CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İrina Kindzerska: "Medal qazandığımı başa düşəndə daxilimdə hər şey dəyişdi"

© Photo : International Judo Federation / Brandenburger AurelianАзербайджанская дзюдоистка Ирина Киндзерская, фото из архива
Азербайджанская дзюдоистка Ирина Киндзерская, фото из архива  - Sputnik Azərbaycan, 1920, 30.07.2021
Abunə olmaq
Olimpiya oyunlarının cüdo üzrə bürünc medalçısı İrina Kindzerska uğurlu çıxışından sonra ilk təəssüratlarını bölüşüb.

BAKI, 30 iyul — Sputnik. Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska (78 kq-dan artıq) Tokio Olimpiya Oyunlarında medal qazandığını başa düşdükdə daxilində hər şeyin dəyişdiyini etiraf edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kindzerska Azərbaycan Milli Olimpiya Komitəsinin mətbuat xidməti ilə söhbətində danışıb.

Azərbaycan cüdo yığmasının üzvü İrina Kindzerska (78 kq-dan çox) üçüncü yer uğrunda görüşdə çinli Şiyan Ksu ilə qarşılaşıb və ipponla qalib gələrək, Azərbaycan millisinə ilk medalı qazandırıb.

Qələbədən sonra Kindzerska təəssüratlarını bölüşüb.

"Çox xoşbəxtəm. Hisslərimi sözlə ifadə edə bilmirəm. Onu yerə çırpandan sonra başa düşəndə ki, mükafat qazandım, daxilimdə hər şey dəyişdi", - deyə Kindzerska bildirib.

İdmançı qeyd edib ki, elə əvvəldən özünü Olimpiya medalına hazırlayıb.

"Bu gün maksimum hazırlıqlı idim və görüşlərimə maksimum köklənmişdim. Hamıya sübut etmək istəyirdim ki, Azərbaycanda qadın cüdosu mövcuddur, sadəcə, yalnız və yalnız işləmək lazımdır. Qazandığım medal digər qadın cüdoçulara da gələcək karyeralarında təkan ola bilər. Öz məşqçilərimə, Azərbaycan Cüdo Federasiyasına inam və dəstəyə görə minnətdaram. Ən böyük təşəkkürü isə təbii ki, həyat yoldaşıma, ailəmə, valideynlərimə deyirəm. Onlar nəticəmdən asılı olmayaraq, mənimlə fəxr edirlər", - deyə Kindzerska bildirib.

"İlk görüşdən mübarizə getdi. Görüşdən-görüşə medal qazana biləcəyim təsdiqlənirdi. Əlbəttə, yarımfinalda yaponiyalı Akira Soneyə uduzmağım məni məyus etdi. Bu görüşdən sonra toparlanmaq psixoloji cəhətdən ağır idi. Amma anladım ki, ikinci məğlubiyyət mənə medalı itirməyim bahasına başa gələ bilər. Sadəcə, buna imkan verməməliyəm. İnanıram ki, bundan sonra uşaqlar daha böyük səylə çalışaraq, medalların ardını gətirəcəklər", - deyə Kindzerska bildirib.

İdmançı həmçinin karyerasında fasilə edərək zədələrdən sağalmağı düşündüyünü də deyib.

"Ötən il Olimpiadanın bir il təxirə salındığı açıqlandı. Belə səviyyədə idmançı üçün daha bir il gözləmək çox ağırdır. Buna görə ağlamışdım. Gücümü bu anadək necə qoruyacağımı bilmirdim. Olimpiadanın baş tutacağına son anadək inanmırdım. Çünki hər dəfə təxirə salınacağı deyilirdi. Kiçik tarixin bir parçası olduğuma çox şadam", - deyə idmançı əlavə edib.

Eləcə də oxuyun: 

Xəbər lenti
0