CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı milyonçunun heykəlinin qoyulacağı yerdə işlər başlanılıb

© Photo : Instagram / bahram_bagirzadeHacı Zeynalabdin Tağıyevin heykəli
Hacı Zeynalabdin Tağıyevin heykəli - Sputnik Azərbaycan, 1920, 15.07.2021
Abunə olmaq
Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltaraşlıq müsabiqəsini Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti keçirib.

BAKI, 15 iyul — Sputnik. Azərbaycanın böyük xeyriyyəçisi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin "İçərişəhər" metrostansiyasının yaxınlığında qoyulacaq heykəlinin ərazisi hasarlanır.

Sputnik Azərbaycan xəbər verir ki, ərazidə heykəlin qoyulması üçün qazıntı və bünövrə qoyulması işlərinə başlanacağı gözlənilir. Heykəl ötən il hazırlansa da, pandemiya və müharibənin başlanması səbəbindən onun açılışı yubanıb. Sözügedən heykəl 6-7 aya hazırlanıb. Heykəlin hündürlüyü təxminən 2 metr yarım olacaq. O, tuncdan hazırlanıb.

Xatırladaq ki, ötən il martın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüş keçirmişdilər. Həmin görüşdə Əməkdar artist Bəhram Bağırzadə tərəfindən Hacı Zeynalabdin Tağıyevin Bakıda heykəlinin ucaldılması barədə təklif səsləndirilmişdi.

Daha sonra Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltaraşlıq müsabiqəsi elan etmişdi. Xalq rəssamı Xanlar Əhmədovun layihəsi qalib olmuşdu.

Qeyd edək ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Z.Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltaraşlıq müsabiqəsi keçirib. Tanınmışlarla yanaşı, gənc rəssam-heykəltaraşlar və əcnəbi müəlliflərin də qatıldığı müsabiqəyə təqdim olunan 26 əsərdən Xanlar Əhmədovun işi qalib olub.

Məlumat üçün bildirək ki, Tağıyev Azərbaycanlı milyonçu, mesenat, Rusiya İmperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısı və II və III dərəcəli Müqəddəs Stanislav ordeni laureatı olub. O, həm də Bakı neftini, Xəzər dənizi və Qafqaz dəmir yolu vasitəsilə ixrac edən ən böyük sahibkarlardan idi. Azərbaycanda sovet respublikası qurulandan sonra vəziyyət kökündən dəyişir. Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilir. O, özünün artıq əlindən alınmış keçmiş mülkiyyətlərindən ancaq Mərdəkandakı bağ evini seçir.

Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də, 101 yaşında (bəzi mənbələrə görə 86 yaşında) vəfat edib və sentyabrın 4-də dəfn edilib. Onun dəfninə çox böyük izdiham toplanıb. İnsanlar yas mərasiminə bütün Bakı və ətraf kəndlərdən ərzaq gətiriblər. Ölümündən sonra Nəriman Nərimanovun köməkliyi ilə Bakının "Kommunist" və "Bakinskiy Raboçiy" qəzetlərində onunla bağlı nekroloq çap edilib.

Eləcə də oxuyun:

Xəbər lenti
0