CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Smartwar peşə təhsilində də yeni reallıqlar yaradıb

© Sputnik / Murad Orujov"Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri Ülkər Abdullayeva
Qadın Liderliyi Uğrunda İctimai Birliyinin sədri Ülkər Abdullayeva - Sputnik Azərbaycan
Abunə olmaq
Ülkər Abdullayeva: "Bəzən “qonşudan qalma geri” prinsipi ilə valideynlər uşaqlardan mümkün olmayan, yaxud onların imkanları xaricində olan şeyləri tələb edirlər".

BAKI, 25 noyabr - Sputnik. Azərbaycanda ali təhsil populyardır. Valideynlər yuxarı siniflərdən başlayaraq övladlarını repetitorlara yönəldirlər ki, onların ali təhsil məktəblərinə daxil olmaq imkanları artsın. Gənclərin ali təhsil almağa səy göstərməsi müsbət haldır. Lakin çox vaxt onlar imtahanda lazımi qədər bal toplaya bilmədiklərindən, ali təhsil almaq imkanından məhrum olurlar. Bəs sonra nə baş verir? Ali təhsil məktəbinə balı çatmayan, amma müəyyən qədər bilikləri olan gənclər öz gələcək peşə karyeralarını necə qurmağı düşünürlər? Tədqiqatlar göstərir ki, belə gənclərin çoxu sonradan öz təhsillərini davam etdirmirlər. Bir qismi özlərinə ali təhsil tələb olunmayan sahələrdə iş tapa bilsələr də, yerdə qalan hissə özünə iş tapmaqda çətinlik çəkir. Bəzən belə gənclər həyatın dibinə düşür, heç vaxt cəmiyyətdə özlərinə yer tapa bilmirlər. Bu yaxınlarda xəbər tutduq ki, “Qadın Liderliyi Uğrunda” İctimai Birliyi Azərbaycanda peşə təhsilinin populyarlaşdırılması istiqamətində layihəyə start verib. Fürsətdən istifadə edərək, təşkilatın rəhbəri Ülkər Abdullayeva ilə görüşüb həm sözügedən layihə, həm də ümumiyyətlə Azərbaycanda peşə təhsilinin hazırkı vəziyyəti barədə fikirlərini öyrənməyə çalışdıq. Onunla müsahibəni təqdim edirik:

- Təşkilatınız “Qadın Liderliyi Uğrunda” adlanır. Amma necə oldu ki, gənclər arasında peşə təhsilinin populyarlaşdırılması layihəsini həyata keçirmək qərarına gəldiz?  

- Bizim təşkilatımız profilinə görə qadın təşkilatıdır və qadınları maarifləndirmək, onların müxtəlif istiqmətlər üzrə liderlər kimi yetişməsinə dəstək olmaq bizim başlıca məramımızdır. Azərbaycan əhalisinin tən yarısını qadınlar təşkil edir. Biz qadınlara yönəlik ən müxtəlif layihələri icra edərkən gördük ki, ölkəmizdə onların çox ciddi sosial problemləri var. Və bu problemlər çox vaxt işsizlikdən, daha doğrusu, iş bacarmadıqlarına irəli gəlir. Əlində hansısa sənəti olmayan, ən azı peşələrdən birinə yiyələnməmiş qadın üçün işləmək, özünün və ailəsinin maddi eytiyaclarını qarşılamaq çox zaman mümkün deyil. Təhsilsiz qadın ən yaxşı halda küçədə, ofislərdə, iaişə obyektlərində, imkanlıların evlərində təmizlik işləri ilə məşğul olur, yaxud kafe və restoranlarda qab yuyur. Bu sahələr isə orta təhsillə kifayətlənmiş, yaxud heç orta təhsili də tam başa vurmamış qadınların hamısını əhatə edə bilməz. Öz maddi ehtiyaclarını qarşılamaq, öz ayaqları üstündə durmaq gücündə olmayan qadınların ailədə də, cəiyyətdə də daim əzildiyinin, ehtiyac içində yaşadığının şahidi oluruq. Bizim təşkilat olaraq fəlsəfəmiz ondan ibarətdir ki, qadınlar savadlı, dünyagörüşlü olmalı, seçdikləri peşələrdə, olduqları sahələrdə lider mövqelərə can atmalıdır.

