Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Hər kəsi indi bu sual düşündürür: COVID pasportunu necə əldə edək?

© AFP 2023 / LENNART PREISSСвидетельство о вакцинации от коронавируса, фото из архива
Свидетельство о вакцинации от коронавируса, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.05.2021
Abunə olmaq
Operativ Qərargah bəzi yumşalmaların olacağını elan etdi. Əsas məqamlardan biri də odur ki, yumşalmalar zamanı COVID pasportu olanlar üstünlük qazanacaqlar. COVID pasportunun necə alınması barədə Sputnik Azərbaycan-ın jurnalisti Zülfiyyə Quluyevanın materialında.

Azərbaycanda gələn aydan sərtləşdirilmiş karantin qaydalarının yumşaldılması ilə COVID pasportu olanlara bəzi güzəştlər ediləcək. Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxış edən Prezidentin köməkçisi Şahmar Mövsümov Azərbaycanda COVID pasportunun tətbiq edilməsi ilə bağlı qaydaları açıqlayıb.

O bildirib ki, COVID pasportu iki sertifikatdan ibarətdir: "Birincisi peyvəndləşmə sertifikatıdır. Bura hər iki peyvəndi alan şəxslər daxildir. İkinci sertifikat isə immunitet sertifikatıdır, bu da xəstələnib sağalmış insanlara tətbiq olunur. Çünki virusa yoluxub sağalan şəxslər vaksin olunmurlar. Bu iki sənəddən biri olan şəxslər COVID pasportu ilə idman-sağlamlıq mərkəzlərindən istifadə edə biləcəklər. Bu yerlərin işçilərinin vaksinasiya, yaxud immunitet sertifikatı olması tələb olunur. İşçilərin 80 faizinin COVID pasportu olan obyektlərin fəaliyyətinə icazə veriləcək".

Onun sözlərinə görə, gələcəkdə COVID pasportu olan şəxslərin digər xidmətlərdən istifadə etməsinə də imkan veriləcək:

"Burada konsertlər, teatrlar, kinoteatlar, toy və digər şənliklərdən söhbət gedir. Bu xidmətlərdən istifadə etmək istəyən vətəndaşlara təcili vaksinasiyadan keçməyi tövsiyə edirəm".

Sputnik Azərbaycan vaksin olunmuş və koronavirus infeksiyasına yoluxmuş vətəndaşların COVID pasportunu necə əldə etməli olduqlarını araşdırıb.

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda bildirilir ki, e-tebib (https://etabib.az/) tətbiqini yükləyən şəxslər çox asanlıqla COVID-19 pasportunu və immunitet sertifikatını əldə edə bilərlər:

"Bunun üçün vətəndaşlar ilk növbədə e-tebib tətbiqini telefonlarına yükləməlidirlər. Bundan sonra vətəndaş e-tebib portalından vaksinasiya bölməsini seçməlidir. Bu zaman onun qarşısına digər yazılan bölmə çıxır. Vətəndaş həmin bölməyə daxil olaraq COVID vaksin sertifikatı və immunitet sertifikatını klikləyir. Bu zaman vətəndaşın telefonunda öz ad və soyadının qeyd edildiyi vaksin sertifikatı və immunitet sertifikatı açılır. Həmin şəxs bu sertifikatı skrin və çap edərək öz telefonunda saxlaya və ondan tələb olunduğu an portala daxil olaraq göstərə bilər".

Nazirlikdən həmçinin bildirdilər ki, elektron hökumət portalında şəxsi kabineti olan şəxslər https://www.e-gov.az/ portalında şəxsi kabinetinə daxil olaraq COVID pasportunu və immunitet sertifikatını əldə edə bilərlər. Azərbaycanda vaksin olunan xarici ölkə vətəndaşları da eyni qayda ilə bu sənədi əldə edə bilərlər.

Səhiyyə Nazirliyindən o da bildirilib ki, immunitet sertifikatı adı koronavirus infeksiyasına yoluxmuş şəxs kimi portala daxil edilən şəxslərə veriləcək.

