BAKI, 27 iyul — Sputnik. Buradakı insanlar bizdən tamamilə fərqlidirlər, otuz, qırx, əlli il bu bəla ilə yaşayanlar var. Onların əsas məqsədi məhz bizim kimi olmaq, bizim kimi yaşamaq - öz dilləri ilə desək, "ayıq qalmaq"dır.
Bu gün narkomaniya cəmiyyət arasında sonu olmayan bir yol kimi tanınır. Əksəriyyət düşdüyü bu yoldan dönüşün olmadığını düşünür və bəladan xilas olmaq üçün heç bir mübarizə aparmır. Amma təcrübə bunun əksini sübut edir. Sputnik Azərbaycan narkomaniyadan əziyyət çəkən şəxslər üçün Mərdəkanda yerləşən "Həyat naminə" reabilitasiya mərkəzinə baş çəkib.
Doqquz illik əsarətdən sonra verilən qərar
Reabilitasiya mərkəzinin rəhbəri, 33 yaşlı Kənan Hacıyev həkim ailəsində böyüyüb və doqquz il ağır narkotik istifadəçisi olub. Daha sonra o, Belarusda "Gənclərin Sağlamlıq Mərkəzi"ndə reabilitasiyadan keçərək normal həyata qayıdıb. K.Hacıyev vaxtilə özü kimi olan insanlara yardım etmək üçün bu yolda addımlamağa qərar verib. "Narkotik asılılığı olan birinə ancaq bu problemi yaşamış şəxs kömək edə bilər", - fikirləşən K.Hacıyev Mərdəkanda yerləşən bağ evini məhz bu şəxslərin reabilitasiyası üçün mərkəzə çevirib. Ümumi ərazisi 13 sot olan reabilitasiya mərkəzi 7 otaqdan ibarətdir.
İçəridəyik, onlar kimi... Təxminən iyirmi nəfər birgə televizora baxır, söhbətləşir. Mərkəzi gəzirik: normal, səliqə-sahmanlı yataq otaqları, mətbəx və zal, bir sözlə, normal həyat yaşamaq üçün hər şərait var.
Zəmanətli, ödənişli "dönüş"
Mərkəz rəhbəri bizə fəaliyyətləri haqda məlumat verir: "Reabilitasiya mərkəzi kimi üç aydır, fəaliyyət göstəririk. Özüm isə bu sahə ilə artıq beş ildir, məşğulam. Əvvəl Azərbaycanda reabilitasiya mərkəzləri olmadığı üçün son üç il ərzində mənə kömək üçün müraciət edənləri xarici ölkələrə yollayırdım. Hazırda mərkəzimizdə iyirmi iki xəstə var. Burada sırf psixoloji yardım göstərilir, heç bir tibbi üsuldan istifadə edilmir. Mərkəzdə bir psixoloq və bu sahə üzrə çalışan mütəxəssislər var".
K.Hacıyev deyir ki, mərkəzdə həftədə üç dəfə böyük qruplar halında söhbətlər təşkil olunur, iki qrupu həmsöhbətimiz özü, bir qrupu isə müavini aparır. Həftədə bir dəfə psxioloji kurs və bir dəfə yoqa dərsləri olur. Psixoloji dəstək alan şəxslər gündəlik cədvəllə, rejimlə yaşayırlar: "İstədiyim vaxt həyətə çıxım, istədiyim vaxt televizora baxım, yaxud da başqa bir iş görüm - bunlara yol verilmir. Burada hər şey gündəlik cədvəl əsasında olur. Bizdə məcburi müalicə, məcburi olaraq kimisə saxlamaq yoxdur. Qeyd edim ki, hazırda burada olan xəstələr arasında üç ay müalicə alanlar da var".
Mərkəzdə psixoloji yardım ödənişlidir: "Aylıq ödəniş 1500 manatdır. Bu qiymətə daxildir: psixoloji müalicə, yemək və mərkəzdə yaşayış. Bəzən olur ki, kimisə ödənişsiz də müəssisəmizə qəbul edirik. Lakin hazırda ödənişsiz müalicə üçün yer yoxdur. Xeyriyyəçiliklə məşğul olan bir nəfər var, o da bizə yardım edir. Bundan başqa, qeyd edim ki, dövlət tərəfindən də dəstəyimiz var. Biz gördüyümüz işə zəmanət veririk. Tətbiq etdiyimiz proqram işləyir. Bu gün dünyada milyonlarla insan var ki, məhz bu proqram vasitəsilə bəladan xilas olub. Əgər şəxs içəridə öyrəndiyini buranı tərk edəndən sonra həyatında tətbiq edəcəksə, bu zaman, təbii ki, nəticə əldə edə biləcək".