Təranə Məhərrəmova - Sputnik Azərbaycan
CƏMİYYƏT
Jurnalistikadan peşə təhsilinə - İkinci sənət hələ heç kəsə mane olmayıb

Qadın cəmiyyətin güzgüsüdür. Çünki o, uşaqları dünyaya gətirir, böyüdür, tərbiyə edir, bir sözlə, cəmiyyəti formalaşdıran insanı yetişdirir. Odur ki, qadın nə qədər intellektual, peşəkar olsa, nə qədər səviyyəli, özünə inamlı olsa, onun yetişdirdiyi uşaq da bir o qədər cəmiyyət üçün yararlı insan olacaq. Bəhs etdiyimiz layihəyə gəlincə, onun ideyası da, məhz 50%-ni qızların təşkil etdiyi, ali təhsil almaq imkanı olmayan gənclər arasında peşə təhsilini populyarlaşdırmaq istəyimizdən irəli gəldi. AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının keçirdiyi qrant müsabiqəsinə “Yuxarı sinif şagirdləri və ali təhsil almaq imkanı olmayan gənclər arasında peşə təhsilinin təbliği” layihəsini təqdim etdik. Sağ olsunlar ki, onu dəstəklədilər. Sadəcə, pandemiya və müharibə şəraiti nəzərdə tutduğumuz bir sıra tədbirləri həyata keçirməyə imkan vermədi. Biz çox istəyirdik ki, məktəblərdə olaq, uşaqların peşə maraqlarını öyrənək, valideynlərlə uşaqların peşə istiqamətinə yönəldilməsi barədə canlı söhbətlər, müzakirələr aparaq. Amma real şərtlər bunu mümkünsüz etdi. Bununla belə çalışdıq ki, cəmiyyətə mesajlarımızı ən azı sosial media və KİV üzərindən mümkün qədər geniş ictimaiyyətə çatdıraq. Təbii olaraq, ali təhsil ala bilməyən gənc mütləq hansısa bir, yaxud iki peşənin sirlərini dərindən öyrənməlidir ki, öz gələcəyini qura bilsin, öz maddi ehtiyaclarını qarşılasın, cəmiyyət üçün faydalı insana çevrilsin. Biz bu fikirdən yola çıxaraq gənclər arasında peşə təhsilinin təbliğinə istiqamətlənmiş layihəni icra etmək qərarına gəldik.

- Bunu hansı yollarla edirsiz?

- Əsas diqqətimizi qeyd etdiyim kimi sosial mediaya və KİV-ə yönəltmişik. Çünki indiki zamanda gənclərin demək olar ki, əksəriyyəti gününün çox hissəsini internet resurslarında və sosial şəbəkələrdə keçirir. Əgər bizim paylaşdığımız postları görürlərsə, hazırladığımız təhsil üzrə ekspertlərin, cəmiyyətin tanınmış simalarının, millət vəkillərinin, qabaqcıl peşə liseylərinin rəhbərlərinin fikirlərinin yer aldığı məqalələri, müsahibələri, videomaterialları izləyirlərsə, onlarla maraqlanırlarsa, demək ki, hardasa biz onlara nüfuz etməyi bacarmışıq. Heç olmasa, yüz nəfərdən, min nəfərdən birinin beyninə peşə təhsili almaq ideyasını salmışıq. Eyni zamanda cəmiyyətin təhsil sahəsi ilə bağlı düşünən beyinlərinin, danışan insanlarının yadına peşə təhsili barədə də düşünmək və danışmaq lazım gəldiyini yeritmişik. Sevindirici haldır ki, illər sonra ölkədə modern peşə təhsili sisteminin qurulması istiqamətində müvafiq işlərə başlanıb, yeni keyfiyyətdə peşə liseyləri yaranmaqdadır, xarici təcrübəni ölkəmizə gətirmək arzuları yaranıb, ən nəhayət Milli Məclis “Peşə təhsili haqqında” qanunu yenilənmiş versiyada qəbul etməyə hazırlaşır.

Ceyhun Kərəmov  - Sputnik Azərbaycan
ELM
Yüksək peşə təhsili yeni imkanlar vəd edir - Ceyhun Kərəmov

Əgər kimlərsə bu sahəyə diqqəti yönəltməsə, inanın ki, yaddan çıxacaq. Halbuki müasir dünyada peşə təhsili insan həyatının ayrılmaz atributuna çevrilib. Sən ali təhsil almaya bilərsən, amma bir işi peşəkar səviyyədə öyrənməsən, bilməsən, heç kəs səni işə götürməyəcək, ya da o iş yerində çalışma müddətin çox qısa, peşə xarakteristikan isə xoşagəlməz olacaq. Axı niyə işəgötürən peşəkar olmayan adamları işə götürüb ona yarıtmaz işə görə pul ödəməlidir?! İndiki zamanda bütün işəgötürənlər məhz təcrübəli və bilikli işçilərə üstünlük verirlər. Sovet dövründəki kimi, işi iş yerində öyrənmək şansını bazar iqtisadiyyatı dövründə heç bir işəgötürən vermək istəmir. Bunun üçün peşə məktəbləri var. Gedəcəksən, həm işin nəzəri tərəflərini, həm də praktik tərəflərini öyrənəcəksən. İş yerinə gəldikdə isə, artıq məktəbdə aldığın bilikləri tətbiq edəcək.             

