Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Tezliklə Avropa içəridən parçalanacaq, Aİ isə Rusiyanı cəzalandırmaq barədə düşünür

© AFP 2023 / JONATHAN NACKSTRANDФлаг Европейского Союза (ЕС), фото из архива
Флаг Европейского Союза (ЕС), фото из архива - Sputnik Azərbaycan, 1920, 25.06.2021
Abunə olmaq
Nəzarətsiz qeyri-leqal miqrantlar onları qəbul edən ölkələri daxildən parçalamasa belə, Avropa İttifaqının başı üstündə Demokl qılıncı kimi asılıb qalacaq, bu absesi görməmək isə mümkün deyil.

BAKI, 25 iyun — Sputnik. Dünən Avropa İttifaqının (Aİ) qırx səkkiz saat sürən sammiti baş tutdu, bu gün isə plenar iclas keçirilib. Rəsmi gündəm - "demokratiya və təkamül əleyhdarlarının" davranışlarını müzakirə etməkdir. Bu sıraya Rusiya və Belarus aid edilir.

Aİ üçün təhlükələr haradan gəlir?

Belarusa qarşı sanksiyalar paketi tezliklə təsdiqlənəcək, gözlənilən əsas məqam Belarus kaliumunun Avropaya ixracı ilə bağlı məhdudlaşdırıcı tədbirlərdən (bu, Avropa fermerləri tərəfindən istehlak olunan xammalın dörddə biri qədərdir, onların bu itkini nə ilə dolduracaqları isə məlum deyil) ibarətdir.

Rusiyanın davranışlarına gəlincə, yeni dəbli Avropa "partkomu" həmin məsələni maddə-maddə müzakirə edəcək ki, son yeddi ilin bir gününü belə "Şərqdən gələn təhdidlərsiz" təsəvvür etməyən Avropanın işıqlı cəmiyyətini qorxuya salsın.

Vəziyyəti "Qərb tərəfdaşları"mızın təklif etdikləri hərbi terminlərlə təsvir etsək, kəşfiyyatda bu cür davranış "diqqəti əhəmiyyətsiz hədəfə doğru yayındırmaq" adlanır, çünki Aİ üçün həqiqətən də hər hansı bir təhlükə varsa, bu, Şərqdən deyil, ancaq Cənubdan gələ bilər. Bu təhdid o qədər mühümdür ki, heç kim onu açıq şəkildə müzakirə etmək istəmir, çünki qorxurlar. Axı qeyri-qanuni miqrasiya son illərdə hər saniyədə alovlana biləcək bir məsələyə çevrilib.

Özünüz qərar verin: Avropalıların sammitdə müzakirəyə çıxarmaq niyyətində olduqları Türkiyə üç milyon potensial qaçqını öz ərazisində saxlayır. Və Brüssellə müqavilələrə riayət edib-etməmək Ankaranın öz istəyindən asılıdır.

Miqrantları göndərənlərlə gətirənlər arasında möhkəm əlaqə

Aralıq dənizindəki qeyri-qanuni miqrantları xilas edən QHT-lərlə potensial sığınacaq axtaranları (həm də Avropadan səxavətli sosial paket almağa namizəd olanları) Şimali Afrika sahillərində yararsız qayıqlara mindirənlər arasındakı əlaqələrin olduğu hüquqi baxımdan öz təsdiqini tapsa da, Aİ hüquq-mühafizə orqanları insan alveri şübhəlilərinin məsuliyyətə cəlb edilməsi üçün demək olar ki, heç bir tədbir görmür.

İtaliya prokurorluğu məsələnin bir qədər dərininə gedəndən sonra məlum oldu ki, Şimali Afrikadan şişmə qayıq göndərənlərlə miqrantları qeyri-qanuni yolla icarəyə götürülmüş dəniz nəqliyyat vasitələrinə mindirənlər arasında möhkəm əlaqə var və telekommunikasiya texnologiyalarının bütün nailiyyətləri onların hər ikisinin xidmətindədir.

Bu barədə Avropolun hesabatında (çox güman ki, ilk hesabat deyil) da geniş şəkildə bəhs olunur. Hesabatda rəqəmlər də öz əksini tapıb. "Avropa cənnətinə" üz tutan bir qeyri-leqal miqrantın ora ötürülməsi mütəşəkkil cinayətkarların cibinə yeddi min avro qazandırır.

Əsas marşrutlar:

– Şərq marşrutu – Yunanıstandan keçməklə, sonra da Balkanlardan və rumın, bolqar, xorvat uzaq məsafə sürücülərinin köməyi ilə Almaniya və Fransaya;

– Qərb marşrutu – ispan limanlarından keçməklə və yenə uzaq məsafə sürücülərinin köməyi ilə Fransaya;

– Orta (və ən məşhur ) marşrut – italyan limanlarından keçməklə; və yenə marşrutun son nöqtəsi qismində Fransa çıxış edir.

Belə bir məlumat var ki, hər il bu və ya digər yollarla Fransaya 350-400 min nəfərə kimi insan (müqayisə üçün bildirək ki, Fransanın Nitsa şəhərinin əhalisi bu qədərdir) gəlir. Qeyri-qanuni miqrantların yarısının və ya üçdə birinin bu ölkədə qaldığını düşünsək, yalnız bu fakt belə nəzəri cəhətdən hakimiyyət orqanlarını problemin həllinə məcbur etməli, digər tərəfdən isə cəmiyyəti ayağa qaldırmalıdır.