Mütəxəssislər isə hesab edirlər ki, ölkəmizdə COVID pasportunun tələb edilməsi vaksinasiya prosesini sürətləndirəcək. İnfeksionist Vüqar Cavadzadə Sputnik Azərbaycan-a açıqlamasında qeyd edib ki, yeni qaydalardan sonra vaksin olunmağa tərəddüd edən insanlar da koronavirus əleyhinə peyvənd olunacaqlar:

"Əlbəttə ki, vaksinasiya prosesini sürətləndirməyə ehtiyac var. Hazırda ölkəmizdə vaksin olunan şəxslərin sayı 2 milyon təşkil edir. İdman zallarına vaksin olunan şəxslərin buraxılması əhalinin peyvənd olunmağını sürətləndirəcək. Çünki insanlar çoxdandır ki, idman zallarının açılmasını gözləyirdilər. Üstəlik gələcəkdə teatr, konsert, toylarla bağlı qadağalar götürülərkən vaksin olunan şəxslərə bu xidmətlərdən istifadə imkanının veriləcəyi mesajı peyvəndə marağı artıracaq. Biz artıq dərk etməliyik ki, normal həyatımıza ancaq vaksin olunmaqla qayıda bilərik".

Həmçinin bildirək ki, immunitet sertifikatının qüvvədə olma müddəti cəmi altı aydır.

© Photo : Azerbaijani Management Union of Medical Territorial Units – TABIB“E-TƏBİB” mobil tətbiqindən COVİD-19 sertifikatının skrinşotu
Hər kəsi indi bu sual düşündürür: COVID pasportunu necə əldə edək? - Sputnik Azərbaycan, 1920, 25.05.2021
“E-TƏBİB” mobil tətbiqindən COVİD-19 sertifikatının skrinşotu

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-a bildirilib ki, COVID-19 pasportunun iki növü var: “COVID-19 vaksin sertifikatı” və “COVID-19 immunitet sertifikatı”. “COVID-19 vaksin sertifikatı” COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunanlara (iki dozada), “COVID-19 immunitet sertifikatı” isə xəstəliyə yoluxub sağalmış şəxslərə verilir. Sözügedən sertifikatları əldə etmək üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində E-xidmətlər bölməsinin “Şəxsi Kabinetə giriş” (https://kabinet.its.gov.az/az/index) altbölməsi seçilməlidir. Bu bölmə “MyGov” portalına da inteqrasiya edilmişdir. Burada “ASAN Login” sisteminə istifadəçi FİN-i, “Asan İmza”, Elektron imza və ya BSXM (Bank Sertifikat Xidmətləri Mərkəzi) imzası ilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçdikdən sonra açılan pəncərədə “Digər xidmətlər” bölməsi seçilməlidir. “Digər xidmətlər” bölməsi seçildikdə ekranda “COVID-19 vaksin sertifikatı” və ya “COVID-19 immunitet sertifikatı” seçimləri əks olunur.

Əgər vətəndaş vaksin olunubsa, “COVID-19 vaksin sertifikatı” seçimini etməlidir. Xəstəliyə yoluxub sağalmış şəxs isə “COVID-19 immunitet sertifikatı” seçimini etməlidir. Bu zaman təqdim olunan COVID-19 pasportunu elektron formatda yükləmək, eləcə də çap versiyada əldə etmək olar. Qeyd edək ki, COVID-19 pasportunun doğruluğunun sənəddə əks olunan “QR Code” vasitəsi ilə yoxlanılması da mümkündür. Əlavə olaraq bildirək ki, vətəndaşlar COVID-19 pasportunu “E-Təbib” mobil tətbiqi vasitəsi ilə də əldə edə bilərlər".

Məlumat üçün qeyd edək ki, 8 yanvardan bu günə qədər 2 milyona yaxın ölkə vətəndaşı peyvənd olunub. Bu gün Azərbaycanda 850 mindən çox ikinci dozanı tamamlamış insan var.

Xatırladaq ki, Azərbaycanda 18 yaşdan yuxarı hər kəs koronavirus əleyhinə peyvənd oluna bilər. Ölkəmizdə bunun üçün kifayət qədər vaksin ehtiyatı olduğu bildirilir.

Eləcə də oxuyun:

* Operativ Qərargahdan bütün Azərbaycanı sevindirəcək QƏRARLAR

COVID pasportu olanlara Operativ Qərargah hansı üstünlükləri verir?

* Azərbaycanda koronavirusla bağlı vəziyyət açıqlandı

Şənbə-bazar ictimai nəqliyyatın aqibəti necə olacaq?

* Dərs olsun, bir də olmasın: Pandemiya əlimizdən nələri aldı

Metro şənbə-bazar işləyəcək? Rəsmi açıqlama

 

Xəbər lenti
0