Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Avropa çempionatının qrup mərhələsi arxada qaldı

© Jonathan NACKSTRAND / various sources / AFPБолельщики Дании с надувным футбольным мячом
Болельщики Дании с надувным футбольным мячом - Sputnik Azərbaycan, 1920, 25.06.2021
Abunə olmaq
Qitənin ən güclü on altı komandası mübarizəni davam etdirəcək, səkkiz komanda isə turniri tərk edir. Ümumilikdə, qrup mərhələsi tamamilə ədalətli nəticələrlə bitib və futbol həvəskarları səbirsizliklə heç kimə güzəşt olunmayacaq 1/8 oyunlarını gözləyirlər.

Budur, onaltıncı Avropa çempionatının qrup mərhələsi sona çatdı. Qeyd etməliyəm ki, qrup mərhələsinin son turu futbol həvəskarlarına hansısa gözlənilməz nəticə nümayiş etdirmədi və tamamilə ədalətli şəkildə hazırkı qitə birinciliyində mübarizəni davam etdirəcək on altı komandanı müəyyənləşdirdi. Qrup mərhələsində uğursuz komandaların əksəriyyəti, nadir istisnalar olmaqla, elə bu cür iflasa da layiq idilər və üçüncü tur da onların oyunundakı çatışmazlıqları bir daha sübut etdi. Hörmətli futbol həvəskarları, gəlin, son turu nəzərdən keçirək...

"A" qrupu

İtaliya-Uels, 1:0

Mənə elə gəlir ki, bu oyunda italyanların qalib gələcəyinə heç kim şübhə etmirdi. Uelslilərin kifayət qədər inamlı oyununa baxmayaraq, 39-cu dəqiqədə Pessinanın vurduğu qol "Skuadra Adzurra"nın görünən üstünlüyünü bir daha təsdiq etdi. Uels yaxşı komandadır və onların qrupda ikinci yeri tutması da bunun bariz göstəricisidir, lakin italyanlar onlardan bütün parametrlərə görə ən azı bir baş üstündürlər. İtalyanlar qrupda birinci yeri digər komandalardan aşkar üstün olduqlarına görə tutdular.

İsveçrə-Türkiyə, 3:1

İsveçrə millisi döyüşkən komandadır və ümumilikdə turnirdə kifayət qədər inamlı oyun nümayiş etdirərək 1/8 finalda oynamaq haqqını qazanıb. Komanda üçüncü turda türklərə qalib gələrək bu vəzifənin öhdəsindən inamla gəlib. Seferoviç və Şakirinin birinci hissədə vurduqları qollara ikinci hissədə türklər Kahvecinin qolu ilə cavab verdilər. Elə buna görə də türklərin hələ bundan başqa da nə isə edə biləcəklərinə ümidlər yenidən baş qaldırdı. Lakin elə həmin Şakiri 68-ci dəqiqədə bütün bu ümidlərin üstündən xətt çəkdi. İsveçrəlilər haqlı olaraq 3:1 hesabı ilə qalib gəldilər və qrupda üçüncü yerdən Avropa çempionatının növbəti mərhələsinə çıxdılar. İsveçrənin heyətində hər üç qol üçün məhsuldar ötürmə etmiş Tsuberi xüsusi qeyd etmək istərdim.

Türkiyə millisinə gəldikdə isə... Mənə elə gəlir ki, əvvəlki şərhlərdə qardaş ölkənin komandasının Avropa birinciliyində necə oyun nümayiş etdirdiyini kifayət qədər ətraflı şəkildə təsvir etmişəm. Komandanın yeganə nailiyyəti odur ki, üçüncü turda nəhayət ki, rəqib komandanın qapısına qol vura bildi. Buna baxmayaraq Türkiyə millisi tamamilə iflasa uğradı. Azarkeşlərdən həm baş məşqçi Şenol Günəş, həm də komandanın kapitanı Buraq Yılmaz başda olmaqla bütün oyunçular üzr istədilər. Düşünürəm ki, bu üzrhaqlıqları qəbul edib Günəşə öz işini davam etdirmək üçün imkan vermək lazımdır. Ola bilər ki, onun hazırkı komandanın Türkiyə futbolunun gələcəyi olması barədə dedikləri tamamilə əsaslıdır. Qoy işi ilə dediklərini və haqlı olduğunu sübut etsin.