Problemlərin texniki olaraq gözardı edilməsi

Artıq fransız şəhərlərinin küçələri fransızlara məxsus deyil. İndi bu küçələrdə hətta gündüzün günorta vaxtı belə gəzmək təhlükəlidir. Hətta varlıların yaşadığı məhəllələrdə belə qadınların boynundan boyunbağısını və ya qolundan bilərziyini dartıb çıxara bilərlər. İşıqforun qırmızı işığında dayanan maşının sürücüsü pəncərəni bağlamayıbsa, bu saat, pul və ya kredit kartının oğurlanması ilə nəticələnə bilər.

Metroya minməklə mobil telefonunuzdan məhrum ola bilərsiniz.

Bu xırda-para, polis xülasələrində deyildiyi kimi "hüquq pozuntuları", demək olar ki, heç vaxt mətbuat səhifələrinə və ya informasiya portallarının xəbər lentinə düşmür. Çünki "Beşinci respublikanın" jurnalistləri əmindirlər ki, bu cür məlumatlar "zəiflərə və müdafiədən məhrum olanlara" qarşı nifrəti alovlandıra bilər".

Əvəzində ölkədə baş verənlər barədə açıq danışmaq istəyənlər ardıcıl şəkildə nifrət alovuna məruz qoyulur.

Buna ən son nümunə Marin Le Penin "Milli Birlik" partiyasına qarşı çoxsaylı məhkəmə iddialarıdır (Fransız Hüquqşünaslar Palatası da daxil olmaqla): Onun partiyasının təşviqat materiallarında yalnız bir qeyri-qanuni azyaşlı miqrantın bir il saxlanmasının büdcəyə təxminən 50 min avroya başa gəldiyi ifadə edilmişdi. Bu rəqəmlər kifayət qədər rəsmidir və Senat Komissiyasının hesabatından götürülmüşdü, onları təkzib etmək çətindir. "Milli Birliyin" yeganə günahı isə onları götürüb elan etməsidir.

Tok-şoulardan çıxmayan, milliyətçiləri (əslində vətənpərvər insanları) ksenofobiyada ittiham edən, "geniş açıq qapılar" siyasətini axıra kimi dəstəkləyən elə həmin jurnalistlər, şərhçilər və mütəxəssislər get-gedə daha böyük narahatlıq doğuran Avropolun hesabatlarını da, kriminalistlərin ölkədə qeyri-qanuni miqrasiyanın və zorakılıq səviyyəsinin ekspinensial artımı ilə bağlı xəbərdarlıqlarını da texniki olaraq gözardı edirlər.

Yuxarı yaşlı yeniyetmələrin və gənclərin zorakılıq problemləri ilə məşğul olan məşhur həkim-psixiatr Moris Berje "Fiqaro"-ya müsahibəsində açıq-aşkar bəyan edir:

"Nəzarətsiz qeyri-qanuni miqrasiyanın qarşısını bir neçə illiyə, heç olmasa, yeni gələnlər yaşadıqları ölkənin qanunlarına riayət etməyi öyrənənə qədər almaq vacibdir. Bəli, kimlərsə bu qərarın ədalətli olmadığını düşünə bilər, ancaq bizim başqa çıxış yolumuz yoxdur".

Nəzarətsiz qeyri-qanuni miqrasiya – praktiki olaraq Aİ-nin daxilində güclü fikir ayrılığı doğuran yeganə amildir. Bəzi dövlətlər var ki, Brüsselin vəsaitsiz və dəstəksiz qoyduğu "gələcək avropalıları" təchiz edərək ilk zərbəni öz üzərinə götürülər. Bu isə öz növbəsində qeyri-qanuni miqrantların hərəkəti üzərində hər hansı bir nəzarətin olmamasına gətirib çıxarır. Bu barədə Yunanıstanın hakimiyyət nümayəndələri kifayət qədər açıq danışırlar.

Baş verənləri öz adı ilə çağırmalı, ya da...

İtaliya səs çıxartmağa cəhd göstərir: sammit ərəfəsində Roma bəyan etdi ki, miqrasiya mövzusu və ya heç olmasa hazırkı qəbul prosesinin bir hissəsi gündəliyə salınsın. Ancaq praqmatik Mario Draqanın çağırışı heç bir reaksiya doğurmadı, yalnız bildirdilər ki, onun "sözünü eşidiblər".

Bundan başqa, Macarıstan, Polşa da var: Budapeşt və Varşava Paris, Nitsa və Avinyonda, etnik gettolara çevrilmiş şəhər kənarlarında baş verənləri görəndən sonra, nə "Avropa həmrəyliyi" çərçivəsində, nə də mümkün maliyyə mükafatları müqabilində öz ölkələrində bu vəziyyətin təkrarlanmasına can atırlar. Üstəlik, Orban və Moravetski (heç tərəfdarı olmayan Makrondan fərqli olaraq) tam olaraq belə bir siyasət yürütmək üçün ictimai mandata sahibdirlər.

Beləliklə, nəzarətsiz qeyri-leqal miqrantlar onları qəbul edən ölkələri daxildən parçalamasa belə, Avropa İttifaqının başı üstündə Demokl qılıncı kimi asılıb qalacaq, bu absesi görməmək isə mümkün deyil.

Ya baş verənlər öz adı ilə çağırılmalı, ya da susqunluq, ört-basdır etmək və senzura siyasəti məntiqi sonla nəticələnənə qədər bu cür davam edəcək. Bu sepsis, Avropa orqanizminin ümumi iltihabı, yəni elə həmin Parisin və ya Nitsanın küçələrində vətəndaş müharibəsi başlayana qədər sürəcək. Yeri gəlmişkən, hərbçilər Makrona bu barədə nə az, nə çox, düz üç dəfə xəbərdarlıq ediblər.

Eləcə də oxuyun:

Xəbər lenti
0