19:04 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
İQTİSADİYYAT
Qısa URL
1304

S.Babayev Azərbaycan hökumətinin pandemiyanın ilk günlərindən COVID-19-la mübarizə və özəl sektorun dəstəklənməsi, həmçinin makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində lazımi addımları atdığını vurğulayıb.

BAKI, 9 iyun — Sputnik. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Beynəlxalq Əmək Təşkilatının (BƏT) videoformatda keçirilən 109-cu sessiyasında çıxış edib.

Sputnik Azərbaycan xəbər verir ki, nazir COVID-19 pandemiyasının dünya ölkələrinin səhiyyə sistemlərinə və iqtisadiyyatına, əmək bazarına, məşğulluq sahələrinə, xüsusilə sosial cəhətdən həssas qruplarına təsirlərini qeyd edib. O, mövcud vəziyyətdə bərpa və davamlı inkişaf üçün daha güclü birliyin vacibliyini diqqətə çatdırıb.

S.Babayev Azərbaycan hökumətinin pandemiyanın ilk günlərindən COVID-19-la mübarizə və özəl sektorun dəstəklənməsi, həmçinin makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində lazımi addımları atdığını vurğulayıb. Respublika əhalisinin demək olar yarısını əhatə edən, 3,5 milyard manat dəyərində hərtərəfli sosial-iqtisadi paketin reallaşdırıldığını deyib. Ölkəmizdə peyvənd kampaniyası çərçivəsində artıq 2,5 milyondan çox peyvənd istifadə olunduğunu diqqətə çatdırıb. Azərbaycanda yaradılmış DOST mərkəzləri, ilk proaktiv xidmət olaraq avtomatlaşdırılmış pensiya təyinatı mexanizmi, sosial sahədə qurulan e-xidmətlər barədə məlumat verib. Bu nailiyyətlərin sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və müasirləşdirilməsinə böyük töhfə verdiyini qeyd edib.

Nazir ölkəmizdə qeyri-rəsmi məşğulluğun qarşısının alınması, işçi qüvvəsinin bacarıqlarının əmək bazarına uyğunlaşdırılması, məşğulluq proqramlarının genişləndirilməsi, gender bərabərliyinin təmin edilməsi sahəsində aparılan işləri diqqətə çatdırıb. Ölkənin dövlət məşğulluq siyasətinin BƏT və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıqda həyata keçirildiyini bildirib. Azərbaycan hökuməti ilə BƏT arasında əməkdaşlıq prioritetlərini müəyyən edən ikinci Layiqli Əmək üzrə Ölkə Proqramının uğurlu icrasının inkişaf istiqamətində hədəflərimizin reallaşmasına töhfə verdiyini qeyd edib. Növbəti Proqramın da əmək məsələlərinin həllində mühüm rol oynayacağına əminliyini ifadə edib.

Sahil Babayev erməni silahlı qüvvələrinin 27 sentyabr 2020-ci il tarixində genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun əks hücum əməliyyatları həyata keçirdiyini, ölkəmizin işğal olunmuş ərazilərini 44 günlük döyüşlərdə azad edərək möhtəşəm Zəfər qazandığını bildirib.

"İndi ölkəmiz üçün ən vacib məsələ azad edilmiş ərazilərdə geniş miqyaslı iqtisadi inkişafın və həmin ərazilərin milli və regional iqtisadiyyata sürətli inteqrasiyasının təmin edilməsidir", - deyə nazir vurğulayıb.

Qeyd edək ki, qlobal pandemiya dövrünün məhdudiyyətlərinə baxmayaraq, Azərbaycanda sosial proqramların geniş vüsət alması təmin edilib, məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4,8 milyondan çox vətəndaşı əhatə edən ciddi dəstək tədbirləri reallaşdırılıb. 2020-ci ildə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə ödənişlərə əvvəlki ilə nisbətən 20 faiz və ya 1 milyard manat çox olmaqla 5 milyard 743 milyon manat çox vəsait sərf olunub.

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə pandemiya dövründə reallaşdırılan genişmiqyaslı sosial dəstək paketi 5 milyona yaxın insanı əhatə edib. Bu paket çərçivəsində dövlət və özəl sektorda muzdla çalışan 1 milyon 665 min (o cümlədən özəl sektorda 751,3 min) işçinin iş yerlərinin və əməkhaqqı gəlirlərinin qorunması, 2 milyon vətəndaşa sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə ödənişlərin davamlılığı təmin edilib. 2020-ci ilin aprel-may aylarında 600 minədək, daha sonra sərt karantin rejiminin tətbiq edildiyi 16 rayon və şəhər üzrə 283 min aztəminatlı işsiz şəxsi əhatə edən 190 manat birdəfəlik ödəmə proqramı icra olunub. Eyni zamanda, 100 minədək tənha yaşlı, əlilliyi olan şəxs, aztəminatlı ailə ərzaq yardımı ilə təminatı həyata keçirilib.

