CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

COVID-19-u gizli keçirənlər immunitet sertifikatı ala bilərlərmi? Əlac ancaq...

© AFP 2023 / LENNART PREISSСвидетельство о вакцинации от коронавируса, фото из архива
Свидетельство о вакцинации от коронавируса, фото из архива - Sputnik Azərbaycan, 1920, 18.06.2021
Abunə olmaq
Bu yaxınlarda Milli Məclisdə COVID-19-u gizli keçirən şəxslərin immunitet sertifikatı ala bilməməsi problemi qaldırılıb. Sputnik Azərbaycan-ın müxbiri həmin şəxslərin bu sənədi necə əldə edə bilməsi və onların vaksin olunmasının təhlükəli olub-olmadığını araşdırıb.

BAKI, 18 iyun — Sputnik. Azərbaycanda COVID-19-u gizli keçirən şəxslər immunitet sertifikatı ala bilmirlər. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Milli Məclisin iclasında deputat Naqif Həmzəyev bildirib. Deputat deyib ki, vətəndaşların bir qismi COVID-19-u gizli keçiriblər. Onlar indi immunitet sertifikatı ala bilmirlər.

Sputnik Azərbaycan COVID-19-u gizli keçirən şəxslərin immunitet sertifikatını necə əldə edə bilməsi və bu şəxslərin vaksin olunmasının təhlükəli olub-olmadığını araşdırıb.

İnfeksionist Vüqar Cavadzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əslində COVID-19-u gizli keçirən şəxslərin də immunitet sertifikatı əldə etməsi təmin edilməlidir. Amma infeksionist bununla bağlı bəzi problemlərin olduğunu söyləyir:

"Əslində COVID-19-u gizli keçirənlərdə də immunitet formalaşdığından onlar COVID pasportu əldə etməlidirlər. Amma çox təəssüf ki, bu gün qaydalarda COVID-19-u gizli keçirənlərin bu sənədi əldə etməsi mümkün deyil. Hazırkı qaydalarla COVID-19-a görə immunitet sertifikatı ancaq adı e-tabib sisteminə düşənlərə verilir.

Yəni, koronavirus xəstəsi kimi rəsmi qeydiyyata düşənlərə. Bu xəstəliyi gizli keçirənlərin isə COVID-19-a nə vaxt yoluxduğunu müəyyən etmək mümkün deyil. Hətta qandan analiz antitel müəyyən etsə də, həmin şəxsin bu virusa nə vaxt yoluxduğunu dəqiqləşdirmək olmur. Ona görə də, çıxış yolu COVID-19-u gizli keçirənlərin koronavirus əleyhinə vaksin olunmasıdır", -  deyə infeksionist bildirir.

V.Cavadzadə deyir ki, əgər COVID-19-u gizli keçirənlərə immunitet sertifikatı verilsə, bu sənəd altı ay qüvvədə olmalıdır. Çünki immunitet sertifikatı sənədi bu virusa yoluxmuş şəxslərə virus qeydə alınan gündən altı ay müddətinə verilir. Gizli COVID-19 xəstələrinə isə bu sənəd altı aylıq verilə bilməz: "Çünki antitellə biz həmin şəxsin nə vaxtdan bu virusa yoluxduğunu, immunitetinin nə vaxta qədər davam edəcəyini müəyyən edə bilmirik. Ola bilər ki, COVID-19-a gizli yoluxan şəxsə immunitet sertifikatı verilsin. İki aydan sonra həmin şəxsin bədənində immunitet olmasın. Ona görə də ən yaxşısı COVID-19-u gizli keçirənlərin də peyvənd olunmasıdır".

İnfeksionist deyir ki, COVID-19-u gizli keçirənlərin vaksin olunmasında heç bir təhlükə yoxdur.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müəyyən olunmuş qaydalara görə, hazırda immunitet sertifikatı yalnız COVID-19 xəstəsi kimi qeydiyyata düşən şəxslərə verilir. Deputat bildirir ki, antitelin müəyyən olunması bu prosesi müəyyənləşdirmək üçün tam əsas vermir:

"Əgər şəxs koronavirusa yoluxub sağalıbsa, o, peyvənd olunmaqla normal həyatına qayıda bilər. Çünki bu gün rəsmi koronavirus xəstəsi kimi qeydiyyata düşən şəxslər də vaksin olunur. İmmunitet sertifikatı altı aylıq müddətə verilir. Bu gün elmi əsaslarla da sübut olunub ki, COVID-19-u gizli keçirənlərin peyvənd olunmasında heç bir təhlükə yoxdur. Ən ideal variant COVID-19-u gizli keçirənlərin peyvənd olunmasıdır".

Deputat deyir ki, COVID-19-u gizli keçirənlərə immunitet sertifikatının verilməsi vəziyyəti daha xaotik vəziyyətə gətirib çıxarda, sui-istifadə hallarına yol aça bilər: "Bu, peyvənd strategiyasında da müəyyən pozuntulara gətirib çıxarda bilər. Ona görə də hazırda sağlamlıqları imkan verən şəxslər peyvənd olunmalıdır. Dünya ölkələrinin praktikasında da vaksinasiyanın daha geniş kütləni əhatə etməsi əsas götürülür," - deyə M.Məmmədli bildirib.

