CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şaiq Vəlinin faciəsi

© Sputnik / Ilham MustafayevNabranda sahil qırağı
Nabranda sahil qırağı  - Sputnik Azərbaycan, 1920, 09.09.2021
Abunə olmaq
Uzun müddətdir Şaiqin xəstə yatağındakı son halı, gözlərinin içində kök salmış kədər, çarəsizlik və ümidsizlik gözümün önündən getmir. Ürpənirəm.
BAKI, 8 sentyabr — Sputnik. Şaiq Vəlinin misralarıdır:
Oldu, deyilənlər oldu,
Olacaqlar olacaqlar!
Soldu, açıldı gül… soldu,
Solacaqlar solacaqlar.
Bu dünyada dərdli, nisgilli, ağrılı bir tale yaşayıb, bu dünyadan nakam gedən o qəribə adam yazıb bu misraları...
Günlərdi şeirləri dilimdən düşmür. Misralarının zahiri ahəngi dilimə yatmasa da, batinindəki musiqi, məna yükü ruhumu titrədir. Tez-tez Şaiqi xatırlayıram. Bu dəbdəbə, toy-bayram, festival, şənlik ovqatlı günlərdə mən o nakam fanini düşünürəm.
Uzun müddətdir Şaiqin xəstə yatağındakı son halı, gözlərinin içində kök salmış kədər, çarəsizlik və ümidsizlik gözümün önündən getmir. Ürpənirəm. Gecələr qan-tər içində oyanıb onun çuxura düşmüş gözlərindəki məhzunluğu, çarəsizliyi və bir qış günündə səssiz-küysüz bu dünyadan köçüb getdiyini xatırlayıram. Eyni zamanda rahatlığımı pozan bu qəribə xatirələri beynimdən qovmağa, uzaqlaşdırmağa çalışıram. Şaiqin faciəsi məni qorxudur. Onun taleyindən ürkürəm. İndiki ruh halımı zamanında necə dəqiq, ağrılı misralarla ifadə edibmiş Şaiq: "Olubmu öldüyün sənin?"/Dərddən güldüyün sənin?…" Son günlər hər gecə öldüyümü, ruhumun bədənimdən ayrılıb haradasa kimsəsiz yerlərdə avara-sərgərdan dolaşdığnı düşünürəm. Eyni nöqtəyə saatlarla baxıb siqaret sümürürəm, hərdən özümdən asılı olmadan ağrılara, iztirablara gülürəm – dəli kimi.
***
Şaiqlə ilk görüşümüzdə, illərlə dostluq etdiyi, tələbə yoldaşı Murad Köhnəqalanın "Necəsən, Şaiq?" sualına verdiyi cavabı xatırlayanda, əlim-qolum boşalır. O vaxt illərlə təmsil olunduğu hakim partiyadan yenicə istefa vermiş, ümidsizlik içində boğulan bu boy-buxunlu, şaqqalı adamın, dərviş ovqatlı şairin utana-utana "acam" cavabını verməyini üstündən on il keçsə də unuda bilmirəm. Sonra Şaiq sosial vəziyyətin ağırlığına, küçələrdə qalmağa dözə bilməyib üç övladı ilə birlikdə Azərbaycan Yazıçılar Birliyinin qarşısında aclıq aksiyası keçirdi. Gerçəkdən, insan nə qədər çarəsiz olmalıdır ki, "necəsən?" sualına "acam" cavabını versin? İnsan nə qədər çarəsiz olmalıdır ki, övladları ilə birlikdə aclıq aksiyası keçirsin? O vaxt anlamışdım ki, taleyi bu adamla nəsə qəribə oyunlar oynayır. İlk ailəsi dağılmış, iki oğlunu sağlığında itirmiş, bir oğlu da ruhi xəstə idi. İkinci evlilikdən doğulan övladları da Şaiqin özü kimi ac, çarəsiz və ağır gündə yaşayırdılar. Ötən il üçüncü oğlu da dənizdə batdı – 15 yaşında... Üçüncü oğlu öləndə Şaiq artıq yeddi il idi ki, bu dünyayla vidalaşmışdı...
***
Bu heç kəsə sirr deyil ki, Şaiqi, onun ailəsini laqeyidlik məhv etdi. Bəlkə də kimlərinsə məclisində "ləbbeyk" deyən müğənni, artist, məddah olsa güzaranı düzələr, küçələrə düşməz, səhhəti pozulanda, ağır xəstəliyə tutulanda hansısa bahalı xəstəxanaya yerləşdirilər, xarici ölkələrin birinə müalicəyə göndərilərdi. Və çox təəssüf ki, bütün bunların heç biri olmadı. Axı o sadəcə şair idi. Heç bir fondun, təşkilatın, nazirliyin, birliyin himayə etmədiyi şair...