- Sizcə ölkəmizdə peşə təhsilinin populyarlaşması ehtimalı nə qədərdir?

- Biz müasir dünyanın bir parçası olmaq istəyiriksə və bu istiqamətdə irəliləyiriksə, başqa seçimimiz yoxdur. Dünyanın inkişaf etmiş ölkələrinə, ABŞ-a, Qərbi və Şimali Avropaya, Yaponiyaya, Koreyaya baxın. Orada bizdəki qədər ali təhsilli adamlar yoxdur. Amma əvəzində yaxşı peşə təhsili almış, öz işində ad çıxarmış, kəşflər, yeniliklər etmiş, çalışdığı şirkətləri öz ideyaları ilə irəli aparmağı bacarmış və bu yolda böyük uğurlar əldə etmiş peşəkar kadrlar var. Baxın, son 200 ildə dünyanın ən keyfiyyətli təhsil sistemi sayılan Fin təhsil sistemində uşaqlar gələcəyə peşə yönümlü hazırlaşdırılır. Bu gün Finlandiyada şagirdlərin 43%-i peşə liseylərinə gedirlər. Orada dünyanın ən yaxşı mütəxəssisləri yetişir. Koreyada orta təhsil pilləsindən yuxarı pillədə təhsil alanların 60%-ə qədərini peşə təhsili müəssislərində oxuyanlar təşkil edir. Digər ölkələrdə də bu göstəricilər çox yuxarıdır. Niyə? Çünki istehsal müəssisələrinə peşəkar dizaynerlər, tokarlar, çilingərlər, qaynaqçılar, mühəndislər və digər ixtisas sahibləri lazımdır. Elə sahələr var ki, orada ali təhsilli mütəxəssisə ehtiyac yoxdur, amma peşəkar işçiyə ehtiyac çoxdur. Bu gün Azərbaycanda belə yaxşı kulinarı, dizayneri, qaynaqçını, santexniki, elektriki, məişət cihazlarının, elektron avadanlıqların, qadgetlərin təmiri ustalarını, müasir becərmə üsullarını yaxşı bilən aqronomları və s. əl-əl axtarırlar. Həm də bu sahələrdə çox yaxşı pul qazanmaq mümkündür. Niyə gənclərimiz özlərini bundan təcrid etməlidirlər?!

- Bəs sizcə dövlətin üzərinə bu istiqamətdə hansı işlər düşür?

- Dövlət ilk növbədə keyfiyyətli peşə təhsili verən müəssislərin yaradılmasında maraqlı olmalıdır. Son illərdə Azərbaycanda prestij xatirinə ali təhsilə yiyələnmək dəb halını alıb. Lakin bir çox hallarda ali məktəbləri bitirənlər ixtisasları üzrə iş tapa bilməyərək başqa sahəyə yönəlmək məcburiyyətində qalırlar. Bəzən yüzlərlə müəllim, hüquqşünas, həkim, kitabxanaçı və s. öz ixtisasına uyğun iş tapa bilmir. Lakin ölkədə santexnikə, qaynaqçıya, rəngsaza, maşın mexanikinə, kənd təsərrüfatının müxtəlif sahələri üzrə işçilərə böyük ehtiyac duyulur, amma bu sahələrin peşəkarlarını tapmaq müşkülə çevrilir. Bunun səbəblərini araşdırarkən məlum olur ki, əsas səbəb ölkədə peşə təhsilinin qənaətbəxş olmaması, gənclərin müxtəlif zəruri peşələrə istiqamətləndirilməməsi və onların arasında peşə təhsilinin təbliğ edilməməsidir.