"B" qrupu

Finlandiya-Belçika, 0:2

Məhkəm komanda təsiri bağışlayan Finlandiya yığmasına nə qədər yaxşı münasibət bəsləsəm də, onlar hələ ki belçikalılara rəqabət göstərə biləsək səviyyəyə qədər yüksəlməyiblər. Əminəm ki, ilk turda onların danimarkalılar üzərində qələbəsi Danimarka millisi oyunçularının finlərlə oyun zamanı ürək çatışmazlığından yıxılaraq huşunu itirən Kristian Eriksenin səhhətindən narahatlıqları ilə bağlı oldu. Qradetskinin avtoqolu və Lukakunun Suomi qapısına vurduğu qol hesabı 0:2 etdi, lakin belçikalıların oyunda ustalıq səviyyəsi bu nəticədən müqayisəyəgəlməz dərəcədə yüksək idi. Finlər bacardıqlarını nümayiş etdirdilər və onların elə Avropa çempionatında iştirakının özü də artıq böyük nailiyyətdir.

Rusiya-Danimarka, 1:4

Oyun keyfiyyətinə görə Avropa çempionatında ruslardan pis oynayan ancaq türklər oldu, o da ki, lap azacıq. Külli miqdarda texniki səhvlər və tamamilə savadsız taktiki təlimatlar (yaxud oyunçuların həmin təlimatları həyata keçirə bilməməsi) Stanislav Çerçesovun komandasının iflasına gətirdi. Onlar qrupda yalnız finlərə qalib gələ bildilər, amma heç bunu da aşkar şəkildə edə bilmədilər. Danimarkalıların ilk hissədə vurduğu iki, ikinci hissədə isə əlavə olaraq vurduğu iki qol onların oyunda üstünlüklərini əyani şəkildə nümayiş etdirdi. Rusiyalılar Danimarka millisinin əlindəki bu "poker"ə ancaq penaltidən vurulmuş yeganə qolla cavab verdilər. Penaltini Artyom Dzüba qola çevirdi. Bu qrupda hər şey tamamilə ədalətli sona çatıb: danimarkalılar Avropa çempionatında mübarizəni davam etdirmək haqqını qazanıblar, finlər və ruslar isə turniri tərk etməyə layiq olublar.

"C" qrupu

Şimali Makedoniya-Niderland, 0:3

Bu qrupda konkret, aşkar autsayder var idi və bu, Şimali Makedoniya komandası idi. Tarixində ilk dəfə qitə birinciliyinin final mərhələsində oynayan bu komanda nəticədə onun üçün hazırlanmış sonuncu yeri tutdu. Lakin komanda yaxşı futbol nümayiş etdirdi, bütün oyunlarda sona qədər mübarizə apardı və futbol həvəskarlarının rəğbətini qazandı. Onlar bacardıqlarının hamısını etdilər və pərəstişkarlarının gözlərinə baxmaqdan utanmayacaqlar. Niderland komandasına qarşı oyun Makedoniya futbolunun əfsanəsi, yığmanın 37 yaşlı kapitanı Qoran Pandev üçün son oyun oldu. Onu ikinci hissədə başqa qapıçı ilə dəyişərkən komanda üzvləri öz kapitanları üçün fəxri canlı dəhliz təşkil etdilər. Oyun isə "zanbaqlar ölkəsi" futbolçularının aşkar üstünlüyü ilə keçdi və onların xeyrinə başa çatdı. Birinci hissədə Depayın vurduğu qol, ikinci hissədə Vaynaldumun vurduğu iki qol "narıncılar"ın üstünlüyünün nə qədər aşkar olduğunu göstərdi. İtaliya və Belçika komandaları kimi, Niderland da bütün turlarda qalib gələrək qrup mərhələsini inamla birinci yerdə başa vurdu.

Ukrayna-Avstriya, 0:1

Dəfələrlə qeyd etmişəm ki, Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko Avropa çempionatına gözəgəlimli komanda çıxarıb. Ukraynalıların Avstriya millisi ilə oyunda qələbəyə bütün şansları vardı. Lakin sonuncular öz əsas kartlarını – sürətli oyunu istifadə etdilər və ukraynalılar buna layiqli cavab verə bilmədilər. Oyunun 21-ci dəqiqəsində qarşılaşmanın yeganə qolunu Baumqarten vurdu ki, bu da Franko Fodun yetirmələrinə qrupda ikinci yeri tutmaqda kömək etdi. Əgər bu qədər baxımlı oyun nümayiş etdirən Ukrayna millisi turnirdə iştirakını davam etdirməsəydi, təssüflü olardı. Lakin digər qruplarda hadislər elə cərəyan etdi ki, Şevçenkonun yetirmələri yenə də 1/8 finala çıxa bildilər. Əminəm ki, bu ədalətli nəticədir, çünki ukraynalılar çox savadlı və gözəl oyun nümayiş etdirirlər.

