12:55 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
25 0 0

Canlı donor və onun tərəfindən transplantasiyanın həyata keçirilməsinə verilmiş məlumatlandırılmış razılıq haqqında məlumatlar canlı donorlar reyestrinə daxil edilir.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr — Sputnik. Canlı donordan donor orqan götürülməsinə qoyulan məhdudiyyət müəyyən edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin 18-ci maddəsinə (Canlı donordan donor orqanın götürülməsinə məhdudiyyət) əsasən, resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan şəxslərdən orqan götürülməsi qadağandır. Bu xəstəliklərin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

18 yaşına çatmayan şəxsdən transplantasiya məqsədilə orqan və toxumaların (sümük iliyi, kök hüceyrələr istisna olmaqla) götürülməsi qadağandır.

18 yaşına çatmayan şəxsdən sümük iliyi və kök hüceyrələrinin götürülməsinə onun valideynlərinin razılığı ilə yol verilir.

Resipiyentin qulluq tabeliyində və ondan fiziki, mənəvi, maddi cəhətdən asılı olan və ya həbsdə olan şəxslərdən, daha əvvəl orqan donoru olmuş şəxslərdən, hamilə qadınlardan, valideyn himayəsindən məhrum uşaqlardan, hərbi əsirlərdən və fəaliyyət qabiliyyəti olmayan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır.

Canlı donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqanlardan isə o miqdarda və həcmdə götürmək olar ki, donorun həyatı üçün təhlükəli hallar, yaxud onun sağlamlığında bərpa olunmaz pozğunluqlar yaranmasın.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, canlı donor - öz orqanlarını xəstəliyi olan şəxslərə transplantasiya məqsədilə könüllü olaraq verən fəaliyyət qabiliyyətli on səkkiz yaşına çatmış (sümük iliyi və kök hüceyrələri istisna olmaqla) sağlam şəxsdir.

Orqanın götürülməsi əməliyyatından əvvəl canlı donor arvadının (ərinin) və ya digər yaxın qohumlarının birinin şahidliyi ilə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş məlumatlandırılmış razılıq ərizəsini yazıb imzalamalıdır.

Canlı donor və onun tərəfindən transplantasiyanın həyata keçirilməsinə verilmiş məlumatlandırılmış razılıq haqqında məlumatlar canlı donorlar reyestrinə daxil edilir.

Bu qanun Azərbaycanda insan orqanlarının və toxumalarının (bundan sonra - orqanlar) donorluğunun və onların transplantasiyasının hüquqi əsaslarını, donorların, resipiyentlərin, orqan transplantasiyası sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin və tibb işçilərinin hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.

Əsas mövzular