Разрушенные дома неподалеку от города Шуша, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Azərbaycanın işğaldan azad edilmiş rayonlarında peşə məktəbləri yaradılmalıdır - deputat

Ölkəmizdə hər il minlərlə şagird orta məktəbi bitirir. Onların çoxu öz potensialını dəyərləndirərək ali məktəblərə imtahan verir, lakin sınaqdan uğurla çıxmır. Bu, onlarda ciddi psixoloji problemlər yaradır. Son illərdə ali məktəblərə daxil ola bilməyən uşaqların intihara cəhd etdiyinə, evdən qaçdığına dair çoxsaylı faktlar var. Onların intihara, evdən qaçmasına səbəb ümidlərinin doğrulmaması, müvəffəqiyyətsizlik, utanc və qorxu, gələcəyindən əmin olmamaq hissləridir. İmtahanlararası dövrdə çox sayda abituriyentin, eləcə də onların valideynlərinin psixoloqlara müraciət etməsi də bunun bariz sübutudur.
Bu cür halların qarşısını almaq üçün abituriyentlərə və onların valideynlərinə izah edilməlidir ki, təhsildə hamı bacarıqlı olmaya, ali məktəbləri qazanmaya bilər. Amma hər bir gəncin mütləq hansısa bir sahədə istedadı var. Onlar (eləcə də valideynləri)  bu istedadları kəşf etməli, özlərini hansı sahədə daha rahat hiss edəcəklərini və uğur qazana biləcəklərini müəyyənləşdirməlidirlər. Valideynlərin arzularını yerinə yetirmək heç də həmişə vacib deyil. Hər bir insan öz arzularının dalınca getməyə çalışmalıdır. Bu yolda əlbəttə valideynlərdən, böyüklərdən, etibar etdikləri insanlardan məsləhət ala bilərlər. Ancaq uğursuz bir hüquqşünas olmaqdansa, yaxşı bir çilingər olmaq həm o gəncin özünə, həm də cəmiyyətə və dövlətə daha çox fayda verərdi. Bəzən ən yaxşı hüquqşünasın bir ayda qazandığını yaxşı avtomobil ustası bir həftədə qazana bilər. Uşaqlarla bu istiqamətdə söhbətlər aparılmalı, müvafiq təbliğati işlər görülməlidir.
Eyni zamanda valideynlər də bu prosesə cəlb edilməlidir. Onlar bütün uşaqların eyni imkanlara malik olmadığı həqiqətini dərk etməlidirlər. Bəzən “qonşudan qalma geri” prinsipi ilə valideynlər uşaqlardan mümkün olmayan, yaxud onların imkanları xaricində olan şeyləri tələb edirlər. Uşaqlar bu tələblərin öhdəsindən gəlməyəndə də valideynin şiddətli qınağı ilə üzləşirlər. Bu zaman həm uşağın psixologiyası korlanır, həm də valideyn özü sarsıntı keçirir. Ona görə də valideynlər və məktəblilər arasında peşə seçiminə düzgün yanaşma təbliğ olunmalıdır.

Asim Mollazadə - Sputnik Azərbaycan
ELM
Peşə təhsili ali təhsil kimi populyarlaşmalıdır - Asim Mollazadə

Son illərdə ölkəmizdə qeyri-neft sahələrinin inkişafı prioritet olmaqdadır. Bir sıra kənd təsərrüfatı və sənaye sahələrində inkişaf üçün müvafiq proqramlar, yol xəritələri həyata keçirilir. Lakin bəzi sahələrdə mütəxəssis çatışmazlığı, yaxud da insanların bəzi peşələri özlərinə yaraşdırmaması ona gətirib çıxarır ki, ölkədə həmin sahə inkişafdan geri qalır, o sahələri seçməyən insanların çoxu isə həyatda çoxlu sosial problemlərlə qarşılaşır. Azərbaycanda islahatların aparılmasına start verildiyi bir vaxtda bütün sahələr üzrə peşəkar mütəxəssislərin yetişdirilməsi böyük aktuallıq kəsb edir. Bunun üçünsə keyfiyyətli təhsil verən dövlət və özəl peşə məktəblərinin yaradılması, sahibkarların belə məktəblərin yaradılmasına sərmayə qoymasının təşviq edilməsi, bu istiqamətdə təbliğati işlərin aparılması, gənclərin zəruri peşələrə istiqamətləndirilməsi vacibdir.

- Layihə başa çatandan sonra təşkilatınızın bu istiqamətdə addımları davam edəcəkmi?

- Bizim təşkilat heç vaxt layihələri layihə xatirinə icra etmir. Bəlkə də qarşıya qoyduğumuz məqsədə tam çata bilmirik, amma öz layihələrimizlə avanqard olmağı bacarırıq. İlk addımı atırıq və sonra ardımızca gələnlərin bir orduya çevrildiyinin şahidi oluruq. Layihəmiz daha çox ideyanın şüurlarda kök salmasına hədəflənib. Onu inkişaf etdirmək isə artıq müvafiq dövlət qurumlarının, özəl sektorun, eləcə də üçüncü sektorun institusional təşkilatlarının işidir.

