CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Otuz xəngəl, lülə, tikə, zavod çörəyi, 1 litr "ağ", əlli yaşında infarkt...

© Depositphotos.com / KaninstudioШашлык с овощами
Шашлык с овощами  - Sputnik Azərbaycan, 1920, 19.02.2021
Abunə olmaq
Adətən, iki azərbaycanlı harada görüşər? Əlbəttə, kafedə, restoranda, ya da çayxanada. Özünə yaxın bildiyin kimsəni muzeyə, teatra, kinoya və ya parka dəvət edə bilməzsən. Mütləq bir qismət çörək kəsəsən gərək.

Nəyimiz olmasa da, yeməkxanadan boluq. Hər kəs də puluna uyğun bir məkan seçə bilər. Bahalı restorana getmək hər kəsə əlçatan olmasa da, kiçik kafelərin, məhəllə yeməkxanalarının alveri heç vaxt kəsilmir. Müştəri əlindən tərpənmək olmur.

Yeyib-içmək proseduru toxunulmaz tabudur

Ən azı, hər cümə, həftəsonu öncə mütləq haradasa toplaşan kişiləri belə obyektlər səbirsizliklə gözləyir. İmkanı heç nəyə çatmayanlar isə ayda bir dəfə, maaş alan günü toplaşırlar. Yəni bu yeyib-içmək proseduru toxunulmaz tabudur, vaxtı-vaxtında da keçirilməlidir. Əgər bizim insanın əlindən yemək-içmək hüququnu alsaq, bu, onun üçün ən ciddi cəza olacaq, çünki başqa hüquq və azadlıqlar onu az maraqlandırır. Harasa getmək, evin problemindən uzaqlaşmaq, nəfəsi kəsilənəcən doyunca yemək bəzən zövq almağın sadə yollarından biridir.

Худая девушка, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.02.2021
SƏHİYYƏ
Sağlam qidalanmaq və arıqlamaq istəyənlər üçün vazkeçilməz pəhriz

Hərə bir cür başını qatır, kimisi balığa və ova gedir, kimisi də lazımsız əşyaları kolleksiya halında toplayır. Köhnə retro maşının təmirinə yeni avtomobil qədər pul xərcləyən də tapılır. İt, pişik, quş həvəskarları da az deyil. Bağ sevənlər sosial mediada bir qrupda birləşirlər, kitabsevərlər isə başqa qrupda. Amma nə edirsən-et, sonda yenə də bütün məsələlər fırlanıb yeyib-içməyin üstünə dönür. “Gəlin toplaşaq, yeyib-içək” deyə bir-birimizi görüşə dəvət edirik.

“Birdəfəyə 15 gürcü xəngəli yedim”

Söhbətimiz də çox zaman yeməkdən olur. Uzun yol gedirik, elə yadımıza hansısa zaman keçirilən yeyib-içmək məclisləri düşür.

Haşiyə: Nəqliyyatda təsadüfən bir-birini uzun müddət görməyən iki tanışın söhbətindən:

- O gün toplaşmışdıq, birdəfəyə 15 gürcü xəngəli yedim.

- Mən 25-ni rahat yeyirəm.

- Bir dostumuz var, 30-nu yeyir. Özü də xəmiri ilə birgə.

- Uşaqlar gəlmişdilər o gün. Evdə tək idim, gedib dükandan 4 pors xəngəl aldım.

- Yarpaq?

- Hə, bişirdim, verdim. Bəs eləmədi, yenə dükana getdim. Hazır gürcü xəngəli aldım, adama 15 dənə. Onu da yedik. "Ağ"dan da vurduq, adama 1 litr. Bəlkə, toplaşaq? Çoxdan görüşmürük.

- Canına sağlıq, bir az nasazam. Düzəlim, gedərik xəngələ.

Xəngələ qədər yeyilən yarım zavod çörəyi və bir qab duzlu xiyar yemək deyil ki

Yemək söhbəti 30 dəqiqə də davam edə bilər, 1 saat da. Özü də məlum məsələdir. Tək xəngəllə iş bitmir. Azərbaycanda yeməkxanada əvvəlcə balaca bir süfrə açılır. Şor-pendir, göyərti, acılı sous, qatıq, duzlu xiyar-pomidor, zeytun verilir 1-2 zavod çörəyi ilə. Bu elə-belə, aclığı öldürmək üçündür. Xəngəl, lülə, tikə, piti sonra gələcək. Xəngələ qədər yeyilən yarım zavod çörəyi və ya bir qab duzlu xiyar yemək deyil ki. Sadəcə, iştah üçündür.

Qədim Qalada XVIII əsrə aid həyətlərdən biri muzey-kafe kimi fəaliyyətə başlayıb - Sputnik Azərbaycan, 1920, 13.02.2021
VİDEO
Qədim Qalada XVIII əsrə aid həyətlərdən biri muzey-kafe kimi fəaliyyətə başlayıb

Bir nəfərin xəmiri ilə birgə 30 gürcü xəngəli yeməsi heç kəsdə təəccüb doğurmamalıdır. Azərbaycanda 20 yumurtanı birdən yeyən insan da az deyil. Elə “Koroğlu” dastanına müraciət etsək, Alı kişinin oğlu Rövşənin bir oturuma 7 batman düyü, 7 qoyun şaqqası, 7 tuluq şərab içdiyini müşahidə edərik. 7 batman təxminən 6 kilo düyü edir. Bu günün kişisi niyə 1 litr araq və 3-4 qab xəngəl yeməsin?

