BAKI, 17 iyul — Sputnik. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə brifinqdə səsləndirdiyi fikirlərlə münasibət bildirib.
Sputnik Azərbaycan-ın məlumatına görə, L.Abdullayeva bunun Nikol Paşinyanın növbəti, tamamilə yalan və iftira dolu bəyanatı olduğunu qeyd edib.
"Xatırladıram ki, bu cəfəng iddiaları 30 ilə yaxın Azərbaycana qarşı təcavüz siyasətini həyata keçirib, ərazilərini hərbi işğal altında saxlayan, bir milyondan çox azərbaycanlının fundamental hüquqlarını pozan ölkənin lideri səsləndirir.
"Böyük Ermənistan" xülyasından çıxış edərək Azərbaycana qarşı ərazi iddialarını günü bu gün də davam etdirən Ermənistanın Baş naziri vəzifəsini icra edən Paşinyan görünür, öz ölkəsinin aqressiv, destruktiv və barışmaz siyasətinə hər hansı "əsaslar" yaratmağa çalışır. Paşinyanın diqqətinə çatdırırıq ki, Ermənistandan fərqli olaraq, Azərbaycanın bu günədək heç bir dövlətə qarşı ərazi iddiası olmayıb. Azərbaycan, dövlətlərin beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmətlə yanaşır və eyni yanaşmanın Azərbaycana münasibətdə nümayiş etdirilməsini tələb edir.
Azərbaycan xalqının milli tarixi yaddaşında, soydaşlarımızın tarixən köklü xalq olaraq yaşadığı müasir Ermənistan ərazisi Qərbi Azərbaycan adlanır və məlum olduğu kimi, XX əsr ərzində soydaşlarımız bu ərazidən, sonuncusu 1988-ci il olmaqla, 3 dəfə deportasiya edilib.
Zəngəzur bölgəsi və onun Şərq və Qərb hissələrinə bölünməsi də bir tarixi reallıqdır. Soydaşlarımızın həmin ərazilərə qayıtması onların malik olduğu ən təbii haqlarıdır. Bu ərazi iddiası yox, qaçqınların öz evlərinə geri qayıtmasıdır; necə ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat bunu özündə ehtiva edir.
O ki, qaldı Paşinyanın "sərhəd gərginliyi, delimitasiya prosesinə əngəl törətmək" iddialarına bu, Paşinyanın riyakarlığından başqa bir şey deyil. Ərazi bütövlüyünü təmin edən Azərbaycan, ərazilərinin işğalı faktorunun aradan qaldırılması ilə beynəlxalq hüquq prinsipləri əsasında münasibətləri normallaşdırmağa, delimitasiya və demarkasiya prosesini başlamağa hazır olduğunu bəyan edib, bu istiqamətdə əməli addımlar atıb.
Ermənistan isə bunun qarşılığında vəziyyəti gərginləşdirmək, revanşizm, sülhü şərtləndirmək mövqeyindən çıxış edir. İllərdir ki, sərgilənən bu destruktiv yanaşmanın Ermənistan üçün nə ilə nəticələnəcəyini təxmin etmək isə çətin deyil", - deyə XİN rəsmisi vurğulayıb.
Eləcə də oxuyun:
-
İlham Əliyevdən: "Biz hər an müharibəyə hazırıq və hazır olmalıyıq"
-
Şuşa ətrafındakı mövqelərimiz yenə atəşə tutulub, cavab atəşi açılıb - MN
-
Ermənistanın Şuşa ilə bağlı "nota oyununa" rəsmi Bakıdan cavab
- Diplomatlar Şuşada: Pənahəli xanın sarayı, Mehmandarovların malikanəsi və Qazançı kilsəsi
- Dindarların Şuşa səfəri: Müqəddəs yerlərdə ibadət etdilər
- Ermənilərin Qarabağdan talayıb Gürcüstanda satdıqları heykəlləri Azərbaycan pulla alıb
- Misirli jurnalistlər Qarabağda: "Bu, tək İslama yox, bütün dinlərə qarşı təhqirdir"
- Bakıdan Yerevana sərt reaksiya: "Boş xülyalar Ermənistana yaxşı heç nəyi vəd etmir"