- Ölkədə peşə təhsilinin inkişafı ilə bağlı əsas təklifləriniz nədən ibarətdir?

- Əvvəla güclü kadr bazasına, maddi-tezniki təchizata və ciddi proqramlara əsaslanmış modern peşə məktəbləri qurulmalıdır. Özü də təkcə paytaxtda deyil, eləcə də iri şəhərlərdə və rayon mərkəzlərində. İkincisi, ölkədə hansı sahələrdə peşə ixtisaslı kadrlara ehtiyac olduğu müəyyənləşməlidir və peşə məktəblərində əsas ağırlıq həmin sahələrə verilməlidir. Bu tələbatın ildən-ilə dəyişə biləcəyi də nəzərə alınmalıdır. Üçüncüsü, hələ orta məktəbdə şagirdlərin peşə meylləri, qabiliyyətləri düzgün qiymətləndirilməlidir. Uşaqlara ali təhsil almaq imkanları olmadığı təqdirdə öz sevdikləri peşələrin dalınca getmək təbliğ edilməlidir. Dördüncüsü, peşə məktəbləri ilə işəgötürənlər, həm dövlət qurumları, həm də özəl müəssisələr, şirkətlər arasında müvafiq müqavilələr olmalıdır.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda bəzi peşə ixtisasları ixtisara düşür, onları yeniləri əvəz edir

Onlar hansı peşə sahiblərinə gələcəkdə ehtiyacları olacağını proqnozlaşdıraraq, peşə məktəblərinə bu barədə sifarişlərini verməlidir. Çünki gələcək iş yerinin artıq hazır olduğunu bilən gənc, həvəslə peşə məktəbində oxuyacaq və rəqabətdə önə çıxmağa çalışacaq. Bundan başqa, peşə təhsili müəssisələrinin xaricdəki peşə məktəbləri ilə təcrübə mübadiləsi proqramları olmalıdır. Lazım gəldikcə, bizim gənclər öz ixtisaslarını daha dərindən öyrənmək üçün xaricdəki məktəblərə yönləndirilə bilərlər. Həmçinin onlara yaxşı təqaüdlər verilməlidir ki, bu da bir stimul olsun. Eyni zamanda güclü təhsil verən peşə məktəbləri, onların uğurlu məzunları reklam edilməlidir. Ayrıca xaricdə iş proqramları təhlil edilməli, gənclərimizin xaricdə də peşə karyerası qurması üçün imkanlar analiz edilməlidir. Müasir dünya sürətlə smart sistemlərə keçid edir. Hətta binaları belə artıq ənənəvi üsullarla tikmirlər. Bizdə də ənənəvi peşələrə deyil, məhz smart sistemlərə inteqrasiya edəcək peşələrə üstünlük verilməlidir.

Bir haşiyə çıxım ki, Ermənistanla müharibə apardıq və dünyanın hərbi ekspertləri bunu smartwar adlandırdılar. Niyə, çünki orada ənənəvi üsullarla döyüşmürdülər. Müharibədə bizim əsas üstünlüyümüzü dronlar yaratdı və bir də hərbi taktikada novatorluq. Müharibə bizə həm də onu öyrətdi ki, bizim hərbi sənaye üzrə ixtisaslı kadrlara ehtiyacımız var. Xaricdə, lap götürsək Rusiyanın özündə onlar universitetlərdə deyil, məhz peşə məktəblərində yetişirlər. Yaxud da, “Bayraktar” dronlarını istehsal edən “Baykar Savunma” S/İHA şirkətinin bütün işçiləri universitetləri bitirməyiblər. Onların çoxu texniki peşə kolleclərində təhsil almış insanlardır. Bir də çox yaxşı olardı ki, imkanlı iş adamları ölkədə heç olmasa 1-2 peşə təhsili müəssisəsinə sərmayə qoyaraq güclü mütəxəssislərin yetişməsinə maraq göstərəydilər. Xaricdə birbaşa varlı adamların adına bağlı olan ixtisas məktəbləri mövcuddur. Bizdə niyə olmasın?! Axı bizim ölkədə Hacı Zeynalabdin Tağıyev nümunəsi var...

P.s. Bu müsahibə "Qadın Lideriliyi Uğrunda" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Yuxarı sinif şagirdləri və ali təhsil almaq imkanı olmayan gənclər arasında peşə təhsilinin təbliği" layihəsi çərçivəsində hazırlanıb.     

Xəbər lenti
0