CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yüksək peşə təhsili yeni imkanlar vəd edir - Ceyhun Kərəmov

Abunə olmaq
Ceyhun Kərəmov: "Biz peşə təhsili səviyyəsini artırmalıyıq ki, həm işəgötürənlərdə, həm də valideyn və şagirdlərdə peşə təhsilinə maraq yaransın".

BAKI, 25 noyabr - Sputnik. Azərbaycanda peşə təhsilinin səviyyəsi, peşə məktəblərinin maddi-texniki bazası, eləcə də əmək bazarında tələb olunan peşələr üzrə kadr hazırlığı cəmiyyəti maraqlandıran əsas məsələlərdəndir. Bəs görəsən Azərbaycanda son illər peşə təhsilinin inkişafı istiqamətində aparılan islahatlar bu sahədə nəyi dəyişib?

Bu mövzuda suallarımızı Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov cavablandırıb.

- Ceyhun müəllim, gəlin öncə Azərbaycanda peşə təhsili müəssisələri barədə oxucularımıza məlumat çatdıraq. Ölkəmizdə peşə məktəblərinin sayı, maddi-texniki bazası ilə bağlı vəziyyət nə yerdədir?

- Agentliyin tabeliyində 78 peşə təhsili müəssisəsi fəaliyyət göstərir. Onlardan 6-ı fəaliyyətini dayandırıb. Onlar işğal altında olan bölgələrimizdəki peşə təhsili müəssisələridir.Tezliklə bu müəssisələrin fəaliyyətini bərpa edəcəyik.

- Peşə təhsilinin bu gün insanların həyatındakı rolu nə dərəcədə effektlidir?

- Peşə təhsilinin insanların yeni həyata hazırlanmasında rolu çox böyükdür. Hazırda peşə təhsili əhatəlilik baxımından daha da genişlənməlidir. Orta məktəbi bitirən gənclərdə maraq əsasən ali təhsilədir. İqtisadiyyatımız inkişaf etdikcə, yeni sahələr yarandıqca peşə təhsilinə tələbat və maraq da artır. Peşə təhsilinin əmək bazarının tələblərinə daha çevik cavab vermə imkanı var. Bir, iki və üç illik peşə təhsili formaları var. Bu gün istənilən sahədə peşə ehtiyacları məlum olduqda proqramlar hazırlayıb bazara lazımlı kadrları yetişdirmək mümkündür. Bunun üçün bizim bazarda fəaliyyət göstərən şirkətlər Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əlaqə quraraq öz tələb və ehtiyaclarını bildirə bilərlər. Biz onlarla birlikdə yeni proqramlar hazırlamağa hazırıq. Agentlik  bu ildən başlayaraq yüksək texniki peşə ixtisaları üzrə proqramların icrasına başlayıb.

- Azərbaycanda nə qədər peşə təhsili müəsssisəsi yenidən qurulub, nə qədərinin bərpasına ehtiyac var?

- Bizim qurumun balansında olan peşə tədris müəssisələrinin vəziyyəti eyni deyi. Onlar fərqli infrastruktura, fərqli maddi-texniki bazaya  malikdirlər. Ötən il biz Bakı şəhərində Sənaye və İnnovasiyalar üzrə Peşə Tədris Mərkəzinin açılışını etdik. Bu Mərkəz Azərbaycanla Koreya hökumətlərarası razılaşmaya əsasən yaradılıb. Məktəbin kurikulumu Koreya ekspertlərinin iştirakı ilə hazırlanıb və Azərbaycan bazarının tələblərinə uyğunlaşdırılıb. 2016-cı ildə ölkəmizdə Azərbaycanda peşə təhsili ilə bağlı Strateji Yol Xəritəsi qəbul edilib. Orada əsas priotetlərdən biri də peşə məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi, ölkədə peşə infrastrukturunun yenidən qurulmasıdır.

Разрушенные дома неподалеку от города Шуша, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Azərbaycanın işğaldan azad edilmiş rayonlarında peşə məktəbləri yaradılmalıdır - deputat

Hal-hazırda üç peşə məktəbində təmir-tikinti işləri gedir. Cəlilabad, Bərdə və Bakıda peşə məktəblərində yeni infrastruktur qurulur. Növbəti illər üzrə isə üç peşə məktəbi ilə bağlı layihələndirmə işləri aparılır. Bunlar Mingəçevir, Sumqayıt və Lənkəranda peşə məktəbləridir. Bu işlər planlı şəkildə aparılır. Burada söhbət təkcə infrastrukturun qurulmasından yox, yeni ixtisasların və müəllim-pedaqoji heyətin hazırlanmasından da gedir. Bu istiqamətdə də aparılır.