Həmsöhbətimiz bizə müalicə proqramı haqda da danışır: "Bu proqram 1935-ci ildə Amerikada yaranıb. Lakin sırf Azərbaycanda tətbiq etdiyimiz proqram Belarusun Minsk şəhərində həyata keçirilən proqramın eynisidir. O, "12 addım" adlanır. Minskdə "Gənclərin Sağlamlıq Mərkəzi" var və orada bu proqram əsasında narkomaniyadan əziyyət çəkənlər xilas yolu tapırdılar. Mərkəzimizdə reabilitasiyanın birinci mərhələsi altı aydır. Sonra isə reabilitasiyanın eyni müddət təşkil edən ikinci mərhələsi gəlir. İlk altı ayda biz pasiyentlərə buradan çıxandan sonra necə həyat tərzi yaşanmalıdır, bunu öyrədirik. Növbəti altı ay ərzində isə şəxs könüllü işçi olur. O, iki gün öz evində yaşayır. İki gündən sonra buraya gələrək erkən mərhələdə olan şəxslərə yardımçı olur. Həm öz təcrübəsini bölüşür, həm də "ayıqqalma həyatı"nın bünövrəsini bərkidir".
İradəsizlik, yoxsa xəstəlik?
K.Hacıyev deyir ki, narkomaniyanın iradəsizliklə heç bir əlaqəsi yoxdur: "Bu bir xəstəlik olduğundan düzgün maariflənməyə ehtiyac var. Bəzən deyirlər ki, "sən kişisən, kişi ol, istifadə etmə, iradəli ol, canını qurtar". Bu belə deyil. Hər xəstəliyin simptomu olduğu kimi, asılı xəstəliyin də özünəməxsus simptomu var. Keçmiş narkotik istifadəçisi olaraq deyə bilərəm ki, narkotiki istəyib-istəməmək adamın əlində deyil. Sadəcə olaraq belə ifadə edə bilərəm ki, asılı şəxs kompleksli olur. O, özünə qapanan olur, təkliyi sevən olur, tez qıcıqlanır, tez özündən çıxır. Lakin narkotiki istifadə etdikdə bu kompleksləri azalır. Bu xəstəlik bir növ hissiyyatla bağlıdır. Qeyd edim ki, tətbiq etdiyimiz bu proqram insanlara narkotiksiz yaşamağı öyrədir".
"Son üç il ərzində yüz nəfəri xaricə müalicəyə göndərmişəm ki, onlardan 20-si bu bəladan xilas yolu taparaq ayıq həyat tərzinə qayıda bilib. Əslində, "12 addım" proqramı çətin deyil, sadəcə olaraq tələblərə əməl etmək lazımdır ki, bu insan sonrakı həyatını ayıq olaraq yaşasın. Buraya təzə gələn şəxs danışmasa da, hansı hisslər keçirir, onu bilirəm. Çünki o hissləri mən özüm də yaşamışam. Müəssisəmizə kimsə təzə gəlirsə, hər kəs ona yardım etməyə çalışır və həmin şəxs mərkəzin ən sevimli adamı olur. Burada hər kəs bir-birinə kömək edir ki, ayıq qalsın", - deyə o əlavə edir.
Asılı insan narkotiklə yanaşı, bəzi vərdişlərdən də imtina etməlidir
Həmsöhbətimiz bildirir ki, reabilitasiya daxilində proqramdan söhbət gedirsə, burada dava, söyüş, aqressiya yolverilməzdir: "Buradakı sakinlər köhnə vərdişlərdən, xasiyyətlərdən əl çəkərək yeni həyat tərzi yaşamağa vərdişkar olurlar. Burada sakinlərimiz əsəbləşərkən emosiyaları idarə etməyi, cilovlamağı öyrənirlər. Asılı insan narkotiklə yanaşı, bəzi vərdişlərdən də imtina etməlidir. Məsələn, belə şəxs narkotiki tərgidərkən, həm də araqdan imtina etməlidir. Çünki içki qorxu hissini aradan qaldırır. Qorxu hissi olmadıqda adi normal insan belə, içəndə, loru dillə desək, şirə dönür. Qorxu hissi olmadıqda insan yenidən narkotiklə olan həyatına qayıda bilər. Belə şəxslər nə psixotrop dərman ata, nə də yüngül narkotik istifadə edə bilərlər".
Mərkəz sakinləri "ayıq həyat" yaşamağın zövq verdiyini bildirirlər. Onlar artıq gül-çiçəyin qoxusunu hiss etdiklərini, rəngləri seçə bildiklərini, həyatın nə qədər şirin olduğunu, o cümlədən də narkomaniyanın səbəb olduğu itki və bəlaların mahiyyətini anlamağa başladıqlarını deyir, həyat hekayələrini dilə gətirirlər. Bu barədə isə daha ətraflı növbəti yazılarda...
Göründüyü kimi, narkomaniyadan azad olmaq mümkün imiş. Amma bu sadəcə boş bir təsəlli, gərəksiz bir ümid deyil. On iki addımla yeni həyata qədəm atmaq olar. Narkomaniya "ağ ölüm"dür. Hər şey əlinizdə ikən bu bəlaya düçar olmayın, özünüzü, övladlarınızı qoruyun!
Eləcə də oxuyun:
-
Psixiatr - ""Patı" istifadəçilərinin evdə müalicəsi çətindir"
-
"Patı" dəhşəti: Azərbaycanda qadınlar arıqlamaq üçün "ağ ölüm"ün girbadına düşür
-
Narkotiklərə maraq yaratmaq üçün bu metoddan istifadə edilir - Leyla Yolçuyeva danışır
-
Bakıda valideynlər 5 yaşlı uşağa dəhşətli işgəncə verib - İş prokurorluğun nəzarətindədir
-
Bakıda patı çəkən marşrut avtobusu sürücüsünə görün nə cəza verdilər