CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Jurnalistikadan peşə təhsilinə - İkinci sənət hələ heç kəsə mane olmayıb

© Photo : Courtesy of Tarana MaharramovaTəranə Məhərrəmova
Təranə Məhərrəmova - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın tanınmış imza sahiblərindən biri olan Təranə Məhərrəmova bu il imtahan verərək peşə məktəbinə qəbul olub.

BAKI, 27 noyabr — Sputnik. Təranə Məhərrəmova. Bu imza yəqin ki, həm mediamızı izləyən oxuculara, həm də sosial şəbəkə istifadəçilərinə yaxşı tanışdır. O, Azərbaycan mediasında tanınmış jurnalistlərdəndir. Bir sıra ölkə KİV-lərində çalışıb, amma hazırda imzası daha çox "Kaspi" qəzetində görünür. Günlərin bir günü o, öz Facebook hesabında imtahan verərək Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi müəssisəsində Tam orta təhsil bazasından 1 illik təhsil müddətinə dövlət vəsaiti hesabına dərzi ixtisasına qəbul olunduğunu xəbər verdi. Düzü, onu tanıyan həmkarları heç şaşırmadılar. Çünki Təranə Məhərrəmova öz orijinal cəhətləri ilə həmişə həmkarlarından seçilib. Amma niyə məhz indi, milli mediamıza illərini verəndən sonra peşə təhsili almaq qərarına gəlib? Düşündük ki, özü ilə söhbətləşib həm bu addımına aydınlıq gətirək, həm də onun yeni inteqrasiya etdiyi peşə təhsilinin özəllikləri, cəmiyyətimiz üçün nə qədər əhəmiyyət kəsb etdiyi barədə danışaq. İlk sualımız da belə oldu:

- Necə oldu ki, uzun illər jurnalistika sahəsində uğurlu imza sahibi olan Təranə Məhərrəmova birdən-birə peşə təhsili almaq qərarına gəldi?

- Peşə təhsili həmişə marağımda olan sahə olub. Əslində, bir qədər gecikmişəm. Çoxdan hər hansı bir peşəyə, məsələn bərbərliyə, aşpazlığa, dərziliyə yiyələnmək istəyirdim. İndi dərziliyi seçdim. Səbəb ilk ixtisasım olan jurnalistikadan yorulmağımla bağlı deyil, sadəcə əlimin yata biləcəyi bir peşəni də paralel öyrənmək istəyirdim. Ona görə peşə məktəblərinə qəbulla bağlı elanı görəndə tərəddüd eləmədim. Fikirləşdim ki, əgər peşəni yaxşı öyrənə bilsəm, əlimdə ikinci bir sənətim olar. Məsələn, özüm və ya tanışım üçün tikə biləcəyim bir paltardan alacağım zövqü təsəvvür edirəm. Hələ işi mükəmməl bilib pul da qazanmaq, gələcəkdə bir iş qadını da olmaq olar. Sadəcə, məqsəd və onu həyata keçirmək üçün iradə olmalıdır. Düzdür, pandemiya bütün təhsil sahəsinə zərər verdiyi kimi, peşə təhsilinin də distant formaya keçməsini şərtləndirib. Xüsusən peşə təhsilinin elə sahələri var ki, orada distant təhsildən danışmaq mənasızdır, çünki praktiki bilik tələb edir.

Ceyhun Kərəmov  - Sputnik Azərbaycan
ELM
Yüksək peşə təhsili yeni imkanlar vəd edir - Ceyhun Kərəmov

Peşə təhsilinə yanaşmaya gəlincə, bu sahə ilə bağlı artıq müasir dövrün yeni fikirləri var. Yəni peşə təhsili təkcə gənclərin təhsili deyil, müxtəlif yaşlı insanlar da peşələrini dəyişmək istəyə bilərlər. İşini itirənlər yeni peşə öyrənməyə can ata bilərlər. Rusiyada "ömürboyu təhsil" proqramları istiqamətində atılan addımlar təqdirəlayiqdir. Yəni insanlar təqaüdə çıxandan sonra özlərini lazımsız hesab etmirlər. Müxtəlif qısamüddətli kurslara gedir, başlarını qatır, hətta əllərinin əməyi ilə çörək pulu qazanırlar. Belə nümunələri görüb mən də özümə "Heç vaxt heç nəyə gec deyil" şüarını seçmişəm.