- Bəs bölgələrimizdə peşə təhsili nə səviyyədədir? Bu gün ölkəmizin istənilən bölgəsində peşə təhsilinə əlçatanlıq varmı?

- Coğrafi cəhətdən yanaşsaq, peşə təhsili almaq istəyən vətəndaşın yaşadığı bölgə üzrə peşə təhsili almaq imkanı var.

- Peşə məktəblərinə marağı coğrafi baxımdan bölsək bölgələrdə maraq necədir?

- Bu il peşə məktəblərinə qəbul olunanların 40 faizi Bakı və Bakıətrafı, 60 faizi rayonların payına düşür. Bu, peşə məktəblərinin təklif etdiyi proqramlardan asılıdır. Əsas priotetlərimizdən biri odur ki, ölkəmizin iqtisadi inkişafına uyğun olaraq peşə təhsili qurulsun. Bəzi ənənəvi ixtisaslar var ki, onlara ehtiyac yoxdur. Biz həmin peşələri çıxarıb yeni, əmək bazarında tələb olan ixtisasları salırıq. Agentlik regional səviyyədə hər bir rayonda fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq qurur.

- Bu gün bazarda hansı peşələrə maraq daha çoxdur? Belə bir araşdırma aparılıbmı?

- Əmək bazarının tələbləri çox dinamikdir. Tez-tez dəyişir. Sabah, yaxud da on ildən sonra hansı ixtisasların lazım olacağı ilə bağlı proqnoz vermək çox çətindir. Amma bu gün İKT üzrə peşə hazırlığına maraq böyükdür. Eləcə də ənənəvi iqtisadi fəaliyyət növlərinə, nəqliyyat vasitələrinin texniki istismarı, mexanika sahəsində kadr hazırlığına tələbat var.

- Peşə məktəblərində maddi-texniki baza ilə yanaşı, pedaqoji heyətin bilik və bacarığı da kadr hazırlığında vacibdir. Bu sahədə vəziyyəti necə qiymətləndirirsiniz? Yəni, Bakıdakı peşə məktəbində çalışan müəllimlə, hansısa rayonda peşə məktəbi müəlliminin bilik və bacarığı arasında fərq varmı?

- İxtisaslı pedaqoq deyərkən həm texniki bilikləri, həm də sənayedə təcrübəsi olan müəllimlər nəzərdə tutulur. Etiraf edək ki, bu gün bütün peşə sistemində olan  müəllimlərin səviyyəsi bərabər deyil. Müəyyən ərazilərdə müəllimlərin bilik-bacarığı daha qənaətbəxşdir. Bakıda bu mənada vəziyyət daha ürəkaçandır. Ölkə üzrə yanaşdıqda, bu istiqamətdə işlərin görülməsinə ehtyac var. Biz çalışmalıyıq ki, müəllimlərin texniki bilikləri ilə yanaşı onların əmək təcrübələri də olsun. Bunun üçün bizim üzərində işlədiyimiz istiqamətlərdən biri sənayedə çalışan peşəkar şəxslərin tədris və təlimə inteqrasiyasıdır.

Asim Mollazadə - Sputnik Azərbaycan
ELM
Peşə təhsili ali təhsil kimi populyarlaşmalıdır - Asim Mollazadə

- Peşə təhsili sahəsində hansı islahatlara ehtiyac var?

- Bir çox yeni istiqamətlər üzrə işlər aparılır. İlk növbədə biz yeni proqramlar təqdim edirik. Yüksək texniki peşə ixtisası alan vətəndaşlar üç illik təhsildən sonra ali təhsilə qəbul olmaq imkanı əldə edirlər. Növbəti ildə daha 6 ixtisas üzrə yüksək texniki peşə istiqamətli proqramlar hazırlayırıq. Burada fərq ondan ibarətdir ki, yüksək peşə dərəcəsi üzrə təhsil alan şəxs fundamental biliklər əldə etdiyindən həm işə başlaya bilər, həmçinin də istəyinə görə ali təhsil ala bilər.

- Azərbaycan peşə təhsilinin inkişafı ilə bağlı hansı ölkənin təcrübəsindən yararlanır?

