Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Havada, dənizdə və quruda – bu, Azərbaycan hərbçiləri üçün unikal şansdır

© Sputnik / Mihail Voskresenskiy / Fotobanka keçməkBakıda parad
Bakıda parad - Sputnik Azərbaycan, 1920, 25.06.2021
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Azərbaycan Ordusunun nümayəndələri Avropada analoqu olmayan mərkəzdə təlim keçirlər. Hərbi ekspert Sputnik Azərbaycana təlimlər və onların əhəmiyyətindən danışır.

BAKI, 25 iyun — Sputnik. Azərbaycan Silahlı Qüvvələri son günlər bir neçə hərbi-taktiki təlimlər keçirir. Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, iyunun 22-dən Hərbi Dəniz Qüvvələrində (HDQ) taktiki təlimlər keçirilib. İki gün davam edən təlimlərdə məqsəd döyüş və təminat gəmiləri, eləcə də dəniz piyadalarının iştirakı ilə Xəzər dənizinin ölkəmizə məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və HDQ birləşmələri tərəfindən birgə döyüş əməliyyatlarının aparılması olub.

İyunun 23-ü eyni zamanda müdafiə nazirinin təsdiq etdiyi qoşunların 2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda briqada komanda-qərargah təlimləri başlayıb. Təlimə cəlb olunan birləşmə və hissələr aidiyyəti üzrə müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilir, ehtiyat və təyinat rayonlarına çıxarılaraq idarəetmə orqanlarının ərazidə açılması təmin olunur.

Təlimin hər mərhələsində döyüşə hazırolma dərəcəsinin yüksəldilməsi nəzərə alınmaqla qoşunların və idarəetmə orqanlarının tətbiqi nəzərdə tutulur, eləcə də bölmələrin qarşılıqlı fəaliyyətinə xüsusi diqqət yetirilir. Buna paralel olaraq isə Türkiyə Respublikasının Konya şəhərində "Anadolu Qartalı – 2021" beynəlxalq taktiki-uçuş təlimləri başlayıb. Təlimin ilkin mərhələsində Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin hava məkanına daxil olaraq yer hədəflərinin məhv edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə icra edib. Bu təlim iyulun 3-dək davam edəcək. Sputnik Azərbaycan keçirilən təlimlər və onların əhəmiyyəti barədə hərbi ekspert Ədalət Verdiyevlə həmsöhbət olub.

Ekspert xatırladıb ki, Vətən müharibəsi başa çatdıqdan sonrakı dövrdə Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında hərbi təlimlər kifayət qədər intensiv tempdə keçirilir: "Hazırda Azərbaycan Hərbi Hava Qüvvələrinin heyətləri növbəti, "Anadolu Qartalı -2021" beynəlxalq təlimlərində iştirak edir. On bir günlük təlimlərə dörd ölkənin nümayəndələri iştirakçı, 18 ölkənin nümayəndələri isə müşahidəçi qismində qatılır. Təlimlərin keçirildiyi Konya şəhərində təlim mərkəzi də kifayət qədər geniş imkanlara malikdir. Dünyada bu imkanlara malik cəmi üç taktiki təlim mərkəzi mövcuddur. Avropada isə bu mərkəzin analoqu yoxdur. Təlimlərin ilkin mərhələsində Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin hava məkanına daxil olaraq yerüstü hədəflərin məhv edilməsi üzrə döyüş tapşırıqlarını müvəffəqiyyətlə həyata keçirdilər".

Ədalət Verdiyev vurğulayıb ki, təlimlərdə Azərbaycan, Pakistan, Qətər və NATO-dan olan heyətlərlə bərabər, Türkiyənin həm hərbi dəniz, həm də hərbi hava qüvvələrinin heyətləri iştirak edir:

"Təlimlərin məqsədi burada iştirakçı olan ölkələrin uçuş heyətlərinin döyüş hazırlıqlarını artırmaq, onların bilik, bacarıq və təcrübə mübadiləsini reallığa yaxın müharibə mühitində həyata keçirmək, qarşılıqlı əlaqədə reallaşdırılan əməliyyatlar üçün təlim səviyyəsini yüksəltməkdən ibarətdir. Davamlı olaraq döyüş imkanlarını artırmaq niyyətində olan Azərbaycan Silahlı Qüvvələri üçün beynəlxalq praktiki təcrübənin əldə olunması çox vacibdir".

