Beləliklə, bu gün nəhayət ki, Avropa çempionatının qrup mərhələsinin ilk oyunları başlanır. Yarış hələ bir il əvvəl keçirilməli idi, lakin dünyanı ağuşuna almış koronavirus ucbatından Avropa futbol forumunun 2021-ci ilə keçirilməsi barədə məntiqli qərar qəbul olunmuşdu. Bu turnirin banisi hələ 1930-cu ildə silahdaşı Jül Rime ilə birlikdə futbol üzrə dünya çempionatını təşkil etmiş Anri Delonedir. İkinci Dünya Müharibəsindən sonra o hamını Avropa çempionatlarının da keçirilməsinin zəruriliyinə inandırıb.
1960-cı ildə turnir ilk dəfə keçirilib, lakin həmin yarış Avropa Millətlər Kuboku adlandırılıb. Yalnız 1968-ci ildə yarış Avropa çempionatı statusunu alıb. Yarışın ideya müəllifi Delone 1955-ci ildə vəfat etdiyindən bu hadisənin şahidi ola bilməyib. Lakin Avropa çempionatlarının əsas mükafatı layiqli olaraq Anri Delone Kuboku adını daşıyır.
1960-cı ildən etibarən yarış hər dörd ildən bir keçirilir. Yalnız bu dəfə təşkilatçılar çox əhəmiyyətli səbəb üzündən onun keçirilməsini bir il təxirə salıblar. Əlbəttə, bəşəriyyət koronavirusa hələ tam qalib gəlməyib, amma xəstəliyin geri çəkildiyi müşahidə olunur. Avropa Futbol Federasiyası (UEFA) çempionatın bir ölkədə deyil, iki ölkədə deyil, Avropanın 11 iri şəhərində, o cümlədən də Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edib.
55 illik futbol azarkeşi olaraq mən də dünyada bu oyunun milyonlarla pərəstişkarı kimi, səbirsizliklə bu möhtəşəm idman hadisəsini gözləyirəm. Bizim hər birimizin öz favoritlərimiz və üstünlük verdiyimiz komandalar var. Lakin gəlin 16-cı Avropa çempionatının final mərhələsində oynayacaq komandaların imkanlarını obyektiv şəkildə təhlil etməyə çalışaq.
"A" qrupunda çox möhkəm komandalar toplanıb: İtaliya, İsveçrə, Türkiyə, Uels
İtaliya futbolu kifayət qədər uzun müddət ərzində tənəzzül yaşayıb. Lakin son vaxtlar vəziyyətin bir qədər düzəldiyi nəzərə çarpır (hər halda, Avropa klub turnirlərində). Lakin mən İtaliyanın sözsüz qələbəsinə ümid etməzdim. Çünki getdikcə inkişaf edən isveçrəlilər və uelslilər italyanların birincilik məsələsini ciddi şəkildə müzakirə etmək niyyətindədirlər. Bundan əlavə, həm İsveçrə, həm də Uels millisinin tərkibində yüksək səviyyəli oyunçular var. Türkiyə yığma komandasına gəldikdə isə, komandanın çempionatda uğurla çıxış etmək əhvalında olduğunu düşünürəm. Bunun üçün türklərin əlində bütün əsaslar var: komandanın heyətinin kifayət qədər yaxşı seçilməsi, oyunçuların qələbə əhvali-ruhiyyəsində olması və Türkiyə millisini dünya çempionatlarında ən yüksək nəticəyə - 2002-ci ildə bürünc medallara gətirib çıxarmış baş məşqçi Şenol Günəşə inam.
Düşünürəm ki, qrup mərhələsində ilk oyunlardan sonra daha cürətli ehtimallar irəli sürmək və bu və ya digər komandanın imkanlarını daha dəqiq təsəvvür etmək mümkün olacaq. Bu təkcə "A" qrupuna deyil, bütün digər komandalara da aiddir.
