BAKI, 5 iyun — Sputnik. Beynəlxalq Muğam Mərkəzi tədqiqat fəaliyyətində böyük uğura nail olub. Muğam Mərkəzinin mətbuat xidmətinin rəhbəri Lalə Azərinin Sputnik Azərbaycan-a verdiyi xəbərə görə, XIX əsrin II yarısı muğam ifaçılığının ən görkəmli nümayəndələrindən biri Məşədi Məmməd Fərzəliyevin ifasında 4 lent yazısı aşkarlanıb: "Bu işdə ilk müraciət etdiklərimizdən vaxtilə Türkiyənin Azərbaycandakı keçmiş mədəniyyət müşaviri, rəhmətlik İrfan Çiftçi oldu. Onun axtarışları nəticəsində Azərbaycan Milli Arxiv İdarəsindən Tarix Arxivinin direktoru Aslan Kənanın köməyilə vaxtilə Gəncə Filarmoniyasının direktoru olmuş Şirin Rzayevin musiqişünas Firudin Şuşinskiyə yazdığı məktub tapılıb. Məktubda xanəndənin İstanbulda yaşadığı ünvan göstərilib və onun Mehmet Çaylı (Ferzalı) adı ilə fəaliyyət göstərdiyi qeyd edilib. Ünvan İstanbulda Beyoğlu məhəlləsindədir".
Lalə xanım bildirir ki, BMM tərəfindən xanəndənin irsinin araşdırılmasına jurnalist və araşdırmaçı Dilqəm Əhməd və Azərbaycanın tanınmış şəxsiyyətlərinin nəsil şəcərəsinin araşdırması ilə məşğul olan araşdırmaçı jurnalist Hafiz Əhmədov da cəlb ediliblər: "Milli Arxiv İdarəsində də onun lent yazıları var. Amma bizim əldə etdiyimiz tam yenidir. Onun Fərzəliyevin səsi olduğu məlum deyildi. Bu səs yazıları Türkiyədə şəxsi kolleksiyadan götürülüb. Dinləmələr və müzakirələr, xanəndənin bu günə kimi bəlli olan lent yazıları ilə uyğun gəldiyi qənaətinə gəlindi.
İfa tərzi, etdiyi zəngulələr sübut edir ki, həmin səs yazıları Məşədi Məmməd Fərzəliyevə məxsusdur. Mütəxəssislər xanəndənin "Şüştər" muğamının mahir ifaçısı kimi muğam tarixində iz qoyduğunu nəzərə alaraq ifalarda M.M.Fərzəliyevə məxsus boğazlardan istifadənin, eləcə də Üzeyir bəy yaradıcılığına müraciəti də burada əsas amil kimi dəyərləndirdilər. Nəzərə alsaq ki, xanəndə Azərbaycanda yaşadığı dövrdə opera səhnəsində çıxışlar edib".
Mətbuat xidmətinin rəhbəri bildirir ki, bu axtarış bir il əvvəl başlayıb.
Qeyd edək ki, BMM-nin tədqiqat işləri "Unudulmayanlar" və "Dəyirmi masa" layihələri çərçivəsində həyata keçirilir. BMM-nin elmi və tədqiqat xarakterli növbəti layihələri ilə bağlı əlavə məlumatlar, eləcə də M.M. Fərzəliyevin Türkiyədəki məzarının axtarışının nəticəsi ictimaiyyətə təqdim olunacaq.
Məşədi Məmməd Fərzəliyev 1872-ci ildə Şuşada anadan olub, görkəmli ifaçı və müəllim Xarrat Qulunun məktəbində yetişib. Bir müddət Gəncədə yaşayıb. 1929-cu ildə qastrol adı ilə Azərbaycandan çıxır. Qastrol səfərində Vladiqafqazdan başlayaraq, Tbilisi, Batumi və başqa şəhərlərə, Avropanın bir çox ölkələrinə qədər gedib çıxıb. Ömrünün sonuna qədər Türkiyədə məskunlaşıb. Ondan sonra bir daha Azərbaycana qayıtmayıb. Görkəmli ifaçı 1929-cu ildən 1962-ci ilə qədər aktiv musiqiçi həyatı keçirib. O, tarzən Hüseyn bəy Qasımla birgə "Azərimüzik heyəti" adlı kollektiv yaradıb. Bu heyətdə 20-30 nəfər xanəndə, aktyor, qiraətçi və sair kimi sənət nümayəndələri toplanıblar. Onlar böyük proqramla İstanbuldan başlayaraq Misirə qədər geniş coğrafiyada ancaq Azərbaycan musiqisini təbliğ edib, konsertlər keçiriblər.
Eləcə də oxuyun:
- Mərkəzi Asiyanın məşhur portalı Şuşa toyları haqqında yazıb
-
Şuşada bu ifa hamını təsirləndirdi - Prezident kövrəldi, Nazir ağladı - Video
-
Azərbaycan musiqisinin Bülbülü: Cəbiş müəllim məşhur sənətkarı yad etdi
-
Bizim Cəbiş müəllim Qarabağın inciləri haqda: Xan Şuşinski fenomeni - VİDEO