"D" qrupu

İngiltərə-Çexiya, 1:0

İngilislər çempionatda o qədər də inamlı oyun mümayiş etdirmirlər. Bir çox mütəxəssislər əmindirlər ki, Dumanlı Albion yığmasının baş məşqçisi Qaret Sautgeyt bütün bunları nəzərə alıb və ingilislər pley-off mərhələsində artıq özlərini lazımi şəkildə göstərə biləcəklər. Həmin ekspertlərin haqlı olduğunda əmin deyiləm, amma buna baxmayaraq ingilislər Raxim Sterlinqin 12-ci dəqiqədə vurduğu qol sayəsində çexlərə qalib gələrək, qrupda birinci yerə çıxdılar. Çexlər də incik deyillər, üçüncü yerdə qərarlaşmalarına baxmayaraq, onlar da 1/8 finalda mübarizəni davam etdirəcəklər.

Xorvatiya-Şotlandiya, 3:1

Özləri üçün tarixi nailiyyətdən – ingilislərlə oyunda heç-heçədən sonra şotlandiyalılar futbol ictimaiyyətinin diqqətini özlərinə cəlb etdilər. Bir çoxları Şotlandiya və Xorvatiya yığmaları arasında gərgin mübarizə olacağını deyirdilər. Lakin dünya vise-çempionları əvvəlki kimi oynamadıqlarına, Rusiyadakı mundialda olduqları kimi parlaq oyun nümayiş etdirmədiklərinə rəğmən hələ ki, şotlandiyalılara uduzacaq qədər də aşağı səviyyəyə düşməyiblər. 17-ci dəqiqədə Vlaşiç hesabı açdı, lakin birinci hissənin sonunda Makqreqor hesabı bərabərləşdirdi. Lakin 62-ci dəqiqədə solmaq bilməyən Modriç, 77-ci dəqiqədə isə yaxşı formada olan Perişiç Britaniya təmsilçilərinə heç bir ümid saxlamır. Bundan əlavə, dünya vise-çempionları hətta simasını qoruya bilərək ikinci yeri də tutur, lakin bu da onların statusunu o qədər də zəiflətmir.

"E" qrupu

İsveç-Polşa, 3:2

Məlum olduğu kimi, Avropa çempionatlarının tarixi gözlənilməz nəticələr və sensayilalarla doludur. Onaltıncı Avropa çempionatında hələ ki, "E" qrupunda baş verənləri nəzərə almasaq, sensasiya olmayıb. Bu qrupun sözsüz favoritləri Polşa və İspaniya milliləri idi. Lakin Polşa yığması Slovakiya komandasına məğlub olduqdan və ispanların iki heç-heçəsindən sonra favoritlərin vəziyyəti çox təhlükəli idi. Polşalılar hökmən isveçlilərə qalib gəlməli idilər ki, çempionatda mübarizəni davam etdirməyə şansları olsun. Amma oyunun ikinci dəqiqəsində Forsberqin vurduğu qol Polşa millisinin qətiyyətini xeyli soyutdu. İkinci hissədə elə həmin Forsberq yenidən Voytsex Şçensnanın qapısından qol keçirir. Elə təəssürat yaranırdı ki, polyakların işi artıq bitib. Lakin bu məqamda polyakların komandasının kapitanı Robert Levandovskinin vaxtı çatır. Müasir dövrün ən yaxşı qolvuranlarından biri öz fərdi məharəti sayəsində 61 və 84-cü dəqiqələrdə topu rəqib qapısına göndərir və hesab bərabərləşir. Son dəqiqələrdə polyaklar hücuma atılaraq oyunu xilas etməyə çalışırlar, lakin qolu rəqibləri vurur. Klasson 93-cü dəqiqədə topu tora göndərərək öz yığmasının qələbəsini rəsmiləşdirir. Nəticədə, isveçlilər qrupda birinci yerdədirlər, favorit sayılan polyaklar isə evlərinə yollanır.

İspaniya-Slovakiya, 5:0

İspanlar da hazırkı birincilikdə o qədər də inamlı görünmürlər. Lakin onlara özlərinə əvvəlki inamı bərpa etməkdə slovakiyalıların qapıçısı martin Dubravka kömək edir. Qapıya doğru asmadan sonra topu qaytarmaq əvəzinə, yaxşı aldadıcı volyebol zərbəsi ilə topu öz qapısına göndərir. Bu anlaşılmazlıqdan sonra ispanlar daha rahat oynamağa başladılar və hissənin sonunda Emerik Laport hesabda fərqi iki topa çatdırdı. İkinci hissədə Pablo Sarabiya üçüncü topu vudu, 67-ci dəqiqədə isə Fernan Torres dabanı ilə daha bir gözəl qol vurdu. Lakin slovakların bədbəxtlikləri bununla bitmədi: 71-ci dəqiqədə ispanların növbəti hücumundan sonra slovakların yarımmüdafiəçisi Yuray Kutska baş verənlərdən başını itirmiş Martin Dubravkanın qapısına göndərir. Nəticə - 5:0. İspanlar qrupda ikinci yeri tutaraq pley-of mərhələsinə çıxdı, Polşa komandasını məğlubiyyətə uğradanlar isə, qrupda üçüncü yerdə olmalarına baxmayaraq, Avropa çempionatında şüxışlarını dayandırırlar.

