BAKI, 17 may — Sputnik. "Azərbaycanlılar və gürcülər əsrlər boyu birgə yaşayıblar. Azərbaycanlılar bizim qardaşlarımızdır".
Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, bunu Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri Dmanisidə jurnalistlərə açıqlamasında deyib.
O vurğulayıb ki, rayonda baş vermiş xoşagəlməz hadisə millətlərarası qarşıdurmaya keçməməlidir: "Etnik azərbaycanlılar ilk növbədə, bizim vətəndaşlarımızdır, Azərbaycan isə Gürcüstanın strateji tərəfdaşı, müttəfiqi, qonşusu və dostudur. Biz qarşıdurmaya yol verə bilmərik. Dmanisidəki hadisələri etnik zəmində qarşıdurma kimi təqdim edərək problemi şişirtməyə çalışanlar var. Biz buna imkan verməyəcəyik".
Gürcüstanın Dmanisi rayonunda azərbaycanlılarla svanlar arasında kütləvi dava düşüb.
İnsident mayın 16-da saat 5 radələrində rayonun “9 aprel” küçəsində baş verib.
Sakinlərin məlumatına görə, milliyyətcə svan olan bir qrup şəxs azərbaycanlı sahibkar Qəşəm Şamilovun işlətdiyi mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum edib.