BAKI, 1 iyul — Sputnik. "Nizami Gəncəvi İli" ilə əlaqədar dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Leyli və Məcnun" poeması Tbilisidə nəşr olunub. Sputnik Azərbaycan xəbər verir ki, "İverioni" nəşriyyatında işıq üzü görən kitabı orijinaldan gürcü dilinə görkəmli gürcü şərqşünası və mütərcimi professor Maqali Todua tərcümə edib.
Kitabın redaktoru yazıçı-tərcüməçi İmir Məmmədli, ön sözün müəllifi isə professor Xəlil Yusiflidir.
Xatırladaq ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibəti ilə Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsi haqqında Sərəncam imzalayıb. 2021-ci ilin "Nizami Gəncəvi İli" elan olunması təkcə Nizami yaradıcılığına, ədəbiyyata deyil, ümumilikdə mədəniyyətə, Azərbaycana və sivilizasiyaya verilən dəyərdir. "Nizami Gəncəvi İli"nin elan olunmasında məqsəd, Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin irsini dünya ictimaiyyətinə daha yaxından tanıtmaq, eyni zamanda, Nizami irsinin rolunu araşdırmaqdır.
Məlumat üçün bildirək ki, Nizaminin "Leyli və Məcnun" əsəri "Xəmsə" toplusuna daxil olan üçüncü poemadır. Əsər 1188-ci ildə fars dilində yazılıb. Nizami bu əsəri Şirvanşah I Axsitana (1160-1197) ithaf edib. Əsərin süjetinin əsasında sonradan "Məcnun" (dəli) adlandırılan gənc Qeys və gözəl Leylinin nakam eşqindən bəhs edən qədim "Leyli və Məcnun" dastanı dayanır. 4600 beytdən ibarət olan poema "Leyli və Məcnun" haqqında dastanın fars dilində yazılmış ən məşhur variantıdır. Nizami "Leyli və Məcnun" haqqında xalq dastanını yazılı ədəbiyyata gətirən ilk şairdir.
Eləcə də oxuyun:
-
Nizami Gəncəviyə həsr olunmuş xalça eskizi müsabiqəsinin qalibləri müəyyənləşib
-
Milli Kitabxana Nizami Gəncəvi haqqında elektron xülasə hazırlayıb
-
Kiyevin mərkəzində azərbaycanlıya heykəl qoyulacaq