Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

İki doza peyvənddən 6 ay sonra yenidən peyvənd vurulacaq? TƏBİB-dən izahat

© REUTERS / ATHIT PERAWONGMETHAВакцина CoronaVac компании Sinovac Biotech, фото из архива
Вакцина CoronaVac компании Sinovac Biotech, фото из архива - Sputnik Azərbaycan, 1920, 18.06.2021
Abunə olmaq
TƏBİB-in infeksion xəstəliklər üzrə İşçi Qrupunun üzvü, infeksionist Nəzrin Mustafayeva əhalinin vaksinasiyası ilə bağlı mühüm məqamlara aydınlıq gətirib.

BAKI, 18 iyun — Sputnik. "AstraZeneca" peyvəndi məhdud sayda olduğuna görə yaşlı şəxslərə vurulur. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə bu gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə İşçi Qrupunun üzvü, infeksionist Nəzrin Mustafayeva məlumat verib.

O bildirib ki, hər şey strategiyaya uyğundur: "Hazırda Azərbaycanda 4 növ vaksinin tətbiqi həyata keçirilir. "AstraZeneca"nı çıxmaq şərtilə digər üçü 18 yaş üzəri şəxslərə şamil olunur. Strategiyada ilkin olaraq, risk qrupuna daxil olanlar, yaşlı vətəndaşların peyvəndlənməsi nəzərdə tutulduğundan, "AstraZeneca" yaşlı şəxslərə vurulur".

N.Mustafayeva həmçinin bildirib ki, seroloji testlərlə COVID-19 pasportu və ya COVID-19 sertifikatı verilmir. O deyib ki, məntəqələrdə peyvənd olunmamışdan əvvəl vətəndaşlar tibbi müayinədən keçirilir: "Vətəndaşın temperaturunun olub-olmaması yoxlanılır, virusun aktiv fazasında olub-olmaması aydınlaşdırılır, təzyiqi ölçülür. Bu müayinələr ödənişsizdir".

O, eyni zamanda, başqa xəstəliklərə qarşı istifadə edilən vaksinlərdə sonsuzluğa səbəb olan halların aşkarlanmadığını deyib və COVID-19 vaksinin yeni olduğunu diqqətə çatdırıb: "Bu halların müəyyənləşməsi üçün zaman lazımdır. Amma indiyədək praktikadan keçirilən digər xəstəliklərə qarşı istifadə edilən vaksinlərdə sonsuzluğa səbəb olan hallar müşahidə olunmayıb".

TƏBİB rəsmisi həmçinin iki doza peyvənddən 6 ay sonra yenidən peyvənd vurulması məsələsinə aydınlıq gətirib. O deyib ki, bu məsələ hələ ki, müzakirə mərhələsindədir. N.Mustafayevanın sözlərinə görə, bu barədə klinik çalışmaların nəticələri açıqlandıqdan sonra konkret fikir bildirmək mümkün olacaq: "Yəqin ki, nəticələr üçüncü rübdən sonra açıqlanacaq. Amma bu gün üçün belə bir qərar yoxdur".

Nəzrin Mustafayeva bildirib ki, COVID-19-a yoluxub sağalmış şəxslər peyvənd oluna bilər. Bu, sağlamlıq üçün əks göstəriş deyil: "Xəstəliyi keçirmiş şəxslərə gücləndirmə məqsədilə 1 doza vaksin vurula bilər. Lakin bunun da tətbiqinə rəsmi olaraq icazə verilməyib".

O qeyd edib ki, yoluxmuş və peyvənd olunmuş şəxslərdə virusa qarşı yaranmış immunitetin nə qədər qalacağı bəlli deyil: "Bu 6 ay da ola bilər, 1 il də ola bilər, ömürlük də ola bilər. Ona görə də bu barədə konkret fikir bildirmək çox tezdir. Amma xəstələnib sağalan şəxsin peyvənd vurdurması hansısa patalogiyaya səbəb olmaz. Əksinə, həmin şəxsin təbii qazandığı immunitetin müddətini uzada bilər".

İnfeksionist eyni zamanda deyib ki, COVID-19 vaksini hamiləlik planlaması zamanı əks-göstəriş deyil: "Lakin bununla belə, vətəndaşlar ginekoloq müayinəsində olsa və onun tövsiyələrinə əsasən hərəkət etsə, daha yaxşıdır".

Xatırladaq ki, hazırda ölkəmizdə Çinin "Sinovac Biotech" (SVA.O) şirkəti tərəfindən istehsal olunan COVID-19-a qarşı "CoronaVac" peyvəndi, Oksford Universitetində İngiltərə və İsveç alimləri tərəfindən yaradılan "AztraZeneca" (Vaxzevria), Rusiyanın Qamaleya Universitetində yaradılan "Sputnik V" və "Pfizer" – Almaniya biotexnologiya şirkəti "BioNTech" tərəfindən Amerika Pfizer və Çinli Fosun Pharma ilə birlikdə hazırlanmış COVID-19 əleyhinə mRNT əsaslı peyvəndlər istifadə olunur.

"İki doza" tələbi Azərbaycanda tətbiq olunan bütün vaksinlərə ("CoronaVac", "AstraZeneca", "Sputnik V" və "Pfizer") aid edilir. Azərbaycan peyvəndləməyə başlayan ilk ölkələrdən biridir. Artıq ölkəmizdə 18 yaşdan yuxarı heç bir məhdudiyyət yoxdur, hər kəs peyvənd oluna bilər. Seçimə gəldikdə isə, vətəndaşın öz seçimidir. Vətəndaşlarımız hazırda ölkəmizdə tətbiq olunan 4 peyvənddən istədiyini seçə bilər.

Yanvar ayından başlanan peyvəndləmə prosesinə ilk günlər insanlar şübhə ilə yanaşsalar da, bu gün artıq hər kəs anlayır ki, istənilən vaksinin yeganə məqsədi – xəstəliyə qarşı orqanizmdə immunitet yaratmaqdır. Bu da COVID-19 virusunun səbəb olduğu və yaratdığı xəstəlikdən yeganə müdafiə yoludur.

Eləcə də oxuyun:

Xəbər lenti
0