CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çörək yeməli olsa, basılmaz Vətən!

© Depositphotos.com / Rafapress Хлеб с плесенью
Хлеб с плесенью - Sputnik Azərbaycan, 1920, 24.09.2021
Abunə olmaq
Bu gün ən kasıb ailənin belə tam ac qalmaq şansı azdır. Yaşamağa evi olmaz, kommunal xərci ödəyə bilməz, əyninə geyim tapmaz, amma ac qalmaz. Ramazan bayramında fitrə çıxartmağa, kiməsə yardım etməyə bəzən adam tapılmır. Məcbur olub peşəkar dilənçiyə yardım edirsən.
BAKI, 24 sentyabr - Sputnik. Hər dəfə çörəyin və unun qiyməti ilə bağlı hər hansı bir proses baş qaldırdıqda, yaxud növbəti bahalanma baş verdikdə cəmiyyətdə bir gərginlik yaşanır. Sosial şəbəkə istifadəçiləri bir tərəfdən yazır, mətbuat da digər tərəfdən. Hamı kasıbın halına acıyır, gündə 5-6 çörək yeyən ailənin problemini qabardır. Dövlət orqanları da o dəqiqə məsələni diqqətə alır, hansısa tədbir görülür, subsidiya ayrılır.
Çörək bir qədər bahalaşdı
Bir müddət öncə çörəyin və unun bahalaşmasına reaksiya olaraq baş nazir Əli Əsədov "Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə" Nazirlər Kabinetinin qərarına dəyişiklik edilməsi barədə qərar imzaladı. Bir sözlə, qiyməti eyni səviyyədə saxlamaq üçün un istehsalçılarına subsidiya ayrılması mexanizmi hazırlanacaq.
Çörək bir qədər bahalaşdı, amma qiymət artımı müəyyən çörək növlərinə aid oldu, "zavod çörəyi"nin quiymətində artım olmadı. Həmin çörək çəkidən asılı olaraq yenə də 40-50 qəpiyə satılır.
Niyə hər dəfə un məhsulları və çörəyə hətta cüzi artım olanda ölkə bir-birinə dəyir? Bəyəm yağ, ət, süd məhsulları bahalanmır? Marketdə 1 litr südün qiyməti 2 manatı ötüb. Niyə cəmiyyət buna heç reaksiya vermir?
Kimi görsən, əlində qiyməti ən azı 300-500 manat olan smartfon gəzdirir, ayda da mobil internet və mobil əlaqəyə rahatca 15-20 manat xərcləyir. Nədən bu bahalığa etiraz edən yoxdur? Amma çörək söhbəti gündəmə gəldisə, anındaca ajiotaj yaranır.
Bəzən çörəkdən maşın yağının iyi gəlir
Bu gün ən kasıb ailənin belə tam ac qalmaq şansı azdır. Yaşamağa evi olmaz, kommunal xərci ödəyə bilməz, əyninə geyim tapmaz, amma ac qalmaz. Hətta Ramazan bayramında fitrə çıxartmağa, kiməsə yardım etməyə bəzən adam tapılmır. Məcbur olub peşəkar dilənçiyə yardım edirsən. Qonşular da bir-birindən maraqlanır, kimə yardım edək? Qonşunun dükana olan borcunu silən, kəsdiyi qurban qoyundan pay verən, ehtiyacı olan şəxsə özündə artıq olan əşyalardan bölüşən nə qədər insan var. Çörək də tapılır.
Azərbaycanda çörək və metroda gediş haqqı bir etalondur, psixoloji amildir
Hətta qiyməti artırmağa maraqlı olmayan qurumlar da bu iki faktora görə bahalanmaya getməyə hazırdırlar. Bu səbəbdən dövlət həm çörəyə, həm də metroya kifayət qədər subsidiya ayırmağa hazırdır. Olmasa, daxili stabilliyi qorumaq mümkün olmur.
Çörək məsələsində isə tək qiymət əhəmiyyətli deyil. Problem başdan yuxarıdır. İstehsalı elə də ürəkaçan deyil, tələbatdan artıq bişirilən çörəyin taleyi heç kimi maraqlandırmır.
"Zavod çörəyi" kimi tanıdığımız məhsulu böyük müəssisələrdən əlavə bir çox kiçik sexlər də bişirir. Bəzən çörəkdən maşın yağının iyi gəlir desək, yanılmarıq. Bir gün sonra isə həmin bu yağ çörəyin üzərinə çıxır, pis qoxudan yaxın durmaq olmur.
Həmin gün yeyilmədisə, sabah mütləq kiflənməyə başlayır. Bəzən haradasa unudularsa, çörək başdan ayağa qara kiflə örtülür. Əvvəl çörək xüsusi qaba yığılardı, toyuq-cücə saxlayan insanlar da evinə aparardı. Bu gün tam yararsız hala düşür, nə toyuğa, nə mal-qaraya yaramır. Başdan-ayağa xəstəlikdir.
