BAKI, 3 iyun — Sputnik. Bu gün Bakıda Azərbaycan Respublikası və Rusiya Federasiyası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən daxil olan məlumatda bildirilir.
Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov və Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenkonun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçirilən siyasi məsləhətləşmələrdə ikitərəfli strateji tərəfdaşlıq gündəliyinin məsələləri əsas müzakirə mövzusu olub.
Həmçinin tərəflər, bölgədəki cari vəziyyət və baş verən son proseslərlə bağlı fikir mübadiləsi aparıblar.
Siyasi məsləhətləşmələrdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Siyasi məsləhətləşmələr
Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova cümə axşamı bildirib ki, Qarabağ ətrafında yaranmış vəziyyətin nizamlanması üçün hər gün iş aparılır.
“Xarici işlər nazirləri ilə məsləhətləşmələr, danışıqlar keçirilir. Xarici işlər nazirlikləri və səfirliklərin xətti ilə biz gündəlik qarşılıqlı fəaliyyətdəyik. Həm Rusiya-Azərbaycan, həm də Ermənistan xətti ilə xarici siyasət idarələri rəhbərlərinin telefon danışıqları barədə məlumatlar mütəmadi olaraq dərc olunur... Ölkəmiz tərəfindən bu vəziyyətin həm hadisələrin qaynar olduğu, həm də kəskinləşmədən sonrakı dövrdə nizamlanması istiqamətində çox böyük səylər göstərilib”, - deyə Zaxarova bildirib.
O əlavə edib ki, söhbət təkcə siyasi səylərdən deyil, həmçinin diplomatik, habelə ölkə rəhbərliyinin şəxsi səylərindən gedir. “Və sözsüz ki, hər gün vəziyyətin düzəlməsi, siyasətçilərin, diplomatların, ictimai xadimlərin nəhayət ki öz funksiyalarını yerinə yetirə bilməsi üçün gücünü, ruhunu və bacarığını, peşəkarlığını, vərdişlərini ortaya qoyan sülhməramlıların rolu haqqında da... Odur ki, Rusiya sülhməramlılarının bu vəziyyətdə rolunu şişirtmək mümkün deyil”, - deyə XİN nümayəndəsi bildirib.
Moskvada qapalı danışıqlar
Analitiklər qeyd edirlər ki, Rudenkonun Bakıya səfəri Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin Moskvada bir gün əvvəl keçirilmiş danışıqları ilə birbaşa bağlıdır. Rəsmi Bakı Moskvada görüşün keçirilməsini təsdiq etməyib. Buna baxmayaraq, KİV-lərin məlumatına görə, Rusiya paytaxtında həm Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginliyinin aradan qaldırılması yolları, həm də əsir götürülmüş altı erməni hərbi qulluqçusu ilə bağlı məsələlər də müzakirə olunub.
“Joxovurd” qəzetinin məlumatında deyildiyi kimi, erməni tərəfi üçün “dünənki gün ərzində əsirlərin məsələsi ilə bağlı müsbət xəbərlər olmayıb”. Buna baxmayaraq, bu danışıqlardan sonra Moskvadan təkcə Rudenko deyil, Qarabağdakı Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradov da uçub. O, Yerevana yollanıb.
Rudenko sərhəddə vəziyyət kəskinləşdiyi dövrdə nələri deyib?
Ekspertləri Bakıya məhz Rudenkonun gəlməsi təəccübləndirməyib. Son zamanlar məhz bu rusiyalı diplomat Yerevanı məyus edən silsilə bəyanatlar verib. Məsələn, KTMT-nin qapılarının hamı üçün, o cümlədən Azərbaycan üçün də açıq olması barədə. Rudenko növbəti dəfə qeyd edib: ölkənin təşkilata daxil olmasına yalnız quruma üzv dövlətlər arasında diplomatik münasibətlərin olmaması məhdudlaşdıra bilər. "Azərbaycanla Ermənistan arasında hələ ki, bu cür münasibətlər yoxdur. Bu cür münasibətlər qurulduqdan sonra - biz ümidvarıq ki, bu gec və ya tez baş verəcək, - məsələ bu və ya digər şəkildə praktiki müstəviyə çıxa bilər", - deyə may ayında verdiyi müsahibələrdən birində Rudenko bildirib. XİN rəhbərinin müavini həmçinin bildirib ki, əgər belə bir təklif hər iki dövlətdən daxil olarsa, Rusiya sərhəddə gərginliyin aradan qaldırılması ilə bağlı Azərbaycana və Rusiyaya kömək edəcək. “Əgər belə bir müraciət tərəflərdən birindən deyil, bütün iştirakçılardan daxil olarsa, o zaman bacardığımız köməyi göstərəcəyik”, - deyə Rudenko Ermənistan lideri Paşinyanın Rusiya prezidentindən sərhəddəki vəziyyətlə bağlı hərbi kömək göstərməsi ilə bağlı müraciətindən sonra deyib. Yerevanın özündə isə bu gün Ermənistan milli məclisinin növbədənkənar iclası keçirilməlidir. Ehtimal ki, bundan sonra cavablar suallardan çox olacaq.
Eləcə də oxuyun:
-
Muradov Moskvadan Yerevana gedir, xəbər aparır
-
ATƏT Qarabağ münaqişəsinin tərəfləri ilə dil tapmağa çalışır
-
Moskvada kritik danışıqlar – Azərbaycan və Ermənistan generalları görüşəcəklər