İki qab yarpaq xəngəlini qiymə və qatıqla yeyən birisi...

Bu gün bizim yediyimiz qida o dövrün qidasından fərqlənir. Qoyun ot otlayardı, düyüyə heç bir kimyəvi gübrə vurulmazdı. Bugünkü qədər də qida yox idi. İnsan bir gün yeyərdi, bir həftə at üstündə ac gəzərdi. Artıq yemək nə gəzirdi? Orta əsr insanı, at belində həyat sürən köçəri üçün aclıq normal hal idi. Nə vaxt nə tapsa yeyərdi, sonra da aclığa dözərdi. Növbəti qidanı əldə edənəcən.

Bu gün qida bolluğu dövründə yaşayırıq, gündə 3 dəfə yeyirik, arada bir az tortdan, şokoladdan, meyvədən, qazlı şirin içkilərdən yararlanırıq. Arabir çay, qəhvə, şirələr, biskvit, peçenye, popkorn, çips də yeyirik. Bədənə yemək axını bir saat belə dayanmır. Mədə-bağırsaq sistemi, qaraciyər, öd kisəsi, mədəaltı vəzi fasiləsiz işləyir. Ürəyə və böyrəklərə də ağır bir yük düşür. Yemək bolluğu şəraitində reklam da öz işini görür. Baxırsan, iki qab yarpaq xəngəlini qiymə və qatıqla yeyən birisi, araqla birgə 1-2 litr "Pepsi"dən də ötürür bədənə . Yəni bir oturuma insana tələb olunan şəkərin 3-4 qat artığını qəbul edir.

Nə Koroğlunun, nə digər o dövrün insanının haradansa şəkər əldə etmək imkanı vardı. Bədənə tələb olunun şəkəri ya lavaşdan, ya düyüdən alardılar. O da olsa. Uzaqbaşı mövsümdə yetişən meyvələrdən, ya da meyvə qurusundan. Meyvə qurusu da ələ düşməzdi. Bakı camaatı yay boyu əncirdən qurudardı, üzümdən də bəkməz hazırlardı. Bu yolla şəkərə olan tələbatı ödəyərdilər. İndi bəkməzə də ehtiyac qalmayıb. Hər tərəfimiz şəkərdir.

Altı növ yeməyi qəbul etmək artıq zəhərlənmək deməkdir

Bu dozada yeyib-içmək, karbohidratlarla bol olan qida rasionu artıq çəkiyə həmişə yol açır. 30 yaşı ötən hər azərbaycanlıda, axtarsan, artıq şəkərli diabet üçün münbit mühitin yarandığını görə bilərik. Öz normal çəkisindən 10-15 kq artıq olmaq Azərbaycanda normaya çevrilir. Nə yemək-içmək bitir, nə də söhbətləri. Toy və yas məclisləri dayanıb deyə bir qədər düşünmək üçün zaman almışıq, amma sabah həyat qaydasına düşəndə toylarda, bəlkə də daha artıq israfçılığa yol verəcəyik. 7-8 növ salat, 5-10 növ isti xörəyi yeməkmi olar? Məşhur kulinar Tahir Əmiraslanov demişkən, 6 növ yeməyi qəbul etmək artıq zəhərlənmək deməkdir. Hər toyda zəhərlənirik, hər qonaqlıqdan sonra 2 gün stress keçiririk. Şəkər xəstəsi də dərmanını atıb, yeyib-içir.

В одном из кафе Баку, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.02.2021
CƏMİYYƏT
Sovet dövründə belə deyildi - Mərkəz rəhbərini kafelər niyə məyus edib?

Artıq yeməyi dayandırmaq lazımdır, həm də artıq çörək istehlakını da. Üç-dörd kiçik çörək dilimi gündəlik şəkər tələbatını təmin edir. Qalan digər qida növləri artıq çəki halında orqanizmdə toplaşır. Göy-göyərti, meyvə-tərəvəz, qoz-fındıq Azərbaycan insanına tam mənalı qida kimi görünmür. Xəngələ əlavə kimi qəbul edirik. Halbuki xəmir xörəyi olmadan belə bu məhsullarla tam normal yaşamaq olar.

Fransada heç bir fastfud tipli qida məktəb daxilində satılmaz

Ürək-damar xəstəlikləri, infarkt üzrə statistikanı araşdırmağın da adı yoxdur. Yaxında, qohumda, qonşuda ölənlərin nədən bu dünyadan getdiyini araşdırsaq, ürək xəstəliklərinin liderlik etdiyini görərik. Artıq qidalar damarları kirəcləyir deyə ürəyin normal fəaliyyəti mümkünsüz olur. Ölkədə, şübhəsiz, sağlam həyat tərzi konsepsiyası yaradılmalı, uşaq yaşından düzgün qidalanma sistemi qurulmalıdır. Fransa nümunəsi göz önündədir. Bu ölkədə məhz məktəb yaşlı uşaqların düzgün qidalanması üçün addımlar atılır. "McDonald's" qidalarını heç məktəbə yaxın buraxmırlar. Heç bir fastfud tipli qida məktəb daxilində satılmaz. Nəticədə Fransa uzunömürlü həyat tərzinə görə lider ölkələrdəndir.

Sağlamlıq və sağlam həyat tərzi birbaşa qidalanmaya, qəbul etdiyimiz qidanın həcminə və keyfiyyətinə bağlıdır. Artıq yeməklə bir böyük paket xəstəliyin daşıyıcısına çevrilməkdəyik. 

Xəbər lenti
0