Azərbaycanda atılan qidanın başında məhz çörək durur
Nə qədər çörək tullandığını bircə heyvan üçün yem satan obyekt yiyələri bilir. Zabrat-Bilgəh yolunda belə yerlər çoxdur, tonlarla işə yaramayan çörəyi burada qəpik-quruşa satırlar. Heyvan üçün bəlkə də keçərlidir. Özü də marketdə onlarla növ çörək satılır, amma bu obyektlərə ötürülən çörək məhz zavod çörəyidir, başqa çörək burada tapılmaz. Hamı bu növ çörəkdən istehsal edir deyə, yararsız hala düşdükdə mal-qara üçün yem satılan yerlərə verilir.
Bakının böyük biznes mərkəzlərində yerləşən ofislərdə də xeyli çörək istifadəsiz qalır. Bunları adətən xadimələr toplayır, ya ümumi bir yerə ötürür, ya da heyvan saxlayan insanlara verirlər. Yəni hər gün bu şəhərdə nə qədər çörək faktiki olaraq zibilə atılır.
Qəribə bir vəziyyət alınır: dövlət büdcəsindən subsidiya ayrılır, unun və çörəyin qiymətinin stabil saxlanılması üçün ƏDV yığışdırılır, başqa mexanizmlər işə salınır, amma istehsal edilən məhsulun böyük bir hissəsi atılır.
Dünyanın bir çox ölkəsində qida məhsullarının atılma göstəricisi var. İnkişaf etmiş ölkələrdə də adambaşına ildə tonlarla qida atılır, amma Azərbaycanda atılan qidanın başında məhz çörək durur, çünki bunun hesabını aparan yoxdur. Hərə bir tərəfdən çörək buraxır, xeyli hissəsi də istifadə edilmədən tullanır.
Çörək yeməli olsa, basılmaz vətən...
Qiyməti bazar mexanizmləri ilə tənzimlənməyən bir məhsulu bu qədər istehsal etmək nəyə yarar? 1941-1945-ci illər arxada qalıb, 1990-ci illərin də çətinliyi ortadan götürülüb. Əvvəlki kimi çörək də yeyilmir, qida rasionu xeyli zənginləşib, çörək istehsalı isə dayanmadan artır. Lavaş, təndir, kəpəkli çörək, qara çörək, qarğıdalı çörəyi kimi müxtəlif növ məhsul bişirilir. Bəlkə bazarın bir araşdırılmasına ehtiyac var? Ölkənin tələbatını araşdırmaq, daha kiçik formalı çörək növləri buraxmaq, zavod çörəyini keyfiyyətsiz formada istehsal edən kiçik sexlərin istiqamətini dəyişdirmək da olardı. Yəni bu sex bu gündən sabaha qalmayan yararsız çörəyi mütləq bişirməlidir? Bəlkə təndir buraxsa, daha yaxşı satılar malı?
Bakıda bir ədədi 5 manata satılan "alman çörəyi" də var. Xüsusi texnologiya ilə istehsal edilir, həm faydalıdır, həm də xarab olma şansı aşağıdır. Bəlkə bu cür yeni avadanlıqla daha keyfiyyətli çörək bişirmək barədə düşünməliyik? Bişirən çox olsa, qiyməti də yenər. Əslində, Azərbaycanın özünəməxsus çörək növləri də az deyil. Lavaş, Təndir, Xəndək, Ləzgi, Səndək, Xərək kimi çörək növlərinə həm tələbat var, həm də keyfiyyət baxımından daha məsləhətlidir. Dünya praktikasında başqa yanaşma var. Məsələn, Fransanın paytaxtı Parisdə hər gün on minlərlə "fransız bageti" adlanan bir çörək növü istehsal edilir. Yəni hər fransız bu çörəkdən yalnız səhər yeməyində yararlanır, çəkisi az, özü də uzunsovdur. Saxlamaq da olmur, aldın yeməlisən. Bir növ, isti təndir çörəyi kimi.
Çörək məsələsinə diqqəti artırmaq, keyfiyyət standartı təyin etmək, tələbatı dərindən araşdırmaq gərəkdir. Dövlət büdcəsi hesabına yararsız çörək istehsalı dayandırılmalı, tonlarla məhsulun zibilə atılmasının qarşısı alınmalıdır. Həm Kənd təsərrüfatı, həm Maliyyə, həm də İqtisadiyyat nazirliklərinin vəziyyətə təsir etmək imkanı var. Çörək bazarında vəziyyəti qaydasına salmaq, məhsulun keyfiyyətin yüksəltmək üçün xeyli iş görülməlidir. "Çörək bol olsa basılmaz Vətən" fikrini "Çörək yeməli olsa, basılmaz Vətən" ideyasına dəyişməliyik.
Həmçinin oxuyun:
Çörəyin qiyməti ucuzlaşacaqmı? Qiymət niyə qalxıb
Xəbər lenti
0