- Bu gün insanların həyatında peşə təhsilinin rolu nə qədərdir?

- Peşə təhsilinə bizim insanlar adətən bir qədər barmaqarası yanaşırlar. İlk növbədə peşə təhsilinin imicini qaldırmaq lazımdır ki, insanlar bu sahəyə tələbat hiss eləsinlər. Hamı ali təhsil almaq istəyir, amma bu məcburiyyətə çevrilməməlidir. Müasir dünyada kompyuter ixtisası, aqrar sahə, dülgərlik, santexnik, dizayner, avtomobil ustası, turizm, aşpazlıq və s. sahələr üzrə peşə təhsili almaq və işinin peşəkarı olmaq mümkündür. Bu sahələrin yaxşı ustası olmaq bəlkə də ali təhsil almaqdan üstündür. Bu ixtisaslara hər yerdə və hər zaman ehtiyac var. Əmək bazarında zamanla yeni ixtisaslar meydana gəlir. Mən gənclərə tövsiyə edərdim ki, valideynlərini xərcə salıb repetitor yanına getməklə ali məktəb qazanmaqdansa, bu sahələrə də diqqət yetirsinlər. Daha sonra subbakalavr da oxumaq olar. Digər tərəfdən, peşəyə yiyələnənlər üçün dünyanın hər yerində iş var. Məsələn, Kanada kimi bir ölkədə heç bir ölkənin diplomu tanınmır, amma əlində peşəsi olan istənilən adam üçün o ölkələrin qapısı açıqdır. Yaxşı peşə asanlıqla məkanını da, həyatını da dəyişməyə kömək edər. Yetər ki, peşənin ustası olasan və sevəsən.

- Azərbaycandakı peşə təhsili verən məktəblərin ümumi səviyyəsi, maddi-texniki təchizatı, pedaqoji heyəti müasir dövrün standartlarına cavab verirmi?

- Mən təhsil sahəsi ilə işlədiyim üçün Bakıda və respublikanın rayonlarında bir neçə peşə məktəblərinə səfər etmişəm və tədris prosesi ilə tanış olmuşam. Hətta Avropa İttifaqının bir layihəsi çərçivəsində Cəlilabadda Peşə məktəbində olarkən məni razı salan və qane etməyən məqamlarla üzləşdim. Hesab edirəm sadalayacaqlarım elə ölkənin peşə təhsili sahəsinin necəliyinə güzgü tutar. Bəzi məktəblərdə infrastruktur yaxşı olsa da, bəziləri əsasən nəzəri dərslərə üstünlük verirlər. Təbii ki, bu da şagirdlərin praktiki bilik almasına mane olur. Dərs vəsaitləri də köhnədir. Hərçənd bəzilərində yeni kurikulumlara keçid var.

Asim Mollazadə - Sputnik Azərbaycan
ELM
Peşə təhsili ali təhsil kimi populyarlaşmalıdır - Asim Mollazadə

Bəzən Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla peşə təhsili sahəsində müəyyən layihələr həyata keçirilir. Məsələn, məktəblər müəyyən texniki avadanlıqlarla təmin olunur. Bir neçə məktəbdə müasir standartlara cavab verən texniki avadanlıqları görmüşəm. Amma bu sahədə mükəmməl təhsildən danışmaq istəyiriksə, bunlar kifayət deyil. Üstəlik peşəni tədris edən müəllimlərin biliyi də müasir standartlara cavab verməlidirlər. Əksər məktəblərdə sovet dövründən qalma peşə təhsilinin tədrisi ilə qarşılaşırsan. Bu məktəblərdə keçmiş sovet idarəetmə üsulu qalır. Təbii ki, belə məktəblərdən yaxşı bir mütəxəssisin çıxacağı da bəzən sual altında olur. Düzdür, indi ölkəmizdə peşə təhsilinə diqqət artırılıb. Müxtəlif təhsil pillələri ilə bağlı həyata keçirilən təhsil siyasəti ilk peşə-ixtisas təhsilindən də yan keçmir. TN yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması da bunun təsdiqidir. Bununla belə peşə təhsili sahəsində dünya təcrübəsi öyrənilib tətbiq edilməlidir.

