CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mədəniyyətimizin intibahı, ədəbiyyatımızın triumfu

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Şuşada Vaqif Poeziya Günlərinin açılışında
Prezident İlham Əliyev Şuşada Vaqif Poeziya Günlərinin açılışında - Sputnik Azərbaycan, 1920, 02.09.2021
Abunə olmaq
Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri başa çatdı. Şuşaya gedə bilməsəm də, uzaqdan-uzağa, şövqlə, qürur hissi ilə tədbirlə bağlı xəbərləri, reportajları izlədim.
BAKI, 1 sentyabr — Sputnik. Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri başa çatdı. Şuşaya gedə bilməsəm də, uzaqdan-uzağa, şövqlə, qürur hissi ilə tədbirlə bağlı xəbərləri, reportajları izlədim. Əminəm ki, tədbirdə iştirak edən hər bir qələm adamı Şuşada olmağın qürurunu, sevincini doyunca yaşayıb. Əslində bunu qarşıma çıxan fotolardan, paylaşılan videolardan sezdim. Aylar öncə müzəffər ordumuzun, canından, sağlamlığından keçən vətən övladlarının daxil olduğu şəhərə, bu gün ədiblərimizin fateh ədası ilə daxil olması necə möhtəşəm bir görüntüdür. Etiraf edim ki, bu təntənə gözlərimi yaşartdı, bir vətəndaş kimi, ədəbiyyatsevər kimi kövrəldim, duyğulandım. Qəlbimin sarı simi titrədi, göz yaşlarıma hakim ola bilmədim. İlahi, necə möhtəşəm, unudulmaz günlərə şahidlik edirik...
***
Şairlərimizin mikrofon önündəki əzmli və qürurlu duruşu, Şuşamızın müxtəlif görməli yerlərində qalib ədasıyla dolaşmaları, o dağlarının havasını udub, İsa bulağının suyundan içmələri, şən-şaqraq, yüksək pafoslu çıxışları məni xeyli riqqətə gətirdi. Eyni zamanda düşündüm ki, mən Şuşanı görmədən bu qədər sevinc hissi keçirirəmsə, gör şairlərimiz, yazıçılarımız necə böyük xoşbəxtlik yaşayıb. Xüsusilə gənc qələm adamlarının bu tarixi tədbirdə, bu tarixi anları yaşaması, illərdir ədəbiyyatımızda dolaşan məğlubiyyət havasının aradan qalxmasına, gənclərin qələbə ruhlu şeirlər, poemalar, hekayələr, romanlar yazmasına böyük təkan olacaq. Üstəlik işğaldan azad olunmuş Şuşada, savaşdan qalib çıxmış ölkə prezidentinin, ölkənin birinci xanımının qarşısında şeirlər səsləndirib, ölkənin ali şəxsləri ilə ünsiyyətdə olmaq da qələm adamlarımızın həm yaradıcılığına, həm də xarakterinə müsbət təsir edəcək. Çünki dünya təcrübəsində də gördüyümüz kimi qələbə, qalibiyyət psixologiyası ədəbiyyata hər zaman yaxşı mənada təsir edib.
***
Bu gün ən asi qələm adamı da düşünür ki, xalq yazıçısı Anarın ölkə prezidenti ilə söhbətində Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayının Şuşada keçirilməsi ilə bağlı təklif verməsi və bu təklifin qəbul edilməsi çox böyük uğurdur. Təsəvvür edin ki, dünyanın və ölkənin müxtəlif yerlərindən olan şair və yazıçılar, jurnalistlər Şuşada bir daha toplaşacaq, işğaldan azad edilmiş və yenidən qurulan Şuşa mədəniyyət və incəsənət mərkəzi kimi canlanacaqdır. Xüsusilə xalq yazıçımız Anarın növbəti dəfə və yekdilliklə Azərbaycan Yazıçılar Birliyinə sədr seçilməsi həm onun şərəfli bioqrafiyası üçün, həm də ədəbiyyat tariximiz üçün unudulmaz addım olar. Düşünürəm ki, AYB-nin Şuşada keçiriləcək qurultayı, ədəbiyyat adamlarının axın-axın Şuşada keçirilən qurultaya getməsi, ədəbiyyatımızın triumfu olacaq. İllərdir işğal altında olan torpaqlarımızın nisgilini çəkməkdən sinəsi qubar bağlayan ədiblərimiz qələbə ovqatlı əsərlər yazacaq.
***
Tədbiri izlədikcə, iştirakçıların çıxışlarını dinlədikcə anladım ki, Şuşada keçirilən musiqi festivalları, poeziya günləri təkcə ədəbiyyat-mədəniyyət hadisəsi deyil, eyni zamanda bu tədbirlər böyük ictimai-siyasi əhəmiyyət daşıyır. Bu möhtəşəm tədbirlər, bu tədbirlərdə iştirak edən sənət adamları dünyaya çox ciddi mesaj verir: biz ermənilərdən fərqli olaraq Şuşanı dünya mədəniyyət, incəsənət, ədəbiyyat ocaqlarından birinə çeviririk. Düşünürəm ki, mədəniyyətimizlə bağlı bütün rəsmi və qeyri-rəsmi tədbirləri Şuşada keçirməklə, dünyanın diqqətini çəkə bilərik. Mən indidən Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi və təşəbbüsü ilə Şuşa kinoteatrlarında nümayiş olunan qələbəmizdən bəhs edən filmləri, Şuşa Teatrında səhnələşdirilən müasir tamaşaları, beynəlxalq caz, rok festivallarını, rəsm sərgilərini xəyal edirəm.
***
“Xarıbülbül” musiqi festivalından sonra Şuşada Vaqif Poeziya Günlərinin keçirilməsi bir daha göstərdi ki, Azərbaycan dövləti ədəbiyyatımıza və onun inkişafına çox böyük önəm verir. Bəli, dövlətimiz də bilir ki, xalqın ruhundan süzülüb gələn, əsrlərin yaşıdı poeziyamız xalqın mənəvi intibahı üçün əvəzedilməz vasitədir. Şuşaya qədəm basan hər şair, yazıçı, jurnalist həm də bu vətənin, Ali Baş Komandanın əsgəri, döyüşçüsüdür. Vətən sözün keşiyində ayıq-sayıq dayanan öz əsgərlərinə güvənir və bilir ki, bu söz savaşçıları bir əmrlə qələmini süngüyə çevirməyə qadirdir. Mən bu fədakarlığı Vaqif Poeziya Günləri ərəfəsində Şuşaya qədəm basmış qələm adamlarının simasında gördüm.
***
Bu tədbir bədxahlarımıza və düşmənlərimizə bir daha göstərdi ki, Şuşa Qarabağın mədəniyyət mərkəzi, musiqi, sənət, ədəbiyyat beşiyidir. Xalqımız bir daha əmin oldu ki, qələm adamlarımız sözün və mədəniyyətin keşiyində dayandıqları kimi, həm də Ali Baş Komandanın şərəfli əsgərləridir!
Oxunmalı kitab: Molla Pənah Vaqif, “Əsərləri”
Nəşriyyat: “Şərq Qərb” Nəşriyyatı
Janrı: Poeziya
Dili: Azərbaycanca
Səhifə: 264
Bu kitabda XVIII əsr Azərbaycan ədəbiyyatının, poeziyasının görkəmli nümayəndəsi Mоlla Pənah Vaqifin qоşma, təcnis, qəzəl, müxəmməs və s. janrında qələmə aldığı əsərləri tоplanıb.
Həmçinin oxuyun:
Dövlətin qayğısı, xalqın rifahı, mənim naşükürlüyüm...
Xəbər lenti
0