- Düşünürəm ki, hər hansı ölkənin təcrübəsini olduğu kimi tətbiq etmək uğur gətirməz. Xarici ölkələrin təcrübəsindən yararlandıqda onu mütləq iqtisadiyyatımıza, əmək bazarımıza uyğunlaşdırırıq.  Bir sıra Avropa ölkələrinin təcrübəsini öyrənmişik. Hətta keçmiş sovet ölkələrinin təcrübəsinə də baxmışıq. Bu gün yüksək texniki peşə dünyanın əksər inkişaf etmiş ölkələrində tətbiq edilir. Bu, bizim üçün yenilikdir. Sırf beynəlxalq təcrübədə bu araşdırılır. Bizim Koreya ilə əməkdaşlığımız sayəsində sırf sənaye və innovasiyalar üzrə peşə məktəbi yaratdıq. Koreya dünyanın ən qabaqcıl sənaye ölkələrindən biridir. Bu proqramı bitirən tələbələr əmək bazarına daha çevik inteqrasiya oluna, işlə təmin oluna bilirlər. Artıq biz bunun nəticəsini görürük.

- Peşə təhsili müəssisələrinə qəbul hansı qaydada aparılır?

- Artıq peşə təhsili məktəblərinə qəbul elektron formada aparılır. Bu il peşə təhsili sahəsində də müəllimlərin işə qəbulunu onlayn keçirdik. COVID-19 pandemiyası ilə bağlı peşə təhsilini onlayn və teledərslərlə həyata keçiririk.

Sənayə və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi - Sputnik Azərbaycan
ELM
Azərbaycanda Koreya standartları əsasında peşə təhsili: Əlli yaşda da ora daxil olurlar

- Ümumiyyətlə ölkəmizdə son dövrlər peşə təhsilinə maraq nə səviyyədədir? Bu il peşə məktəblərinə qəbul rəqəmlərində müsbətə doğru dəyişiklik varmı?

- Ötən illə müqayisədə bu il müraciətlərin sayı 30 faizi artıb. 20 minə yaxın müraciət olub ki, onlardan 15 min nəfəri tələbə adını qazanıb.

- Peşə təhsili ilə bağlı qarşıda hansı planlar var?

- Biz qısa müddətli kurslar, təlimlər təşkil etmək niyyətindəyik. Bir çox xidmət sahələrinə kadrların hazırlanması üçün təlimlərə başlayacağıq. Bu, iş axtaran şəxslərin təlim keçərək işə qəbuluna imkan yaradacaq.

- Peşə təhsili ilə bağlı bu qədər islahatlar aparılmasına baxmayaraq, hələ də peşə məktəbləri cəmiyyətimizdə populyarlıq qazana bilməyib. Bu gün sorğu keçirsək, görərik ki, həm gənclərimizin, həmçinin də valideynlərin çoxu öz övladının peşə təhsili almasının yox, ali məktəbə qəbul olmasının arzusundadır. Agentlik peşə təhsilinin təbliği istiqamətində bir iş görürmü?

- Tamamilə doğru vurğuladınız ki, bizim fəaliyyətimizin əsas protetlərindən biri məhz budur. Bu istiqamətdə iş bir neçə şaxəli aparılır. Əməkdaşlarımız həm Agentlikdə, həm də məktəblərdə görüşlər keçirərək peşə təhsili barədə onları məlumatlandırır. Bundan başqa, gənclərin aktiv olduğu sosial platformalar üzərindən peşə təhsilinin vacibliyi təbliğ edilir. Bizim diqqət ayırdığımız daha bir məsələ orta məktəblərdə peşə təmayüllü siniflərin açılmasıdır. Bununla məktəblərdə şagirdlər başa düşürlər ki, peşə nədir. Beləcə onlarda peşə təhsilinə maraq yaranır. Ancaq işlər bununla bitmir. Sözsüz ki, biz peşə təhsili səviyyəsini artırmalıyıq ki, həm işəgötürənlərdə, həm də valideyn və şagirdlərdə peşə təhsilinə maraq yaransın. Bu istiqamətdə də Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi başda olmaqla hamımız səylə çalışırıq.

P.s. Bu müsahibə "Qadın Lideriliyi Uğrunda" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Yuxarı sinif şagirdləri və ali təhsil almaq imkanı olmayan gənclər arasında peşə təhsilinin təbliği" layihəsi çərçivəsində hazırlanıb.

Xəbər lenti
0