Şaiq bacısının təmirsiz və darısqal mənzilində, dostlarının, qohumlarının dəstəyi ilə müalicə olunurdu. Onun üçün bu ölkənin saysız-hesabsız şəfa ocaqlarında da bir yer tapılmamışdı. Elə ehtiyac, ümidsizlik içində, övladlarından nigaran köçüb getdi...
***
Şaiq Vəli əslən bu günlərdə şəninə poeziya günləri keçirilən Vaqifin ata yurdundan, şairlər diyarı Qazaxdan idi.
Moskvada Qorki adına Ədəbiyyat İnstitutunun Poeziya şöbəsini bitirmişdi. Şeirləri ara-sıra mətbuatda görünsə də, sağlığında kitabı çap olunmamışdı.
Şaiq Vəli həm də qazi idi, I Qarabağ savaşında üç il cəbhədə döyüşmüşdü. Sonradan kasıblıqdan, ehtiyacdan cəlayi-vətən olmuşdu, həmkarları ölkədə rahat yaşamaq, komfort, istiqbal üçün məddahlıq edəndə, o Rusiyaya "bir tikə çörək" arxasınca getmişdi. Vətənə qayıdandan sonra da, işsiz-gücsüz qalmışdı. Biganələr arasında itib-batmış, laqeyidlər arasında yoxa çıxmışdı, əriyib-itmişdi Şaiq Vəli. Təəssüflər ki, indiki gənclər, sosial şəbəkələrdə meydan sulayan "şair"lər, şeirin ancaq düşük videolarla, zəvzək mahnılarla bəzənmiş sosial şəbəkə paylaşımı olduğunu düşünən oxucular onu tanımır, şeirlərindən bixəbərdir. Şaiqi öldürən biganəlik, laqeyidlik indi onu unutdurur.
***
Müxtəlif yollarla komfortuna qovuşmuş, güzaran qurmuş, məddahlıqdan, boyun büküb əl açmaqdan çəkinməyən qələm əhli Şaiqi anlamaz, xatırlamaz, xatırlatmaz. Şaiqi onunla oxşar taleyi yaşayanlar, laqeyidliyin, biganəliyin necə dözülməz, öldürücü olduğunu dərk edənlər anlayar və xatırlayar. Özümü inandırmağa çalışıram ki, Şaiq unudulmayacaq. Günlərdir beynimdə dolaşan misraları dua kimi pıçıldayıb, vird edib Şaiqin ruhuna bağışlayıram. Şaiqi ac-yalavac, evsiz qoyan, sağalmaz xəstəliyə düçar edən, küçələrə salan, öldürən laqeyidliyin bu ölkədə bitəcəyi gün, ədəbiyyat, söz, incəsənət adamlarının layiq olduğu dəyəri alacaq. Və nə olur olsun, mən inanıram ki, həqiqi söz, sənət əbədi qalacaq. İnanıram ki, günlərdir yuxumu qaçıran Şaiq Vəlinin dərviş havalı misraları bir gün hamınızın yuxusunu qaçıracaq...
Oxunmalı kitab: Rahim Dünyamalı, "Tərsinə addımlayan kölgələr"
Nəşriyyat: Başla Kitab
Janrı: Roman
Dili: Azərbaycanca
Səhifə: 447
Roman 90-cı illər Azərbaycan ədəbiyyatının ən səs-küylü romanlarından biri hesab olunur. Roman müəllifinə ölkə səviyyəsində məşhurluq gətirsə də, yaşadığı Quba rayonunda saysız-hesabsız düşmən qazanmışdı. Romanda tənqid olunan tiplər açıq və gizli şəkildə yazıçıya düşməni münasibət göstərir, onu sıxışdırırdılar. Romanda həmin dövrdə Qubada partiya komitəsində və yerli idarəetmədə baş verən neqativ halları yazıçı elə məharətlə qələmə almışdı ki, bunu ona bağışlaya bilməzdilər. "Tərsinə addımlayan kölgələr" romanın müəllifi Rahim Dünyamalı 1995-ci ildə, yaşadığı Quba rayonunda ov tüfəngi ilə intihar edir.
Dostlarının ehtimalına görə Rahim Dünyamalının özünə qəsd etməsinin bir səbəbi də yaşadığı rayonda daim təqib olunması ola bilərdi.
Həmçinin oxuyun:
Mədəniyyətimizin intibahı, ədəbiyyatımızın triumfu
Xəbər lenti
0