiq baş naziri Geogi Qaxariyanın partiyası isə 7,79%-nin səsini qazanıb. Düzdür, səslərə nəzər salanda hakim partiyanın irəlidə olduğu görünür. Lakin bunu tam qələbə də adlandırmaq olmaz. Çünki paytaxt Tbilisi də daxil olmaqla, Gürcüstanın 20 şəhərində son seçkilərdə mer seçilməyib. Gürcüstanda oktyabrın 30-u məhz bu şəhərlərdə seçkilərin ikinci turu keçiriləcək. Saakaşvilinin həbsdə qalması, onun həbsi ilə bağlı Qərbdən, xüsusi ilə Avropa İttifaqı tərəfindən hökumətə edilən təzyiqlərin güclənməsi isə hakim partiyanın fəaliyyətinə, yumşaq desək, diskomfort yaradır. Görünən budur ki, oktyabrın 30-u seçkilərin ikinci turu yaxınlaşdıqca qonşu ölkənin siyasi həyatında hərarət durmadan artacaq.
Mixail Saakaşvili, arxivdən foto - Sputnik Azərbaycan, 1920, 03.10.2021
DÜNYA XƏBƏRLƏRİ
Gecikən ittiham, Saakaşvili ilə selfi çəkən polislər - Tbilisidən son xəbərlər
Sputnik Azərbaycan Gürcüstanda keçirilən seçkilərin nəticələri və bundan sonra baş verəcək hadisələr barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, Gürcüstan üzrə mütəxəssis Fuad Çıraqovla həmsöhbət olub.
Fuad Çıraqov qeyd edib ki, Gürcüstanda keçirilən seçkilərə həm hakim partiya, həm müxalifət nümayəndələri, o cümlədən beynəlxalq müşahidəçilər çox önəm verirdilər: "Keçən il keçirilən parlament seçkilərindən sonra müxalifət seçkinin nəticələrini tanımaqdan imtina etdi və uzun müddət siyasi böhran yaşandı. Çünki parlamentin iclaslarında yalnız hakim partiyanın nümayəndələri iştirak edirdilər. Gürcüstanda ilk dəfə idi ki, belə hal yaşanırdı. Özünə müxalifət deyən bütün siyasi partiyalar həmrəylik göstərdilər və parlamentə getmədilər".
BMTM-in eksperti xatırladıb ki, bu il aprelin 19-da Avropa İttifaqının vasitəçiliyi ilə Gürcüstanda iqtidar və müxalifət arasında müqavilə imzalanıb: "Bu müqaviləyə görə, müxalifət nümayəndələri parlamentə bir şərtlə gedirlər ki, əgər hakim partiya qarşıdan gələn bələdiyyə seçkilərində 43%-dən aşağı səs toplayarsa, onlar növbədənkənar parlament seçkilərinə gedəcəklər. Çünki müxalifət keçən ilin oktyabrından sonra iddia edirdi ki, seçkilər saxtalaşdırılıb və onun nəticələrini tanımır. Lakin iyulun sonu, avqustun əvvəli Gürcüstanın hakim partiyası bəyan etdi ki, onlar bələdiyyə seçkilərinin istənilən nəticəsindən asılı olmayaraq növbədənkənar seçkilərə getməyəcəklər. Bu isə növbəti böhranla nəticələndi. Avropa İttifaqı Gürcüstana ayırdığı maliyyə yardımını verməkdən imtina etdi".
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili  - Sputnik Azərbaycan, 1920, 03.10.2021
DÜNYA XƏBƏRLƏRİ
Gürcüstanın Baş nazirindən Saakaşviliyə qarşı şok ittiham
Seçkilərin nəticələrini şərh edən Gürcüstan üzrə ekspert Fuad Çıraqov vurğulayıb ki, seçkidən öncə bu ölkədə keçirilən sorğuların nəticələrinə baxsaq, onların, demək olar ki, seçkilərdə qeydə alınan nəticələrlə üst-üstə düşdüyünü görürük.
"Məsələ ondan ibarətdir ki, Gürcüstanda əhalinin böyük bir hissəsi həm iqtidardan, həm də müxalifətdən narazıdır. Eyni zamanda ölkənin sabiq prezidenti Mixeil Saakaşvilinin vədlər verib, Gürcüstana gəlməməsi və yaxud gələ bilməməsi böyük ruh düşkünlüyünə səbəb olmuşdu. Son 3-4 ildə biz Gürcüstan müxalifətinin insanları etiraz aksiyalarına cəlb etmək istəklərini, cəhdlərini görürük. Lakin bu, baş tutmur, sanki Gürcüstanın əhalisinin böyük hissəsi apolitik vəziyyətdədir.
Ona görə də Mixeil Saakaşvili gördü ki, bu dəfə də o, öz vədinə xilaf çıxsa, Gürcüstana gəlməsə, həm onun özünün siyasi karyerası üçün, həm də müxalifət üçün ümidlər sona çatır. Həm də əhalini və müxalifəti bir növ başqa yolla canlandırmaq mümkün deyil. Hələ 2015-2016-cı illərdən etibarən siyasi müşahidəçilər Gürcüstanın üçüncü bir siyasi qüvvəyə "hamilə olduğunu", onu gözlədiyini bildirirlər. Məhz ona görə təəccüblü deyil ki, bu ilin əvvəlindən Gürcüstanın baş naziri postundan istefa verən Georgi Qaxariya yeni partiya yaradandan sonra sosial sorğulardan üçüncü siyasi qüvvə kimi meydana çıxıb. Bu proses çox qısa müddətdə reallaşıb. Yerli orqanlara keçirilən seçkilərin nəticələrinə əsasən, bir sıra böyük şəhərlərdə ikinci tur keçiriləcək. Bunun ümumi olaraq bütün ölkə ərazisində etiraz potensialına, aksiyalarına çevrilə biləcəyini indidən demək çox çətindir", - politoloq bildirib.
Ekspert onu da qeyd edib ki, Mixeil Saakaşvili hakimiyyətdə olan qüvvə üçün başağrısını artırır: "Bu, həm Gürcüstanda etiraz potensialı, həm də beynəlxalq qurumların təzyiqlərini artırır. Yəni, Gürcüstan hakimiyyəti bir an öncə ondan canını qurtarmaq istəyər. Yəni bilsələr ki, Saakaşvili buraxılan kimi ölkəni tərk edəcək, bir an öncə onu azad edərlər".
Xəbər lenti
0