Aleksandra Zuyeva, Sputnik Azərbaycan.
BAKI, 25 aprel – Sputnik. ABŞ prezidenti Co Bayden rəsmi olaraq 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıdı. Bununla da sələflərinin hər vəchlə qaçındığı bir işi gördü.
Ağ Evdə “soyqırım” sözü səsləndi
Donald Tramp da daxil olmaqla Baydendən əvvəlki liderlər “böyük cinayət” mənasını verən Meds Yeghern terminini və “XX əsrin ən pis kütləvi vəhşiliyi” ifadələrini işlədirdilər.
Düzdür, deyirlər ki, 1915-ci il hadisələrini “soyqırım” kimi təsnif edən ilk prezident Ronald Reyqan olub, ancaq onun 1982-ci ildə dediklərini heç kim rəsmi tanıma kimi hesab etmir. Üstəlik, bunu həm türk, həm də erməni ekspertləri deyirlər.
İndi isə o kəlmə Baydenin dilindən çıxdı.
Baydenin belə deyəcəyi bəlli idi. Cümə günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışarkən Bayden bu niyyətini gizlətməmişdi.
Ola bilsin, Ərdoğan özü də hadisələrin bu cür inkişafına hazır idi. Çünki Baydenin bəyananatına reaksiyası olduqca təmkinli idi. Türkiyə lideri sadəcə onu qeyd etdi ki, tarixi hadisələri siyasiləşdirmək Ankaraya təzyiq etməyə yardımçı olmayacaq. Üstəlik, dinc qonşuluq və qarşılıqlı hörmət əsasında Ermənistanla əlaqələrin inkişaf etdirilməsinə səslədi.
Bayden "soyqırım" ifadəsini işlətdi: Paşinyan razı qaldı, Çavuşoğlu "xəyanətdir" dedi>>
“Qarabağ böhranının yoluna qoyulmasından sonra biz Ermənistanla əlaqələrin inkişaf etdirilməsində hazır olduğumuzu bildirdik. Bu gün həmin çağırışımı təkrar edirəm”, - Ərdoğan dedi.
Azərbaycana zəng
Bundan dərhal sonra isə Türkiyə Prezidenti azərbaycanlı həmkarı İlham Əliyevlə telefonla danışdı. Əliyevin reaksiyası isə birmənalı idi – Azərbaycan Baydenin bəyanatını qəbuledilməz sayır: “O, regionda formalaşmaqda olan əməkdaşlıq meyllərinə ciddi zərbə vurdu”.
Azərbaycan XİN də analoji mövqe nümayiş etdirdi. Qurumun rəhbəri Ceyhun Bayramov əvvəlcə bəyanatında, sonra isə türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə söhbətində “bəzi ölkə rəhbərlərinin 1915-ci il hadisələrini siyasiləşdirmək cəhdlərini” yolverilməz adlandırdı və vurğuladı ki, ABŞ prezidentinin sözləri “tarixi həqiqətlərin təhrif olunmasıdır”.
Tanımanın ilkin nəticələri
Gecəyə doğru Türkiyə XİN-ə ABŞ-ın Ankaradakı səfiri Devid Satterfild dəvət olundu. Mənbələrin verdiyi məlumata görə, səfirin diqqətinə Türkiyə tərəfinin Baydenin bəyanatının qəbuledilməz olduğu və heç bir hüquqi və tarixi əsasa malik olmadığı barədə rəyi çatdırılıb. Üstəlik, əlavə edilib ki, Amerika liderinin sözləri iki ölkənin münasibətlərinə xələl gətirir.
Bundan az öncə isə ABŞ-ın Türkiyədəki səfirlik və konsulluqları “Baydenin bəyanatından sonra təhlükəsizlik tədbirləri qismində” aprelin 26 və 27-də bağlı olacaqlarını bildirmişdilər.
Bu cür ehtiyat tamamilə özünü doğruldur: Türkiyə 106 il boyunca bir mövqedə idi ki, ölkə tarixində ermənilərə qarşı heç bir soyqırım olmayıb və dəfələrlə 1915-ci il hadisələrinin araşdırılmasına dəvət etmişdi.
Ankara xüsusilə Yerevana 1915-ci il arxivlərini açmağı və hadisələrin araşdırılması üçün birgə komissiyanın yaradılmasını təklif etmişdi. Ermənistan indiyədək bu çağırışa reaksiya verməyib.
Ərdoğan Qarabağ barədə - Qardaşlarımızın yanında olduq>>
İndi bir çox ekspertlərin fikrincə, arxiv məsələsi ilə bağlı situasiya gözlənilmədən Türkiyənin xeyrinə dəyişə bilər. İş burasındadır ki, Bayden “soyqırım” sözünü işlədərkən, Türkiyə tərəfinin rəyinə görə, Ankaraya şər atıb.
Və bununla Ankara Amerika məhkəməsində iddia qaldıra bilər. Məhkəmə də bunun böhtan, yaxud da həqiqət olduğuna qərar verməlidir. Araşdırma üçün türklər öz arxivlərini açacaqlar, deməli, Ermənistan da eyni addımı atmalı olacaq.
Türkiyənin belə bir təşəbbüs göstərib-göstərməyəcəyi hələ məlum deyil. Ancaq bir şey aydındır: Baydenin bəyanatı geosiyasi gedişdir, “ermənilərin soyqırımı” isə ABŞ-Türkiyə münasibətlərində alqı-satqı alətindən başqa bir şey deyil.
Baydenin sözləri Ankara üçün sürpriz olmadı
Bununla Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov da razılaşır. Sputnik Azərbaycan-la söhbətində o qeyd edib ki, qondarma soyqırımının tanınması Vaşinqtonun Ankaraya təzyiq vasitəsidir.