Ekspert bildirib ki, bu təlimlərdə bizim pilotlarımız 21 xarici ölkənin peşəkar mütəxəssisləri qarşısında döyüş imkanlarını tam fərqli coğrafiyada, tam fərqli bir məkanda nümayiş etdirmək imkanını əldə ediblər: "Bu imkanlar NATO standartlarına uyğun olaraq qiymətləndiriləcək. Müharibə zamanı Rusiyadan əldə etdiyi qırıcıları havaya qaldırmağa cəhd etməyən Ermənistan üçün də bu təlimlərə növbəti mesaj olacaq.

Azərbaycan bu təlimlərdə Çin və Pakistanın birgə istehsal etdiyi "JF-Thunder" döyüş təyyarələri ilə yaxından tanış ola biləcək. Azərbaycan da bu təyyarələrlə yaxından maraqlanır. Onların alınması istiqamətində danışıqların aparılmasına dair də mətbuatda kifayət qədər məlumatlar da mövcuddur. Digər tərəfdən Azərbaycanlı pilotlar Fransanın istehsal etdiyi və Qətərin bu təlimlərə cəlb etdiyi dörd ədəd "Rafale" qırıcıları ilə tanış ola biləcək, onların imkanları, resurslarını yoxlaya, müşahidə edə biləcəklər".

Hərbi ekspert qeyd edib ki, bütün bunlar bizim pilotlar üçün çox kritik və vacib məsələlərdir. Bu təlimlər Vətən müharibəsində kifayət qədər uğur əldə edən uçuş heyətlərimizin öz imkan və bacarıqlarını digər ölkələrlə bölüşmək istiqamətində Azərbaycan pilotları üçün unikal bir imkan hesab edilməlidir.

Ədalət Verdiyev bildirib ki, 22-23 iyun tarixlərində Xəzərin Azərbaycan hövzəsində Hərbi Dəniz Qüvvələrinin (HDQ) keçirdiyi taktiki təlimlərin əsas məqsədi Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturunun mühafizəsi və hərbi dəniz qüvvələrinin birləşmələri tərəfindən qarşılıqlı əlaqədə hazırlanan əməliyyatların həyata keçirilməsindən ibarət idi: "Bu təlimlərə HDQ-nin döyüş və təminat gəmiləri, o cümlədən dəniz piyadaları cəlb edilmişdilər. Təlimlər iki mərhələdə keçirildi. Birinci mərhələdə döyüş fəaliyyətlərinin təşkili və qüvvələrin əməliyyatların idarə olunması üzrə komandir və qərargahların bacarıqlarının təkmilləşdirilməsinə həsr olunub. Təlim çərçivəsində gəmi və katerlər döyüşə hazırlandı, düşmənin suüstü hücum vasitələri, üzən minaları məhv edildi, təyin olunan ərazidə universal müdafiənin təşkil edilməsi həyata keçirildi. Gəmilər düşmənin sualtı qumbaraları ilə mübarizə aparmaq üçün müəyyən hədəfləri də atəşlə məhv etdilər. Təlimlərin ikinci mərhələsində şərti düşmənin terror-diversiya fəaliyyətlərinin qarşısını almaq üçün döyüş tapşırıqları yerinə yetirildi. Qəzaya uğrayan gəmiyə də texniki dəstək verilməsini də biz müşahidə etdik. Desantın hazırlanmamış sahilə çıxarılması üzrə fəaliyyətlər kifayət qədər geniş nümayiş olundu".

Ədalət Verdiyev qeyd edib ki, təlimlərdə ssenariyə uyğun baş verən proseslər Hərbi Dəniz Qüvvələrimizin Xəzərin Azərbaycana aid akvatoriyasında müxtəlif hibrid təhdidlərə qarşı mübarizə potensialımızın yüksəldilməsi istiqamətində mühüm addım kimi dəyərləndirə bilər.

Eləcə də oxuyun:

  • "Dəniz Pişikləri"miz şərti düşmən tərəfindən zəbt olunmuş gəmini azad edib

  • Ermənistanın diversiya cəhdlərinə mümkün reaksiya: Laçın dəhlizinin bağlanması...

  • Bakıda müzakirələr: Hərbi zavodlar birbaşa Qarabağda işə düşəcək?

Xəbər lenti
0