"B" qrupunda Belçika, Danimarka, Finlandiya və Rusiya milliləri münasibətlərinə aydınlıq gətirəcəklər
Bu qrupun sözsüz favoriti Belçika yığmasıdır. Belə ki, onun tərkibində ən güclü Avropa klublarının oyunçuları toplanıb. Düşünürəm ki, belçikalılar təkcə qrup mərhələsində deyil, sonrakı mərhələlərdə də uğurla çıxış edə bilərlər. Əminəm ki, onlar qarşılarına Anri Delone Kubokunu qazanmağı məqsəd qoyublar. Vəziyyət belədir ki, Belçika yığması "Köhnə dünya"nın ən güclü futbol millisi adını qazanmağa layiqli namizəddir və komandanın qrup mərhələsini uğurla keçəcəyini demək üçün obyektiv əsaslar var.
Rusiyalılara gəldikdə, onlar son oyunları ilə pərəstişkarlarını o qədər də xoş olmayan düşüncələrə qərq ediblər. Komandanın heyəti kifayət qədər yaxşıdır, lakin çempionatın bir çox digər iştirakçılarının bu mənada daha çox üstünlüyü var. Sonuncu dünya çempionatında olduğu kimi, məşqçilərin uğurlu həlləri ilə futbolçuların var gücü ilə çıxış etmək əzmi və uğur üst-üstə gələrsə, müəyyən nailiyyətin əldə edilməsi mümkündür.
Finlər Avropa çempionatının final mərhələsinin debütantlarıdır. Əmin ola bilərik ki, onlar bütün bacarıqlarını ortaya qoymağa çalışacaqlar: imkanları isə genişdir. Danimarkalılar onunla məşhurdurlar ki, onlar, bütün proqnozlara rəğmən, bütün güclərini toplayıb gözəl oyun nümayiş etdirməyə qadirdirlər. Bu onlara qrupda uğurla çıxış etməkdən daha böyük şeylərə nail olmağa imkan verə bilər. Qrupun aşkar favoriti Belçika komandasıdır. Digər komandalar isə növbəti mərhələyə keçmək üçün var gücü ilə mübarizə aparmalı olacaqlar.
"C" qrupu: Avstriya, Niderland, Şimali Makedoniya və Ukrayna
Bu qrupda ilk iki komanda favoritdir. Amma düşünürəm ki, ukraynalılar və Şimali Makedoniya komandası bununla razı deyillər və bunu əməldə sübut etməyə çalışacaqlar. Buna baxmayaraq, ehtimal az olsa da, sürprizlər mümkündür.
"D" qrupu: Xorvatiya, Çexiya, İngiltərə, Şotlandiya
Kifayət qədər güclü qrupdur. Lakin nəzərə almaq lazımdır ki, hazırda xorvat komandasında nəsil dəyişməsi gedir və dünya ikincisi olan bu komanda heç də qrupun sözsüz favoriti deyil. Ənənəvi olaraq Avropa çempioatlarında güclü oyun nümayiş etdirən çexlər yenə də gözəl bacarıqları ilə bir çox güclü komandaları pis vəziyyətdə qoya bilərlər. Futbolun yaradıcısı olan ingilislərin isə heyəti çox güclüdür və onlar ən yüksək nəticələrə iddia edə bilərlər. Zənnimcə, ingilislər bu qrupun favoritləridir və əgər onlar iflasa uğrasalar, bunun səbəbi ya hansısa fors-major, yaxud məşqçilərin səhvi ola bilər.
Şotlandiyalıları uzun illərdir ki "çətin qoz" adlandırırlar. Lakin zaman keçdikcə heç nə dəyişmir – onlar elə "çətin qoz" olaraq da qalırlar. Qozu isə, nə qədər bərk olmasından asılı olmayaraq, işə ciddi yanaşsan, sındırmaq mümkündür.