TƏBİB-dən isə Sputnik Azərbaycan-a bildirilib ki, hazırda immunitet sertifikatı ancaq COVID-19 xəstəsi kimi rəsmi qeydiyyata düşənlərə verilir. COVID-19-u gizli keçirənlərin immunitet sertifikatını antitel əsasında əldə etməsi qaydası yoxdur".

Peyvənd və karantin qaydalarının yumşaldılması

Qeyd edək ki, mayın 16-dan etibarən Azərbaycanda sərtləşdirilmiş karantin qaydalarının yumşaldılması barədə Operativ Qərargah tərəfindən qərar verilib. İyun ayının 10-dan etibarən isə bir sıra sahələrdə fəaliyyətə COVID-19 pasportu və immunitet sertifikatının tətbiqi şərtilə icazə verilib. İyunun 10-dan etibarən yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq immunitetə malik olan) olan şəxslər istifadə edə bilərlər. Həmin qərarla yalnız COVID-19 pasportuna (peyvənd vurulmasına dair və ya immunitet sertifikatına) malik olan şəxslərin ibadət yerlərində dini ayinlərin icrasında iştirakına icazə verilir. Məscid və digər ibadət yerlərinə gələn şəxslər mütləq COVID-19 pasportunu (peyvənd vurulmasına dair və ya immunitet sertifikatını) təqdim etməli, tibbi maska taxmalı, antiseptik məhluldan istifadə etməli, əl ilə görüşməməlidir.

Həmçinin Nazirlər Kabinetinin iyulun 5-də qəbul etdiyi 162 saylı qərarla 10 iyun tarixindən etibarən hava nəqliyyatı vasitəsilə Rusiya Federasiyasının və Türkiyə Respublikasının vətəndaşlarının Azərbaycana giriş-çıxışına icazə verilir. Belə ki, yaşı 18-dən yuxarı olan şəxslər bu ölkələrdən Azərbaycana yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında buraxılırlar.

COVID-19 pasportunun iki növü var

Məlumat üçün bildirək ki, COVID-19 pasportunun iki növü var: "COVID-19 vaksin sertifikatı" və "COVID-19 immunitet sertifikatı". "COVID-19 vaksin sertifikatı" COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunanlara (iki dozada), "COVID-19 immunitet sertifikatı" isə xəstəliyə yoluxub sağalmış şəxslərə verilir. Sözügedən sertifikatları əldə etmək üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində E-xidmətlər bölməsinin "Şəxsi Kabinetə giriş" (https://kabinet.its.gov.az/az/index) altbölməsi seçilməlidir. Bu bölmə "MyGov" portalına da inteqrasiya edilmişdir. Burada "ASAN Login" sisteminə istifadəçi FİN-i, "Asan İmza", Elektron imza və ya BSXM (Bank Sertifikat Xidmətləri Mərkəzi) imzası ilə qeydiyyatdan keçmək lazımdır.

Qeydiyyatdan keçdikdən sonra açılan pəncərədə "Digər xidmətlər" bölməsi seçilməlidir. "Digər xidmətlər" bölməsi seçildikdə ekranda "COVID-19 vaksin sertifikatı" və ya "COVID-19 immunitet sertifikatı" seçimləri əks olunur. Əgər vətəndaş vaksin olunubsa, "COVID-19 vaksin sertifikatı" seçimini etməlidir. Xəstəliyə yoluxub sağalmış şəxs isə "COVID-19 immunitet sertifikatı" seçimini etməlidir. Bu zaman təqdim olunan COVID-19 pasportunu elektron formatda yükləmək, eləcə də çap versiyada əldə etmək olar. Qeyd edək ki, COVID-19 pasportunun doğruluğunun sənəddə əks olunan "QR Code" vasitəsi ilə yoxlanılması da mümkündür. Əlavə olaraq bildirək ki, vətəndaşlar COVID-19 pasportunu "E-Təbib" mobil tətbiqi vasitəsilə də əldə edə bilərlər.

Koronavirus bəlası

Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində koronavirusun (COVID) yayılması dünyanın düzənini dəyişdi. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yayılan virusu pandemiya elan etməsindən sonra dünya bu virusla mübarizəyə başladı. Dünyanın əksər ölkələrində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bir sıra qadağaların tətbiqinə başlandı. Hər ölkə bu gözəgörünməz virus kabusundan yaxa qurtarmaq üçün müxtəlif məhdudiyyətlər həyata keçirdi. Koronavirus pandemiyası Azərbaycanda da həyatın axarını dəyişdi. Azərbaycanda COVID-19-la mübarizəyə 2020-ci ilin fevral ayının 27-dən başlandı.

Koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Fevralın 28-də ölkədə COVID-19-un ilk müsbət halı təsdiqləndi. Hazırda ölkəmizdə koronavirus əleyhinə vaksinasiya uğurla davam etdirildiyindən ölkəmizdə karantin qaydalarının yumşaldılması davam edir.

Eləcə də oxuyun:

Xəbər lenti
0