“Nəzərə alsaq ki, son zamanlar Qərbdə antitürk bloku güclənir, o zaman “soyqırım”ın tanınmasının uzun müddət düşünülmüş addım olduğu aydındır, üstəlik, əlbəttə ki, bu, Ankara üçün sürpriz olmadı”, - ekspert deyir.
Statusu çoxdan regional dövlət çərçivəsinə sığmayan Türkiyənin güclənməsi ABŞ-a sərf eləmir. Ona görə həmişə ermənipərəst və antitürk mövqe sərgiləyən Baydenin hakimiyyətə gəlməsi ilə başqa nəsə gözləməyə dəyməzdi, ekspert hesab edir.
Ankaranın sonrakı addımlarına gəlincə Hüseynov qeyd edir ki, Türkiyə tərəfi, gerçəkdən də böhtana görə məhkəməyə üz tuta bilər. Təbii ki, Amerika məhkəməsi də mütləq arxivlərin, o cümlədən Bostonda saxlanan və qatı heç zaman açılmamış “Daşnaksütun” arxivlərinin açılmasında israr edə bilər. Və beləliklə aydın olacaq ki, öz bəyanatı ilə Bayden əslində Pandoranın qutusunu açıb.
“Ermənistanın Qarabağ müharibəsində uduzmasından sonra Qərb erməni tərəfin başını “soyqırımın” tanınması kimi çax-çax oyuncağıyla aldatmaya bilməzdi. Eyforiya səngiyəndən sonra isə Yerevan bu bəyanatın onun üçün necə nəticələnə biləcəyini anlayacaq”, - Sputnik Azərbaycan-ın müsahibi söyləyir.
Onun sözlərinə görə, “soyqırım” məsələsi necə ki Avropa Məhkəməsinin yağlı nöqtəsi ilə Köhnə qitədə bağlandı, eləcə də ABŞ-da sonlandırılacaq.
ABŞ-ın maraqlarına rəğmən
Digər məsələlərdə isə Ankaranın davranışı, güman ki, o qədər də sərt olmayacaq, R.Hüseynov deyir. Onun fikrincə, bəzi türk siyasətçilərin amerika hərbçilərini İncirlik bazasından qovmaq çağırışlarına rəğmən, Türkiyə nə NATO bazalarını bağlayacaq, nə də Alyansdan çıxacaq.
“Amma amerikalıların beynəlxalq siyasətdə, eləcə də hərbi-siyasi maraqlarının qorunmasında, Yaxın Şərq bölgəsində problem və maneələri isə olacaq”, - ekspert vurğulayır.
Hüseynov hesab edir ki, hazırkı çətin şəraitdə Amerika Türkiyəyə söykənməli idi: ABŞ-ın bir dövlət kimi statusu xüsusilə Yaxın Şərqdə və islam aləmində zəifləyir, bu boşluqları isə Türkiyə uğurla doldura bilərdi.
“Ancaq amerikalılar belə etmədilər. İndi bu boşluqları Böyük Britaniya ilə Rusiya doldura bilərlər, bu isə son nəticədə yenə də Türkiyə ilə qarşılıqlı fəaliyyətə gətirib çılxaracaq, amma artıq ABŞ-ın maraqları burada nəzərə alınmayacq”, - Sputnik Azərbaycan-ın həmsöhbəti deyir.
“Bax, Bayden buna nail oldu. Və bunun əziyyətini ABŞ hələ uzun müddət çəkəcək. Bayden faktiki olaraq Türkiyə hökumətinin əl-qolunu açdı. Bundan sonra Ankara qaçınmağa çalışdığı fəaliyyətləri gerçəkləşdirə, Amerikanın maraqlarına zidd olan sərt addımlar ata bilər”, - ekspert bildirir.
Vaşinqton Ankaranı Avrasiya inteqrasiyasına təhrik edir
Türkiyəli politoloq Engin Özer isə öz növbəsində qeyd edir ki, Baydenin qondarma soyqırımı tanıması mahiyyətcə heç nəyi ifadə etmir. Türkiyə bundan heç cür ziyan görmədi. Ancaq digər tərəfdən, bu, ABŞ-ın Türkiyə ilə münasibətləri korlamağa hazır olduğuna dair bir siqnaldır.
İş burasındadır ki, son illər Türkiyə Çin və Rusiya ilə aktiv əməkdaşlığa başlayıb. Hazırda Türkiyə Çinin regionda strateji partnyoru və “Bir kəmər – bir yol” təşəbbüsünün ən vacib oyunçularındandır. Qarabağdakı situasiyanın dəyişməsindən sonra isə Ankara Moskva ilə də yaxınlaşdı, ekspert deyir.
Təbii ki, bütün bunlar amerikalıların xoşuna gəlmir və onlar öz narazılıqlarını qondarma soyqırımı tanımaq yoluyla da ifadə edirlər: “Ancaq belə görünür ki, tərsinə effekt alındı. Baydenin bəyanatı yalnız Türkiyənin Avrasiyaya inteqrasiyasını sürətləndirəcək”.
İncirlik bazasına gəlincə isə hətta Türkiyə tərəfi amerikalıların bazanı tərk etməsini tələb etsə belə, bu, ABŞ üçün böyük itki olmayacaq.
“Mənə elə gəlir ki, Ankara belə qərar verməyə tələsməyəcək. Bu o halda mümkündür ki, Amerika-Türkiyə münasibətləri tamamilə korlansın”, - Sputnik Azərbaycan-ın həmsöhbəti bildirir.