"F" qrupu

Macarıstan-Almaniya, 2:2

Macarıstan yığması Avropa çempionatında özündən sonra yaxşı təəssürat buraxdı. "Ölüm qrupu"na düşməsinə baxmayaraq, macarlar ilk iki oyunda layiqincə mübarizə apardılar. Onların rəqibləri isə hazırkı qitə çempionları portuqaliyalılar və hazırkı dünya çempionları ftansızlar idilər. Qrup mərhələsini adlamaq üçün macarlar üçüncü turda kimi gəldi deyil, dəfələrlə dünya və Avropa çempionları olmuş Almaniya millisini məğlub etməli idilər.

Oyunun lap əvvəlindən macarlar hücuma atıldılar və 11-ci dəqiqədə Adam Saloi planetin ən güclü qapıçılarından biri olan Manuel Noyerin qapısına gözəl qol vurdu. Bu hesab 66-cı dəqiqəyə qədər dəyişməz qaldı, lakin macarların qapıçısı Qulaçinin səhvi üzündən Kay Xaverts hesabı bərabərləşdirdi. Cəmi iki dəqiqə sonra macarlar yenidən irəli çıxdı – Saloinin vaxtında etdiyi ötürməni Ondraş Şefer qola çebirdi. Elə təəssürat yarandı ki, budur, sensasiya.

Lakin almanlar yenidən əzm nümayiş etdirdilər: 84-cü dəqiqədə meydana çıxmış Leon Qoretska xilasedici qolu vurur. Macarların bütün səylərinə baxmayaraq, oyunda hesab dəyişmədi. Almanlar qrupda ikinci yerdə, macarlar isə sonuncu yerdədirlər. Lakin macarların çempionatı tərk etməsinə baxmayaraq, komandanın azarkeşləri öz sevimlilərinin oyununun keyfiyyətindən razıdırlar. Düşünürəm ki, Macarıstanın bu komandasının gələcək nailiyyətlər üçün bütün perspektivləri var.

Fransa-Portuqaliya, 2:2

Oyun çox baxımlı oldu və oyunda əsas qəhrəmanlar dünya futbolunun hazırkı ulduzları Karim Benzema və Kriştianu Ronaldu oldular. Oyunun ilk yarısında dünya çempionlarının qapısına penalti təyin olundu və Ronaldu topu Uqo Lyorusun qapıısına göndərdi. Lakin hissənin sonunda portuqaliyalıların qapısına da penalti təyin olundu ki, onu da Karim Benzema qola çevirdi.

Oyunun ikinci hissəsinin əvvəlində elə həmin Benzema oyundan topu qapıya göndərərək qol vurdu. Hakimin şübhələri olsa da, hər şeyi görən VAR sistemi bütün şübhələrə son qoydu.

Portuqaliyalıların kapitanı Ronaldu birinci hissədə penaltini qola çevirdi. Lakin ilk hissənn sonunda hesabı penaltidən artıq fransızların hücumçusu Karim Benzema bərabərləşdirdi. Oyunun 60-cı dəqiqəsində penalti təyin etməkdə xəsislik etməyən ispaniyalı hakim Mateu Laos fransızların qapısına daha bir 11 metrlik cərimə zərbəsi təyin etdi. Ronaldu bu penaltini də qola çevirərək vurduğu topların sayını 109-a çatdırdı. Beləliklə, o, iranlı futbolçu Ali Deayinin uzun müddət davam edən rekordunu təkrar etdi.

Oyun elə 2:2 hesabı ilə də başa çatdı. Bu, fransızlara qrupda birinci yer tutmağa, portuqaliyalılara isə üçüncü yerdən pley-of mərhələsinə çıxmaşa imkan verdi.

Beləliklə, qitə çempionatında on altı komanda qalıb, səkkiz komanda isə turniri tərk edib. Deməliyəm ki, həmin səkkiz komanda həqiqətən pley-off mərhələsinə çıxmış komandalardan zəif idilər. Yalnız bircə istisna var, o da Macarıstan millisidir. Əgər bu cəsarətli komanda "ölüm qrupu"na düşməsəydi, əminəm ki, macarlar da on altı komanda içində olacaqdılar. Lakin tarix, hətta futbol tarixi olsa belə, keçmiş zamanda şərt qoyulmasına imkan vermir. Nə olubsa, o da olub. Qrup mərhələsi başa çatıb və güclülər müəyyən edilib. Bizi isə qarşıda Avropa çempionatının 1/8 final oyunları göləyir...

Xəbər lenti
0