Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Psixiatr - ""Patı" istifadəçilərinin evdə müalicəsi çətindir"

© AFP 2021 / RODGER BOSCHОфицер правоохранительных органов держит пакет с метамфетамином, фото из архива
Офицер правоохранительных органов держит пакет с метамфетамином, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.07.2021
Psixiatr Orxan Fərəcli "patı" qəbulu səbəbindən yaranan psixozların şizofreniyadan fərqlənmədiyini söyləyir.

BAKI, 25 iyul — Sputnik. Azərbaycanda "patı" adlandırılan metamfetaminin qəbulu bölgələrdə geniş vüsət alıb. Bu barədə psixiatr Orxan Fərəcli Sputnik Azərbaycan-a açıqlamasında məlumat verib. O bildirib ki, bölgələrdə xüsusilə gənclərin bu sintetik narkotik vasitə barədə məlumatsızlığı onları "patı"nın qurbanına çevirir.

O.Fərəcli deyir ki, metamfetamin sintetik narkotik vasitə olduğundan ondan istifadə edənlərdə psixi asılılığın yaranmasına səbəb olur:

"Metamfetaminin istifadəsi psixi asılılıq yaratdığından, xəstənin psixiatr tərəfindən müalicəsinə ciddi ehtiyac yaranır. Amma çox təəssüf ki, biz belə xəstələri ev şəraitində müalicə edə bilmirik. Onlar bu bəladan xilas olmaq üçün mütləq şəkildə psixiatra müraciət etməlidirilər. Təəssüf ki, bu bəlaya düçar olan, "patı"dan psixoloji asılı olanlar çox vaxt psixiatra müraciət etməkdən, xəstəxanada müalicə kursu keçməkdən imtina edirlər".

O.Fərəclinin sözlərinə görə, "patı" qəbulu səbəbindən yaranan psixozlar şizofreniyadan, demək olar ki, fərqlənmir.

Psixiatr "patı" ilə bağlı məlumatların mediada işıqlandırılmasının doğru olub-olmadığına da toxunub. O bildirib ki, metamfetaminin istifadəsinin təhlükəli olduğu barədə ictimaiyyət məlumatlandırılmalıdır: "Bəzən insanlar bu narkotik vasitənin təhlükəli olduğu barədə xəbərsiz olduğundan onun təsirinə düşürlər.

Ona görə də mətbuat "patı" əməliyyatları, onun qurbanları barədə ictimaiyyəti məlumatlandırmalıdır. Amma mütləq xəbərin sonunda metamfetaminin insan həyatını necə məhv etdiyi, onu hansı bəlaya düçar etdiyi barədə maarifləndirici məlumatları qeyd etməlidir. Əks halda, insanlarda bu narkotik vasitədən istifadəyə maraq yarana bilər. Mətbuatın əsas işi insanları maarifləndirmək olduğundan, bu xəbərlər verilərkən cəmiyyətə onun fəsadları, insanları düşürdüyü durum barədə məlumat verilməlidir".

O.Fərəcli son günlər sosial şəbəkələrdə "patı" istifadə edən yeniyetmələrin düşdüyü durumu əks etdirən videoların paylaşıldığını da bildirib. Onun sözlərinə görə, səkilərdə yerdə uzanmış vəziyyətdə olan şəxslərin "patı" istifadə etməsi mümkündür. Psixiatr yeniyetmələrin bu bəlaya düçar olmasının qarşısının alınması üçün uşaqlar üzərində valideyn nəzarətinin olmasının, onların asudə vaxtının düzgün təşkil olunmasının zəruri olduğunu qeyd edib.

Qeyd edək ki, ölkəmizdə metamfetamin, narkomanlar arasında "patı" adlandırılan narkotik vasitə satan dəstələrin ifşa olunması ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdikləri əməliyyat tədbirləri davam edir. Bu əməliyyatlar nəticəsində onlarla "patı" və digər narkotik vasitə satan narkotacirlər iş başında yaxalanıb. Əməliyyat tədbirləri göstərir ki, "patı"nın ölkəmizdə satışı geniş miqyas alıb və bu, hüquq-mühafizə orqanlarını ciddi narahat edir. Bu məsələ sosial platformada da geniş müzakirə mövzusuna çevrilib. Hər kəs övladının bu narkotik vasitənin qurbanına çevriləcəyindən narahat olur.

Məlumat üçün bildirək ki, ötən il Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 4233 nəfər cinayət məsuliyyətinə cəlb olunub. 2020-ci ildə Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti və Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 5221 fakt aşkar edilib. Daxili İşlər Nazirliyi (DİN) iyulun 1-dən 17-nə kimi polis əməkdaşları tərəfindən qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin miqdarını açıqlayıb. İki həftə ərzində 187 kq marixuana, 92 qr bonzai, 3,1 qr metadon, 58 kq heroin, 24 ton çətənə (əkin), 11 kq metamfetamin, 3 kq tiryək, 11 ton çətənə (yabanı), 427 ekstazi, 15 qr kokain, 59 qr həşiş, 470 preqabalin dövriyyədən çıxarılıb.

Bu günlərdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin keçirdiyi növbəti əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitə və “patı”, şüşə kimi tanınan psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olan 7 nəfər şəxs saxlanılıb. Bu əməliyyatlarla ümumilikdə 2 kiloqramdan artıq heroin və metamfetamin qanunsuz dövriyyədən çıxarılıb.

Eləcə də oxuyun:

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала