BAKI, 17 may — Sputnik, Zülfiyyə Quluyeva. Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə başlanılsa da, hələ ki, bir sıra xəstəliklər üzrə tibbi xidmətlər icbari tibbi sığortanın xidmətlər zərfinə əlavə olunmayıb. Ötən gün Milli Məclisin plenar iclasında bu məsələyə toxunan deputat Əli Məsimli bildirib ki, transplantasiya ilə xərclərin qarşılanması da icbari tibbi sığortanın xidmətlər zərfinə salınmalıdır:
"İcbari tibbi sığorta üzrə işlər uğurla gedir və tibbi xidmətlərin sayı yüksəkdir. Amma təcrübədə transplantasiya ilə bağlı xərclərin qarşılanması məsələsi kənarda qalır. Bununla bağlı addımlar atılmalıdır. Xüsusilə qaraciyər və böyrək transplantasiyası ilə bağlı məsələ icbari tibbi sığorta paketinə daxil olsa, yaxşı olardı", - deyə deputat əlavə edib.
Sputnik Azərbaycan-a bununla bağlı açıqlama verən orqan transplantasiyası üzrə mütəxəssis Mircəlal Kazımi bildirib ki, orqan transplantasiyasının icbari tibbi sığortanın Xidmət Zərfində öz əksini tapmasına ciddi zərurət var. M.Kazıminin sözlərinə görə, icbari tibbi sığortadan bütün xəstələrin istifadə etmək imkanı olmalıdır: "İcbari tibbi sığorta tətbiq olunursa, burada xəstəlikləri ayırmaq düzgün olmaz. İcbari tibbi sığorta tibbin bütün sektorlarını əhatə etməlidir".
M.Kazımi deyir ki, orqan transplantasiyasının icbari tibbi sığortanın xidmətlər zərfinə salınması ilə çox sayda insan həyatını xilas etmək mümkündür: "Bu gün orqan transplantasiyasınıəməliyyat qiymətlərinə görə fərqləndirmək düzgün deyil. Hər bir xəstənin hüququdur ki, icbari tibbi sığortadan istifadə etsin. Nəzərə almaq lazımdır ki, orqan transplantasiyasına təkcə əməliyyat qiyməti daxil deyil. Belə xəstələrin əməliyyatdan sonrakı dövrü, dərmanla təmin olunması məsələləri də var. Ona görə də bu gün ürək-damar cərrahiyyəsi kimi böyrək köçürülməli olan xəstələrə də icbari tibbi sığortadan yararlanmaq imkanı yaradılmalıdır.
İcbari tibbi sığortanın ölkə üzrə tətbiqinə yeni başlanıldığını nəzərə alsaq, inanıram ki, orqan transplantasiyası da yaxın gələcəkdə icbari tibbi sığortanın Xidmətlər Zərfində yer alacaq. Düşünürəm ki, müəyyən zaman ərzində orqan köçürülmə əməliyyatı icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil olacaq. Bu baş verərsə, həm donor sayı, həm də xəstələrin əməliyyat olma şansı artacaq".
Azərbaycan Həkimləri İctimai Birliyinin (AHIB) idarə heyətinin üzvü Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu gün ölkəmizdə orqan transplantasiyasının qiyməti 20 min manatdan başlayır. Onun sözlərinə görə, böyrək köçürülməsi 20 min manata qədər, qaraciyər transplantasiyası isə 50-60 min civarında xərc tələb edir:
"Bu əməliyyatlar baha olduğu üçün dərhal icbari tibbi sığortanın Xidmətlər Zərfinə salınması bir qədər çətindir. Amma nəzərə almalıyıq ki, xeyli sayda insanın bu əməliyyatlara ehtiyacı var. Həmin məbləği ödəməyə imkanı olmayanların əməliyyat xərcini Heydər Əliyev Fondu ödəyir. Bu təbii ki, belə davam etməyəcək. İcbari tibbi sığorta fonduna daxil olan vəsaitin məbləği artdıqca, bu prosesə digər fondlar cəlb olunduqca transplantasiya əməliyyatlarının da Xidmətlər Zərfinə salınması mümkün olacaq".
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən isə bildirildi ki, Azərbaycanda İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilən tibbi xidmətlərin sayı artırılacaq. Dəyişikliyə əsasən, Xidmətlər Zərfinə 300-ə yaxın tibbi xidmətin əlavə olunması planlaşdırılır. "Hazırda İcbari tibbi sığortanın Xidmətlər Zərfinə 2550 sayda müxtəlif tibbi xidmət daxildir. Agentlik tərəfindən Xidmətlər Zərfində dəyişikliklərin edilməsi, tibbi xidmətlərin sayının və çeşidinin artırılması ilə bağlı layihə hazırlanıb və aidiyyəti qurumlara təqdim olunub. Ümumilikdə Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərin sayının 2800-dən çox olması nəzərdə tutulur. Məqsəd əhalini daha çox sayda tibbi xidmətlə təmin etmək və xidmətlərin əlçatanlığını artırmaqdır. Xidmətlər Zərfində dəyişiklik olduğu təqdirdə bu barədə ictimaiyyətə məlumat verilir".
Həmçinin oxuyun:
İlham Əliyev orqan donorluğu və transplantasiyası ilə bağlı qanunu təsdiqlədi
İşsizlərə şad xəbər: İcbari Tibbi Sığortadan onlar da yararlana bilərlər
Deputat icbari tibbi sığorta problemini qaldırdı
Azərbaycanlılar icbari tibbi sığortaya necə münasibət göstərirlər
Hərbi əsirlərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağan edilib