İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 21 sentyabr — Sputnik. Yeni avtomobillərin qiyməti çox baha, gömrük rüsumları və ƏDV yüksək olduğu üçün onların ölkəyə gətirilməsi də baha başa gəlir.
Bu fikri nəqliyyat məsələri üzrə ekspert Elməddin Muradlı Azərbaycana idxal olunan avtomobillərlə bağlı problemi şərh edərkən deyib.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycana 27792 ədəd avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 21% çoxdur.
Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, hesabat dövründə ölkəyə 25999 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal olunub. Bu göstərici ötən ilin göstəricisindən 25% çoxdur.
Komitənin məlumatına görə, bu ilin yanvar-iyul aylarında ölkəyə 2453 ədəd daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, həmçinin 105 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub.
Pandemiya dövründə avtomobillərin idxalının artması çox müsbət prosesdir.
Elməddin Muradlının sözlərinə görə, avtomobillərin ölkəyə gətirilməsi iki ildir ki, sürətlənib. Pandemiya dövründə bir qədər zəifləmə müşahidə edilsə də, son iki ayda yenidən ölkəyə avtomobillərin gətirilməsi artıb:
"Bu artım da avtomobil salonları sayəsində olur. Çünki şəxslər gedib, bir avtomobil gətirə bilərlər. Vətəndaşların isə ölkədən çıxması və ya ölkəyə daxil olması qadağandır".
E.Muradlını dediyinə görə, Azərbaycana avtomobillər TIR-lar və ya evakuatorlarla Gürcüstan, Almaniya, Dubay, ərəb ölkələri və digər yerlərdən gətirilir ki, onların da 70-80 faizi "ikinci əl"dəndir:
"Yeni avtomobillər çox az gətirilir. Düzdür, əhali arasında aparılan təbliğata görə, son zamanlar əhali yeni avtomobillərə üstünlük verir. Amma yeni avtomobillərin qiyməti çox baha olduğundan, həmçinin gömrük rüsumları və ƏDV yüksək olduğu üçün bu avtomobillərin ölkəyə gətirilməsi də baha başa gəlir. Bu səbəbdən avtomobil alarkən vətəndaşlar başqa üsullara əl atır, Çin və yerli avtomobillərə üstünlük verirlər".
Onun sözlərinə görə, harada istehsal edilməsinə baxmayaraq, yeni avtomobillərin uzun müddət istismar dövrü var. Dövlət proqramında da nəzərdə tutulduğu kimi, köhnə avtomobillərin istismardan çxıarılması, avtomobil parkının yenilənməsi məsələsi gündəmdədir. Bu da yeni avtomobillərə olan marağı artırır. Ancaq rüsumların çox olması, yeni avtomobillərin qiymətini bahalaşdırır və bu da alıcılıq qabiliyyətini zəiflədir.
Ekspertin fikrincə, pandemiya dövründə zərər görən sahələrdən biri də avtomobil sənayesidir. Bu bazarın dirçəlməsi üçün gömrük rüsumlarının, əlavə dəyər vergisinin azaldılması vacibdir:
"Bu rüsumları 2017-ci il səviyyəsinə qaytarmaqla müəyyən qədər vəziyyətdən çıxmaq olar. Belə olarsa, ölkəyə gətirilən avtomobillərin də sayı artacaq və əhalinin alıcılıq qabiliyyəti yüksələcək. Hazırda isə ilk növbədə ölkədə avtomobil parkı yenilənməlidir".
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, avtomobil idxalında 25 faiz artım çox müsbət prosesdir. Bu bir daha sübut edir ki, pandemiya dövrü olmasına baxmayaraq, ölkə iqtisadiyyatında müəyyən hərəkətlilik var. Bu, milli valyutanın stabil qalması ilə əlaqəlidir və ticari əlaqələrə təsir edir.
Ekspertin fikrincə, idxal siyahısında ekoloji təmiz avtomobillərin sayı çox azdır. Halbuki bütün dünyada, xüsusən Avropa ölkələrində ekoloji təmiz avtomobillərə xüsusi üstünlük verilir. Ekologiyaya az zərər vuran avtomobillərin gətirilməsinə gömrük rüsumlarında güzəştlərin edilməməsi mane olur:
"Yaxşı olardı ki, hökumət səlahiyyətliləri ekoloji təmiz avtomobillərin rüsumları haqqında bir daha düşünsünlər. Çünki hazırda iqlim dəyişikliklərinin baş verdiyi, ətraf mühit problemlərinin olduğu bir dövrdə ekoloji təmiz avtomobillərə böyük tələbat var. Və bu məsələ öz həllini hər-hansı bir formada tapmalıdır".
E.Cəfər qeyd edib ki, ölkəyə gətirilən ikinci əl avtomobillərin böyük bir qismi onlayn şəkildə sifariş edilir. Vətəndaşlar ABŞ, Avropa və Yaponiya sığorta şirkətlərinin təklif etdiyi avtomobilləri onlayn şəkildə saytlar vasitəsilə ala bilirlər. Həmin avtomobilləri konteynerlərlə ölkəyə gətirmək mümkün olur".
Ekspert bildirib ki, Azərbaycanda da onlayn şəkildə avtomobillərin alqı-satqısının həyata keçirilməsi prosesləri baş tutsa, yaxşı olar.
"Düzdür, hazırda bəzi internet saytlarında atomobillərin satışı həyata keçirilir. Lakin bu saytlarda onlayn şəkildə pul ödəyib avtomobil almaq mümkün deyil. Ölkədə bu sahədə qanunvericilikdə dəyişikliklər edilməlidir", - deyən E.Cəfər bildirib ki, avtomobillərin DYP-də deyil, sertifikatlaşdırılmış servislərdə texniki baxışdan keçirilməsi məsələsi ləngiyir. Əgər bu proses həll edilsə, Azərbaycanda da onlayn avtomobil alqı-satqısı prosesi rahatlaşacaq.