Azərbaycanda iqtisadi subyektlərə edilən yardım paketinin həcmi və sosial tədbirlərin əsas konturları 2020-ci il 19 mart tarixli "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Prezidentinin Sərəncamı"nda öz əksini tapıb. Sərəncamla qlobal pandemiyanın nəticələrinin iqtisadiyyatın sabitliyinə olan mümkün təsirlərinin aradan qaldırılması, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması, əhalinin sosial rifahının qorunması və iqtisadi inkişafın davamlılığının təmin edilməsi məqsədilə 4 əsas istiqaməti əhatə edən işçi qruplar yaradılıb.

Geniş miqyaslı iqtisadi təşviq proqramını əsas etibarilə aşağıdakı kimi qruplaşdıra bilərik:

- zərər çəkmiş iqtisadi fəaliyyət sahələrinin və bu sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərə dəstəyin göstərilməsi,

- zərər çəkmiş iqtisadi fəaliyyət sahələrində çalışan muzdlu işçilərin sosial müdafiəsi və onlara dövlət dəstəyinin göstərilməsi,

- ölkə əhalisinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi,

- bank sektoruna, manatın məzənnəsi və istehlak qiymətlərinin sabitliyinin dəstəklənməsinə dəstəyin göstərilməsi;

- makroiqtisadi sabitliyin qorunub saxlanması üçün əlavə tədbirlərin həyata keçirilməsi.

Müvafiq tədbirlər ilkin olaraq 4 əsas sektor üzrə 20 fəaliyyət istiqamətini özündə birləşdirən 9 proqramda cəm olunub. Belə ki, proqramların əhatə dairəsinə 304 min işçinin çalışdığı 44 min sahibkarlıq subyekti də daxildir və bura sərf olunan vəsaitin əsas etibarilə əməkhaqlarının ödənməsinə sərf olunub.

Onu da qeyd edək ki, Azərbaycan peyvəndləmə üzrə Müstəqil Dövlətlər birliyinin ölkələri arasında birinci yeri tutur. Belə ki, ölkə əhalisinin artıq 15,9%-i vaksinlənib. Bu isə 2,3 milyon doza vaksin deməkdir. Faiz baxımından ikinci yerdə olan Rusiya (12%) 29,3 milyon doza vaksindən istifadə edib. Qazaxıstan kütləvi vaksinasiyaya bu yaxınlarda başlasa da, ölkədə Sputnik V peyvəndinin istehsalının təşkil olunması bu prosesi sürətləndirib. Eyni sözləri Belarus haqqında da demək olar.

Moldova humanitar yardım şəklində bir sıra ölkələrdən, o cümlədən Rusiyadan vaksin alıb və bu sahədə işi yaxşı qurub.

Ermənistan və Qırğızıstan isə bu siyahıda sonuncu yerləri tuturlar.

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a iyunun 8-də verilən məlumata görə, vətəndaş müraciətlərini nəzərə alaraq, xidməti daha əlçatan etmək məqsədilə peyvənd məntəqələrinin sayı artırılıb. Vaksinin istifadəsi Bakı Sağlamlıq Mərkəzində və Zərifə Əliyeva 5 ünvanında yerləşən Mərkəzi Klinik Xəstəxananın ambulatoriyası ilə yanaşı, həmçinin "Leyla Medical Center"-də, "Caspian International Hospital"-da və M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında da aparılacaq.

Özəl klinikalara vaksin üçün müraciət edən vətəndaşların nəzərinə çatdırılır ki, həmin müəssisələrdə peyvəndlənmə prosesi müəssisənin daxili qaydalarına uyğun olaraq aparılacaq.

18 yaşından yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər.

Bunun üçün randevu.its.gov.az saytına daxil olaraq, "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir. Bunun üçün "COVID-19 vaksin randevu" elektron xidmətində vətəndaş ilk olaraq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib "Yoxla" düyməsinə basmalıdır. Bundan sonra, vətəndaş təqdim olunan siyahıdan peyvənd məntəqəsini, randevu tarixini və saatını seçib, mobil nömrəsini daxil etməlidir. Qeydiyyat başa çatdıqdan sonra daxil edilən mobil nömrəyə növbənin qeydə alınması ilə bağlı mesaj göndərilir. Mesajda birinci dozanın vurulacağı tarix, saat və məkan qeyd edilir.

Peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki ilkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir.

İyunun 8-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 39 min 640 doza vaksin vurulub.

"Sputnik V" və "Pfizer" vaksinləri Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınıb. "Sputnik V" peyvəndinin ilk partiyası Bakıya mayın əvvəllərində gətirilib.

Əsas mövzular