Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 10 yanvar — Sputnik. Ötən ilin martından bəri ölkədə hökm sürən pandemik vəziyyətlə əlaqədar olaraq Azərbaycanda klassik alış-verişdən onlayn alış-verişə keçid daha da sürətləndi. Ənənəvi alış-veriş üsulunda aldanma ehtimalı cüzi olsa da, onlayn alış-verişdə bu risk daha yüksək qiymətləndirilir. Sputnik Azərbaycan "onlayn alış-verişdə fırıldağın, saxtakarlığın qurbanı olan zaman hüquqları qorumaq üçün nələr etməliyik?" sualına aydınlıq gətirəcək.
Öncə müştərilərin şikayətlərini dinlədik. Tez-tez bu kimi hallarla qarşılaşan müştərilər deyirlər ki, nəinki ölkə xaricində, hətta ölkə daxilində də belə problemlərlə qarşılaşırlar. Özlərinin fırıldaq adlandırdığı bu kimi hallarla qarşılaşan müştəri deyir ki, bu yaxınlarda mağazası olmayan bir səhifədən məhsul sifariş vermişdi: "Ayaqqabı sifariş vermişdim. 39 ölçü sifariş versəm də, mənə ölçüsü 42 olan ayaqqabı gətirmişdilər. Uzun mübahisə etsək də, heç bir mənası olmadı. Hətta aramızda mübahisə böyüdü. Qarşı tərəf deyir ki, malı qaytar, yarı qiymətini verim. Yəni mən bahalı aldığım malı ona yarı qiymətə, daha ucuz satım ki, bu da sonra həmin malı satıb ikiqat qazansın. Sonda yenə də qazanan o, zərərçəkən mən olum. Ümumiyyətlə, belə şəxslərin heç bir qorxusu yoxdur".
"Bu hadisədən sonra özüm üçün onlayn nəsə sifariş vermirəm, ancaq çox ehtiyac olanda uşaqlara nəsə alıram", - deyə şikayətçi əlavə edir.
Amma onlayn satış macəraları yalnız bununla yekunlaşmır. "Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a istehlakçıların onlayn alış-veriş zamanı yaranacaq risklərdən sığortalanması haqda danışarkən maraqlı bir nüansa da toxunub. O bildirib ki, onlara daxil olan şiakyətlərdə istehlakçılar onlayn çatdırılmanı edən şirkətlərin yalnız ölçüləri səhv salmasından deyil, hətta ayaqqabıları taykeş, yaxud da birini böyük, digərini kiçik gətirməsindən şikayətçidirlər:
"Bu gün onlayn ticarət klassik ticarətlə gərgin mübarizədədir. Pandemiya dövründə digər ölkələrdə olduğu kimi Azərbaycanda da onlayn ticarətə böyük maraq artdı. Lakin təəssüf ki, onlayn ticarət zamanı da istehlakçıların hüquqlarının pozulması halları baş verir. Azərbaycanda onlayn ticarətlə bağlı fırıldağın geniş yayılan növündən biri kassa qəbzlərinin verilməməsidir. Hansı ki, kassa qəbzi olmadan istehlakçı hüquqlarını tələb edə bilməz.
Bu kimi halların yaranmaması üçün istehlakçılar məhsulları təsadüfi yerlərdən almamalı, kassa qəbzi tələb etməli və daşıyıcı şəxsin şəxsiyyət vəsiqəsinin surətini əldə etməlidirlər. Bundan başqa, rəsmi ofisi olmayan bir yerdən alış-veriş etməməlidirlər".
E.Hüseynov deyir ki, qəbzləri saxladıqda istehlakçı məhkəməyə müraciət edə bilir.
Ekspert əlavə edir ki, əhali bilməlidir ki, Elektron Ticarət haqqında qanunun tələbinə görə, istehlakçı 5 gün müdətində malı qaytara və dəyişdirə bilər: "Bu onların hüquqlarıdır. Bundan başqa, istehlakçılar bilməlidirlər ki, dünyada onlayn ticarətlə satılan dərmanların təxminən 70 faizi saxtadır. Bu zaman da müəyyən təhlükə ilə üzləşə bilərlər".
Birlik sədrinin sözlərinə görə, bütün hallarda ərzaq malları ilə bağlı istehlakçı hüququ pozularsa, bu zaman Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 1003 qaynar xəttinə, qeyri-ərzaq malları ilə bağlı olaraq isə İqtisadiyyat Nazirliyinin 195+2 telefon xəttinə zəng edərək məlumat verməlidirlər.
Daha çox qeyri-qida məhsullarında aldanma hallarının olduğunu deyən E.Hüseynovun sözlərinə görə, onlara xarici ölkələrdən və daxili bazarda onlayn satışla məşğul olan şirkətlərdən bərabər sayda şikayətlər gəlib.
Azərbaycanda həm yerli daşınmalarda, həm də xaricdən daşınmalarda da problem yaranır. Xüsusən də xarici daşınmalarda problemi mübahisələndirmək daha çətin olur.
