Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 25 mart — Sputnik. Bu ərazidə hər kəs buranı "Domsoyuz"un binası kimi tanıyır. Bir əsrdən çox yaşı olan üçmərtəbəli evin uçmaq təhlükəsi olsa da, sakinlər onu tərk etmir, xof içində olsa da, illərdir burada yaşayırlar.
Sputnik Azərbaycan Səbail rayonu, Yüzbəy Mürsəlov 147 ünvanında yerləşən, vaxtilə əsgər kazarması olan binadan reportajı təqdim edir.
Qeyd edək ki, "Domsoyuz"un binası Bayıl yamacında yerləşdiyindən buraya gedənlər öncə dolanbac yollardan keçməlidirlər. Adına yol desək də, burada qurulan yol infrastrukturu daha çox yolsuzluğu xatırladır. İki avtomobilin yan-yana keçməsi mümkünsüz olduğundan, yuxarıdan gələn avtomobillər aşağıdan, "Domsoyuz"un binasına qalxan avtomobilləri gözləmək məcburiyyətində qalır. Sakinlərin sözlərinə görə, burada sürücülər bir-birinə yol vermək üçün bəzən avtomobili yolun yarısından geri döndərməyə məcbur olurlar. Yolla yuxarı qalxdıqda sürücülərin yaşadığı bu problemin biz də şahidi olduq.
Nəhayət ki, gəlib çatırıq bir əsrdən çox tarixə şahidlik etmiş binaya... Sakinlərlə söhbət zamanı öyrənirik ki, bina köhnə olduğundan tam yararsız vəziyyətdədir. Sütunları aralanıb, tavanından beton plitələr qoparaq yerə tökülür.
86 yaşlı bina sakini Adil Abbasov deyir ki, yaşadıqları evin "Domsoyuz"un binası adlandırılması təsadüfi deyil. Çünki bina Hacı Zeynalabdin Tağıyev, V.Q.Şaxov və Murtuza Muxtarov tərəfindən inşa olunub. Üçlüyün maliyyəsi və zəhməti hesabına başa gələn bina "İttifaq binası" adlanıb və vaxtilə kazarma kimi istifadəyə verilib. Həmin dövrdə binanın birinci mərtəbəsində əsgərlər at saxlayıblar. İkinci mərtəbədə əsgərlər, üçüncü mərtəbədə isə zabit heyəti yaşayıb. Elə binanın ümumi sanqovşağından qalan qalıqlar da buna sübutdur. Sakinlərin sözlərinə görə, binada böyük ümumi hamam olub. A.Abbasovun sözlərinə görə, sonradan bina sakinlərin istifadəsinə verilib. Burada indi 100-dən çox ailə yaşayır. Təbii ki, buna yaşamaq demək mümkünsə...
"Binaya kənardan baxanda adamı vahimə basır. Çürüyən dəmir pilləkənləri, tavanı uçub tökülən eyvanları, aralanan sütunları görürsünüz. Evin içində, divarlarda yaranmış çatların üstünü isə kağız örtüklərlə örtmüşük. Bizə binanın qəzalı vəziyyətdə olduğu, söküləcəyi barədə dəfələrlə söz verilsə də, hələ ki aidiyyatı qurumlardan bir səs çıxmır. Bizim isə köçüb yaşamağa başqa evimiz olmadığından, təhlükəli olsa da, burada yaşamağa davam edirik", - Abbasov deyir.
O qeyd edib ki, bu binanın bir əsrdən çox yaşı var. 2000-ci ildə Bakıda baş verən 8 bal gücündə zəlzələdən sonra bina yararsız vəziyyətə düşüb. Hətta çöldən divarlarda çatlar əmələ gəlib. Divarı saxlamaq üçün çatlara dəmirlər vurulub. Burada yaşayanların arasında məcburi köçkünlər olsa da, çoxu Səbail rayonu sakinləridir. İndiki sakinlərin əksəriyyəti elə bu binada doğulub, böyüyüb.
Sakinlər deyirlər ki, bina günü-gündən daha da bərbad vəziyyətə düşür. Həbibə adlı sakin binanın tavanlarından qopan beton parçaların onların həyatı üçün əsl təhlükə yaratdığını bildirir. Sakinlərin dediyinə görə, yay aylarında bina ilanların məskəninə çevrilir. Su və kanalizasiya xətləri çürüyən binanın, demək olar ki, hər mərtəbəsindən su axır. Çürüyən dəmir pilləkənlərlə digər mərtəbələrə çıxmaq isə təhlükəlidir. Bütün bu təhlükələrə baxmayaraq sakinlər burada ümidlə yaşamağa davam edirlər. Bir gün aidiyyatı qurumlar tərəfindən qəzalı olduğu barədə rəy verilən binanın söküləcəyi ümidilə. Ümid isə sonda ölür deyirlər...