"E" qrupu: Polşa, Slovakiya, İspaniya, İsveç
Çoxları bu qrupun favoritinin İspaniya komandası olduğunu düşünürlər. Məncə, bu belə deyil. İspaniya millisi, tərkibində yüksək səviyyəli futbolçular olmasına rəğmən, bir vaxtlar Xavi və İnyestanın dövründəki oyun keyfiyyətindən uzaqdır. Aydındır ki, ispanlar hələ qrup mərhələsində böyük çətinliklərlə qarşılaşacaqlar. Bombardir Levandovskinin rəhbərliyi altında olan polyakların böyük iddiaları var və əgər onlar kifayət qədər əlaqələndirilmiş oynaya bilsələr, o zaman iddialarını həyata keçirməyə qadirdirlər. İsveç və Slovakiya komandaları yaxşı balanslaşdırılmış komandalardır və hər şey onların turnirə hansı formada yanaşmalarından asılı olacaq. Həm onlar, həm də digərləri nüfuzlu komandaların kürəyini yerə vurmaq əzmindədirlər.
"F" qrupu: Fransa, Almaniya, Macarıstan, Portuqaliya
Qrupların ən güclüsü. Burada hazırkı dünya çempionları, dəfələrlə dünya və Avropa çempionu olmuş almanlar, Anri Delone Kubokunun hazırkı sahibi olan Portuqaliya və güclü Macarıstan komandası var. Bəli, təəssüf ki, bu qədər nəhəng komanda yarışın lap əvvəlində qarşı-qarşıya gələcək. Nə etmək olar? Püşk belə düşüb.
Belə bir vəziyyətdə qətiyyən proqnoz vermək mümkün deyil. Bircə məsələni qeyd etmək istərdim: bu cür qonşularla yanaşı düşmüş macarlar, çox güman ki, artıq heç nəyi düşünməyərək oyundan zövq almağa çalışacaqlar. Yadıma belə bir vəziyyət düşür, 1966-cı ildə qrupun favoriti olan Braziliya komandasına qalib gələn macarlar bütün futbol aləmini şoka salmışdılar. Onların bunu təkrar etməyə qadir olub-olmadığını deyə bilmərəm, lakin onların həqiqətən belə arzuda olduqlarını ehtimal etmək çətin deyil. Bütün qalanlar haqqında artıq ilk qrup qarşılaşmalarından sonra danışmaq olar.
Avropa çempionatları sürprizlərlə doludur
Mundiallardan fərqli olaraq Avropa çempionatlarında sürprizlər və sensasiyalar daha tez-tez baş verir. 1976-cı ildə Çexoslovakiya yığmasının gözlənilməz qələbəsi, Danimarka futbolçularının 1992-ci ildəki parlaq çıxışı və qələbəsini misal gətirmək olar. 2004-cü ildə Portuqaliyada keçirilən çempionatda Yunanıstan komandasının Fiqunun rəhbərlik etdiyi ev sahiblərinə qalib gələrək finala yüksəlməsini də xatırlatmaq istərdim.
Elə portuqaliyalıların özlərinin də sonuncu qitə birinciliyində qələbəsi gözlənilməz idi. Çoxları, elə bu sətirlərin müəllifi də, Portuqaliya komandasının məğlubiyyətini proqnozlaşdırırdı, onlar isə bütün sınaqlardan çıxaraq Avropa çempionu oldular.
Hörmətli futbol həvəskarları! Bütün bu faktları nəzərə alaraq, əminliklə güman etmək olar ki, qarşıda bizi, çox güman ki, sürpriz və gözlənilməz nəticələrlə dolu olan əsrarəngiz bir futbol hadisəsi gözləyir. Nə demək olar? Futbolun gözəlliyi də elə bundadır. Dünyanın ən populyar oyununun pərəstişkarları, sizə xoş seyrlər arzu edirəm!
Eləcə də oxuyun:
-
Dünyanın ən bahalı futbolçularının ilk beşliyi
-
FOTOFAKT: Bakı AVRO-2020 həsrəti ilə necə dəyişir: görkəmini dəyişmiş küçələrdən şəkillər
-
UEFA Festivalı - Paytaxtda unudulmaz anlar yaşanacaq
-
AVRO-2020-nin Bakıda keçiriləcək görüşünü futbolumuzla tanış olanlar idarə edəcəklər