- Azərbaycanda peşə təhsili sahəsində hansı islahatlara ehtiyac var?

- Təbii ki, bu sahədə ciddi islahatlar həyata keçirilməlidir. Xüsusən, regionlarda işsizliyin qarşısını almaq, bazarın artan tələbatlarını qarşılamaq üçün əmək bazarına uyğun peşələrin tədrisinə başlamaq lazımdır. Lazımsız peşələr sıradan çıxır. Həmin müəssisənin buraxdığı məhsulun bazarın tələblərinə cavab verib-vermədiyini müəyyənləşdirmək üçün qiymətləndirmə mexanizmi olmalıdır. İşəgötürənlərin də peşə təhsilinə marağını yaratmaq lazımdır. Təhsil müddətində iri şirkətlərlə birgə işbirliyi olmalıdır. Cənubi Koreyada hər bir müəssisə əldə etdiyi gəlirin cüzi bir hissəsini Peşə Təhsili Fonduna yönəldir. Stimullaşma olanda, özəl sektorun da peşə təhsilinə marağı yaranır. İşəgötürən məzunu işə götürməyə maraqlı olanda onda peşəyə maraq da, tələbat da yaranacaq. Müasir peşə təhsilinin qayəsi əmək bazarının tələbatlarını ödəmək, bazara uyğun kadr yetişdirməkdir.

- Nə etmək olar ki, peşə məktəbləri öz əvvəlki şöhrətini bərpa etsin və gənclər arasında populyarlıq qazansın?

- Peşə təhsilinin əhəmiyyətliliyini məktəb partası arxasından uşaqlara aşılamaq lazımdır. Şagird özünəyanaşmada "yarımçıq papaqçılıq" məsəlini anlayıb öz yolunu müəyyənləşdirməlidir. Ailədə də valideyn övladını əməyə məhəbbət ruhunda böyütməli, peşələrin əhəmiyyətliliyini və gəlirliliyini başa salmalıdır. Özünə düzgün istiqamət seçən şagird isə təbii ki uduzmayacaq.

Член Общественного совета при министерстве образования Надир Исрафилов - Sputnik Azərbaycan
CƏMİYYƏT
Keyfiyyətli kadr hazırlayan peşə məktəblərinin sayı artırılmalıdır-Nadir İsrafilov

Bizdə məşhur bir söz var: filankəsin əlləri qızıldır. Bu elə işinin peşəkarı olan insan haqqında yerində deyilmiş sözlərdir. Peşə məktəblərinin mahiyyətini zamanında şagirdlərə izah eləsələr, onlar da həvəs və hədəflərini düzgün müəyyənləşdirmiş olarlar.

- Azərbaycanda bu gün ən çox hansı peşə sahiblərinə ehtiyac duyulur?

- Kadr hazırlığında yeni dəyər yaradan ixtisaslar və ölkə üçün prioritet sayılan ixtisaslar var. Əgər əvvəllər təhsilalanlar daha çox mühasibat uçotu, dülgərlik və ya aşpazlıq üzrə təhsil alırdılarsa, bu gün daha çox kompyuter qrafikası, dizayn, proqram təminatının yaradılması, o cümlədən aqrar regionlarda kənd təsərrüfatı sahələri və turizm üzrə oxumağa maraq göstərirlər. Peşə məktəbinin verdiyi ixtisaslar regionun coğrafi mühitinə görə də fərqlənir. Məsələn, Bakıda tədris olunan peşələrin hamısı Cəlilabadda və ya Gəncədə tədris olunmur. Çünki ixtisasın tədrisi regionun tələbatından da asılıdır. Mənə elə gəlir ki, əmək bazarında yeni ixtisaslar yarandığı kimi, zaman-zaman insanların peşə təhsilinə münasibəti də dəyişəcək. Bunu zamanın özü tələb edəcək.

P.s. Bu müsahibə "Qadın Lideriliyi Uğrunda" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Yuxarı sinif şagirdləri və ali təhsil almaq imkanı olmayan gənclər arasında peşə təhsilinin təbliği" layihəsi çərçivəsində hazırlanıb.

Xəbər lenti
0