Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ümumdünya Ticarət Təşkilatına üzvlük təhlükəlidirmi?

© Sputnik / Alexey Vitvitsky / Mediabanka keçidЭмблема Всемирной торговой организации (ВТО) возле здания штаб-квартиры организации в Женеве, фото из архива
Эмблема Всемирной торговой организации (ВТО) возле здания штаб-квартиры организации в Женеве, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.06.2021
Abunə olmaq
Azərbaycanın Tərəfdaşlıq Sazişini imzalamasına və ÜTT-yə üzv olmasına mane olan səbəbləri Sputnik Azərbaycan-ın müxbiri Elvin Səlimov araşdırıb.

BAKI, 11 iyun — Sputnik. Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas təşkilatla Azərbaycan arasında Tərəfdaşlıq Sazişinin imzalanmasının gecikməsindən danışarkən bildirib ki, Tərəfdaşlıq müqaviləsi ikitərəfli ticarət əlaqələri üçün baza olacaq, lakin ticarətlə bağlı məsələlər qalır, çünki Azərbaycan hələ Ümumdünya Ticarət Təşkilatının üzvü deyil.

Artıq uzun müddətdir ki, Aİ və Azərbaycan arasında Tərəfdaşlıq Sazişinin imzalanması ilə bağlı danışıqlar aparılır. Müxtəlif dövrlərdə hər iki tərəfin verdiyi məlumatlarda bildirilib ki, Sazişin imzalanması üçün işlərin böyük hissəsi başa çatıb. Amma bununla belə, Sazişin imzalanmasına əngəl olan məqamlar hələ də qalmaqdadır. Bəs Tərəfdaşlıq Sazişinin imzalanmasına və ÜTT-yə üzvlüyə mane olan səbəblər hansılardır? Mövzu ilə bağlı Milli Məclisin deputatı Tahir Mirkişili və iqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-la fikirlərini bölüşüblər.

Milli Məclisin deputatı Tahir Mirkişili bildirib ki, Azərbaycanın ÜTT danışıqları 2004-cü ildən aparılır: “Hazırda 20 üzv ölkə ilə danışıqlar davam edir, 5 ölkə ilə danışıqlar başa çatıb. 2020-ci ildə danışıqlar pandemiyaya görə dayandırılmışdı, amma bu ilin sentyabr ayından başlayaraq danışıqlar davam etdiriləcək”.

Millət vəkili qeyd edib ki, danışıqlar prosesi çətindir və güzəştlərin, rüsumların, iqtisadi siyasətin qarşılıqlı razılaşdırılması vaxt aparır:

“Çox sayda ölkələrlə aparılan danışıqlar və milli maraqların daha çox qorunmasına çalışmaq da prosesi bir az uzadan amillərdəndir. Hər hansı bir beynəlxalq təşkilata üzv olmaq əsas məqsəd deyil, əsas məqsəd bu üzvlüyün bizim iqtisadiyyata, bizim vətəndaşlarımıza nə verəcəyini dəqiq müəyyən etməkdir. ÜTT özü də son illər böhran vəziyyəti yaşayır, üzv ölkələr arasında çəkişmələr artmaqdadır. Amma bütün bunlarla yanaşı, düşünürəm ki, iqtisadiyyatımızın böyüməsinə, yenilənməsinə, sahibkarlarımızın yeni bazarlara çıxışının artmasına gətirib çıxara biləcək hər bir imkandan istifadə etmək lazımdır”.

İqtisadçı ekspert Natiq Cəfərli də ÜTT-yə üzvlük haqqında fikirlərini açıqlayıb. Ekspert bildirib ki, 1997-ci ildən etibarən təşkilatla danışıqlar aparılsa da, ciddi uğurlar əldə edilməyib: “Azərbaycana qonşu olan Gürcüstan, Ermənistan, Rusiya və Qazaxıstan təşkilata üzv ola biliblər. Bu həmin ölkələrin dünya ticarətinə daha intensiv inteqrasiya olunmasında mühüm rol oynayıb. Azərbaycan hökumətinin rəsmi mövqeyi bundan ibarətdir ki, üzvlük daxili istehsalçılara, xüsusən də aqrar sektorda dotasiyaların verilməsinə müəyyən əngəllər yarada bilər. Əslində bu tam da belə deyil. Üzv ölkələrin hər birinin dotasiya siyasəti var və buna uyğun olaraq hərəkət edirlər. Sadəcə bu daxildəki bəzi istehsalçıların məhsullarına tələbatı azalda bilər”.

Ekspert vurğulayıb ki, təşkilata üzvlük gömrük siyasətinin təkmilləşdirilməsini və bazarın daha çox açılmasını şərtləndirir. Nəticə etibarilə bu da rəqabətli mühitin genişlənməsinə gətirib çıxaracaq:

“Rəqabətli mühitin olması vətəndaşlar üçün də sərfəlidir. Düşünürəm ki, hazırkı zamanda hökumətin aqrar sektorla bağlı çəkingənliklərinə zərurət yoxdur”.

Natiq Cəfərlinin fikrincə, Aİ ilə Tərəfdaşlıq Sazişinin bağlanmasındakı maneələr də əsasən iqtisadi məsələlərlə bağlıdır: “Ticarət lisenziyaları, hava məkanının açılması kimi şərtlər var. Bu isə AZAL-ın inhisarçılığının azalmasına səbəb olacaq. Amma düşünürəm ki, Tərəfdaşlıq Sazişi ilə bağlı məsələlər 90 faiz həllini tapıb”.

Eləcə də oxuyun:

  • Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - SİYAHI

  • Mərkəzi Bank valyuta bazarı və məzənnə ilə bağlı məlumat yayıb

  • Energetika sahəsində Azərbaycan-Britaniya əməkdaşlığı davam edəcək

  • İsrail işğaldan azad olunmuş ərazilərimizin bərpasında iştirak etmək istəyir

  • Bu paket Azərbaycan əhalisinin yarısını əhatə edib

Xəbər lenti
0