CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dmanisidə 8 nəfər saxlanıldı, Azərbaycan səfirliyi bəyanat yaydı

© Sputnik / Stringer / Mediabanka keçidСитуация вокруг задержания лидера оппозиционной партии в Тбилиси
Ситуация вокруг задержания лидера оппозиционной партии в Тбилиси - Sputnik Azərbaycan, 1920, 17.05.2021
Abunə olmaq
Hadisə zamanı bir neçə nəfər ciddi xəsarət alıb. İnsident iştirakçılarından 8 nəfəri Gürcüstanın hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

BAKI, 17 may — Sputnik, Eldar Tanrıverdiyev. Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi ötən gün Dmanisi şəhərində baş vermiş kütləvi dava ilə bağlı bəyanat yayıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bəyanatda deyilir:

“16 may 2021-ci il tarixində Dmanisi şəhərində yerləşən azərbaycanlılara məxsus “Ömər” marketə edilən kütləvi basqın və onun ətrafında yaranan toqquşma hadisəsinə dair Səfirlik tərəfindən dərhal reaksiya göstərilib. Səfirliyin əməkdaşları hadisə yerinə baş çəkib, vəziyyətlə tanış olmuş və Gürcüstan hüquq-mühafizə orqanlarının, eləcə də yerli hakimiyyətin nümayəndələri ilə əlaqə yaratmışdırlar. Baş vermiş insidentlə bağlı Gürcüstan qanunvericiliyi çərçivəsində zəruri tədbirlər görülməkdədir. Məsələ ilə əlaqədar xüsusilə vurğulanmalıdır ki, qeyd olunan xoşagəlməz hadisəyə siyasi don geyindirmək, onu etnik zəmində qarşıdurma kimi qələmə vermək strateji tərəfdaşlıq səviyyəsində inkişaf edən Azərbaycan – Gürcüstan münasibətlərinin ruhuna uyğun gəlmir. Səfirlik soydaşları hər hansı təxribatlara uymamağa, siyasi yetkinliyi və məsuliyyəti nümayiş etdirməyə çağırır. Baş verən insidentə sırf hüquqi müstəvidə qiymət verilməli və təqsirkar bilinən şəxslər fərdi qaydada Gürcüstan qanunvericiliyinə əsasən cəzalarını almalıdırlar. Bu xoşagəlməz hadisənin hər hansı mənfi fəsadlarının qarşısını almaq məqsədilə, Səfirlik tərəfindən Gürcüstanın aidiyyəti qurumları ilə daimi təmaslar davam etdiriləcəkdir. Əziz soydaşlar, Siz həmişə Azərbaycan – Gürcüstan dostluğunun əyani təzahürü olmusunuz. Səfirlik sizin bu önəmli missiyanızın öhdəsindən gəlməyinə hər zaman dayaq olmağa hazır və sizin müdrikliyinizə əmin olduğunu bildirmək istəyir”.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi də Gürcüstanın Dmanisi rayonunda baş verən insidentlə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir: "16 may 2021-ci il tarixində, saat 17.00 radələrində Gürcüstanın Dmanisi rayonunun "9 aprel" küçəsində bir qrup şəxsin azərbaycanlı sahibkar Qəşəm Şamilova məxsus mağazanın qarşısına gələrək, ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum etmələri nəticəsində kütləvi dava baş verib. Hadisə zamanı bir neçə nəfər ciddi xəsarət alıb. İnsident iştirakçılarından 8 nəfəri Gürcüstanın hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

Dövlət Komitəsi insidentdən dərhal sonra hadisəyə reaksiya verərək, soydaşlarımızla əlaqə saxlayıb. Hadisənin hücum edən qrupdan olan bir neçə şəxsin mağazadan aldıqları məhsulun pulunu ödəmək istəməməsi səbəbindən baş verdiyi bildirilib.

Bununla belə, son dövrlər regionda cərəyan edən hadisələr, Azərbaycan Respublikasının Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər, Azərbaycan-Gürcüstan arasında dostluq münaibətlərinin davamlı inkişafı Qafqaz regionunda sülh və stabilliyin düşmənlərini ciddi narahat edir. Bu baxımdan Dmanisi rayonunda baş verənlərin təxribat olması və məqsədli şəkildə təşkil edilməsi ehtimalı da mövcuddur.

Qeyd edilənləri nəzərə alaraq, Gürcüstanda yaşayan azərbaycanlıları baş verən insidentə təmkinlə yanaşmağa, ehtiyatlı olmağa, təxribatlara uymamağa və proseslərə qonşu Gürcüstan dövlətinin qanunları çərçivəsində münasibət bildirməyə çağırırıq.

Bildiririk ki, Dmanisi rayonunda baş verən insidentə Diasporla İş üzrə Dövlət Komitəsi həssaslıqla yanaşır və daim diqqət mərkəzində saxlayır".

Eləcə də oxuyun:

*Gürcüstanda svanlar azərbaycanlılara hücum etdilər, dava düşdü - VİDEO

Dmanisidə vəziyyət yenidən gərginləşib - polis izdihamı sakitləşdirə bilmir

* Nazir: "Azərbaycanlılar gürcülərin qardaşlarıdır, qarşıdurmaya imkan verməyəcəyik"

Xəbər lenti
0