"Dəniz Pişikləri"miz şərti düşmən tərəfindən zəbt olunmuş gəmini azad edib

© AR Ministry of DefenceHDQ-də NATO qiymətləndirməsinə hazırlıq üzrə məşqlər keçirilir
HDQ-də NATO qiymətləndirməsinə hazırlıq üzrə məşqlər keçirilir  - Sputnik Azərbaycan, 1920, 23.06.2021
Abunə olmaq
Bugünkü taktiki təlimlərdə Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı Taborunun 80 nəfər şəxsi heyəti iştirak edib.

BAKI, 23 iyun — Sputnik. Xəzər dənizinin Azərbaycana məxsus sektorunda terror-diversiya fəaliyyətlərinin qarşısının alınması üzrə sonuncu döyüş tapşırığı yerinə yetirilib.

Sputnik Azərbaycan xəbər verir ki, Hərbi Dəniz Qüvvələrinin taktiki təlimlərinin son tapşırığı şərti düşmən tərəfindən zəbt edilən gəminin azad edilməsi olub.

Təlim zamanı Xüsusi Təyinatlı Taborun Sualtı Hücum Qüvvələri ("Dəniz Pişikləri") tərəfindən gəmidən və helikopterdən şərti terrorçu qrupa qarşı xüsusi əməliyyat keçirilib.

Əvvəlcədən hazırlanmış plan və qrafiklərə uyğun olaraq müxtəlif mövqelərdən şərti terrorçu qruplara hücum edilib, zəbt olunmuş gəminin geri qaytarılmasına nail olunub.

Döyüş tapşırığı Xüsusi Təyinatlı Taborun şəxsi heyəti tərəfindən uğurla icra edilib.

Qeyd edək ki, bugünkü taktiki təlimlərdə Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı Taborunun 80 nəfər şəxsi heyəti iştirak edib.

Xatırladaq ki, müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən iyunun 22-dən Hərbi Dəniz Qüvvələrində (HDQ) taktiki təlimlər başlayıb.

Döyüş və təminat gəmiləri, eləcə də dəniz piyadalarının iştirakı ilə keçirilən təlimlərin məqsədi Xəzər dənizinin ölkəmizə məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və HDQ birləşmələri tərəfindən birgə döyüş əməliyyatlarının aparılmasıdır.

İki mərhələdə keçirilən təlimlərdə döyüş fəaliyyətlərinin təşkili və qüvvələrin döyüşdə idarə olunması üzrə komandirlərin və qərargahların bacarıqları da təkmilləşdiriləcək.

Təlimlərin birinci mərhələsində gəmi və katerlər döyüşə və səfərə hazırlanacaq, şərti düşmənin suüstü hücum vasitələrini və üzən minalarını məhv edəcək, eləcə də təyin olunmuş rayonda lövbərə duraraq universal müdafiəni təşkil edəcəklər.

Təlimlərin ikinci mərhələsində Xəzər dənizinin ölkəmizə məxsus sektorunda terror-diversiya fəaliyyətlərinin qarşısının alınması üzrə döyüş tapşırıqlarının yerinə yetirilməsi, qəzaya uğramış gəmiyə yardımın göstərilməsi nəzərdə tutulub.

Qeyd edək ki, təlimlərin gedişi barədə ictimaiyyəti daha ətraflı məlumatlandırmaq məqsədilə media nümayəndələri təlimə dəvət olunublar.

Təlimlər iyunun 23-dək davam edəcək.

Xəbər lenti
0