Vəkil Vüsalə Musayeva Sputnik Azərbaycan-a açıqlamasında xaricdə fəaliyyət göstərən yerli daşıyıcı şirkətlər və onlarn rolları, yəni üzərlərinə götürdükləri məsuliyyət haqda danışıb: "Xarici daşınmalar həmin ölkədə ilkin satışı həyat keçirən həmin iri şirkət tərəfindən deyil, ölkəmizin oradakı yerli şirkətləri tərəfindən həyata keçirilir. Yəni burada iki ayrı şirkətdən söhbət gedir. Azərbaycanda bəzi daşıyıcı şirkətlər vasitəçi olaraq Türkiyədə hər hansı bir ünvana sahib olur. Vətəndaş malı sifariş edərkən daşıyıcı şirkətin ünvanını qeyd edir, beləcə malı satan şirkət də məhsulu həmin ünvana yollayır. Lakin qeyd edim ki, malı satan əsas şirkətin Türkiyə daxilində çatdırılma xidməti, istisna hallar olsa da, qaytarma və dəyişdirmə xidməti də mövcuddur. Yəni Türkiyə daxilində çatdırılmada da belə bir qayda yoxdur ki, aldığın məhsulda nöqsan aşkarlasan, onu qaytara bilməzsən. İstisna mallardan başqa, satıcıların digər mallara belə bir qayda tətbiq etmək haqları yoxdur".
Lakin Türkiyə və yaxud da başqa hər hansı bir ölkənin aparıcı satış şirkəti həmin ərazidə Azərbaycanın orada yerləşən daşıyıcı şirkətinə məhsulu çatdırdıqda məhsul həmin şirkətin anbarından buradakı yerli ofisə çatdırılanadək kifayət qədər zaman keçir ki, son nəticədə onu geri qaytarmaq zərurəti olanda müəyyən problemlər yaşanır: "Geri qaytarma və dəyişdirmə müddəti bitdiyi üçün vətəndaşlarımızda artıq belə bir hüquq yaranmır. Bundan başqa, qeyd edim ki, vasitəçi, yəni daşıma şirkətinin saytında qeydiyyatdan keçən zaman orada yazılan şərtlərlə tanış olmaq vacibdir".
Gömrük Komitəsi "aliexpress"dən alış-veriş edənlərin suallarına aydınlıq gətirdi>>
"Qeyd edim ki, məhkəmə müstəvisində bu məsələni kütləvi mübahisələndirən olmayıb ki, qanunda da hansısa dəyişiklik etmək zərurəti yaransın. Bu istiqamətdə müzakirələr getsə də, bu hal mübahisə səviyyəsində yüksək deyil", - deyə ekspert əlavə edib.
"Bəs vətəndaş mübahisə zamanı sübut edə bilərmi ki, zərərçəkmiş tərəfdir?" sualına cavab olaraq vəkil Vüsalə Musayeva deyir ki, belə olan halda ilk növbədə müddət məsələsi əsas götürüləcək, yəni şəxsə bildiriləcək ki, malın qaytarılma müddəti başa çatıb:
"Bundan başqa, şəxs həmçinin sübut etməlidir ki, aldığı məhsul fabrik nöqsanıdır, bunu o yaratmayıb. Yəni, mübahisələndirmək olar, lakin daşıyıcı şirkətə hansı səviyyədə vəzifələr qoyulub - bu, perspektiv olaraq o qədər də işıq üzü görməyən nüanslardır. Daşıyıcı şirkət deyəcək ki, mən fabrik nöqsanına cavabdeh deyiləm, yalnız çatdırılmanı edirəm. Yəni şəxs bu zaman bilməli idi ki, o yalnız daşımaya görə xidmət haqqı verir. Nöqsana görə istehsalçıdan nəsə tələb edə bilər ki, belə olan halda, yəni istehsalçının Türkiyədə və ya başqa bir ölkədə yerləşməsini nəzərə alsaq, Azərbaycanda oturub Türkiyədəki şirkətdən nəsə tələb etmək ağlabatan deyil".
Vəkil bildirir ki, daşıyıcı şirkət yalnız karqo daşımaları zamanı yaranan nöqsana görə cavabdeh ola bilər. Bu isə o deməkdir ki, fabrik nöqsanına görə daşıyıcı şirkətin heç bir məsuliyyəti yaranmır.
Yəni belə qənaətə gəmək olar ki, hər kəs öz problemini mübahisələndirə bilər, lakin onu sübut etmək bir qədər çətin olacaq. Çünki alıcı ilə istehsalçı arasında birbaşa əlaqə yoxdur, əlavə olaraq da daşınma müddəti bir qədər uzun çəkdiyindən malın 14 gün ərzində qaytarıla bilməsi imkanı yaranmır. Eyni zamanda da daşıyıcı hansısa məhsula görə aparıcı şirkətlə mübahisəyə girməkdə də maraqlı olmur.