Sputnik Azərbaycan, İrina Alksnis
BAKI, 21 noyabr — Sputnik. Dünən Avropa Şurasının (AŞ) onlayn formatda keçirilən növbəti sammiti baş tutdu. Əvvəlcədən sammitdə yalnız COVID-19-la bağlı vəziyyətin müzakirəsi nəzərdə tutulmuşdu. Demək olar ki, bütün Avropa ölkələrində epidemioloji vəziyyət kəskinləşib və bu da hakimiyyət orqanlarının getdikcə daha sərt qərarlar qəbul etməsinə gətirib çıxarır. Bu isə ictimai narazılıq yaradır, özü də vətəndaşlar yalnız irimiqyaslı məhdudlaşdırmalara deyil, nisbətən yüngül məhdudiyyət tədbirlərinə qarşı da qəti şəkildə etiraz edirlər.
Buna bir neçə gün əvvəl Berlində tətbiq olunan məhdudiyyətlərə qarşı keçirilən və su şırnaqları vasitəsilə dağıdılan etiraz aksiyasını misal göstərmək olar. Odur ki, indi Avropa ölkələrinin hakimiyyət orqanları səhiyyə sisteminin çökməsinin qarşısını almaq, pandemiyanın iqtisadiyyata təsirini azaltmaqla yanaşı, həm də tətbiq olunan məhdudiyyətlərə qarşı baş qaldıran xalqın narazılığını dəf etmək məcburiyyətindədir. Və bütün bunları demokratiya prinsiplərinə sadiq qalmaqla həyata keçirmək qeyri-mümkündür.
Bununla belə, reallıq sammitin özünün planını dəyişdirdi. Tədbirin gündəliyinə daha bir kəskin məsələ daxil edildi. İş burasındadır ki, Avropa Şurasının (AŞ) iki ərköyün üzvü – Polşa və Macarıstan yenə Brüsselə başağrısı verib. Hər iki ölkə 2021-2027-ci illər üçün AŞ-in büdcəsinə (1,074 trilyon avro həcmində) və Avropa iqtisadiyyatının bərpası proqramına (750 milyard avro həcmində) məhdudiyyət qoyub. Əslində, Avropa bu büdcə planlarından Varşava və Budapeşti yüksək demokratik standartlardan kənara çıxdıqları üçün cəzalandırmaq məqsədilə istifadə etmək niyyətində idi. Ancaq, necə deyərlər, qazdığı quyuya özü düşdü.
Məsələ burasındadır ki, bu ölkələri puldan məhrum etmək asan iş deyil. Son vaxtlara qədər bu cür mexanizmlər Avropada, ümumiyyətlə, yox idi. Bundan əlavə, AŞ-də ən vacib qərarların qəbul edilməsi üçün konsensus prinsipi, yəni qurumun bütün üzvlərinin ortaq mövqedə olması əsasdır. Deməli, Polşa və Macarıstan özləri də Avropanın onları böyük miqdarda vəsaitdən məhrum etməsinə səs verməli idilər ki, bunu həmin ölkələrdən gözləmək də ən azı möcüzəyə inanmaq deməkdir.
Nəticədə, Brüssel son aylarda qəliz kombinasiya tətbiq etməyə başlayıb. AŞ-nin iyul sammitində qarşıdakı ödənişləri qanunun aliliyi standartlarına və əsas Avropa dəyərlərinə riayət etməklə əlaqələndirən bir qərar qəbul edildi. Sentyabrın sonlarında isə Avropa Komissiyası, əsas qəhrəmanları, daha doğrusu, günahkarları yenə Varşava və Budapeşt olan müvafiq hesabatı yayımladı. Və elə həmin məqamda da hər iki ölkə prosesi bloklayaraq baş verənləri çox gözəl başa düşdüklərini və Avropa fondlarından vəsaitlərin "siyasi motivlər" əsasında paylanmasına icazə verməyəcəklərini nümayiş etdirdilər.
Beləliklə, indi Brüssel yenə polyak və macarlarla ortaq məxrəcə gəlməyə məcburdur. AŞ-nin baş verənlərdən çıxara biləcəyi ən böyük dərs də elə budur.
Bu iki ölkə – özü də bir o qədər də böyük, varlı olmayan və qınaq siyahısına düşmüş – Avropanın uzun illərdən bəri işləyən demokratiya sisteminə qarşı çıxmağa, axına qarşı üzməyə özlərində cəsarət tapa biliblər.
Mütəxəssislərin fikrincə, Polşa və Macarıstanın Avropa Şurasından çıxma ehtimalı yüksəkdir. Onsuz da bu ölkələr AŞ-nin tərkibində olmaqla qazana biləcəkləri faydanı əldə ediblər və status-kvonun saxlanılmasında elə bir maraqları yoxdur. Brüssel də, öz növbəsində, ipə-sapa yatmayan "inadkarların" cəzalandırılmasını, yəni AŞ-dan çıxarılmasını vəziyyətdən ən münasib çıxış yolu hesab edə bilər.
Ancaq nəticədə ən ağır zərbə Qərb demokratiyasına – həm reallıqdakı, həm də bütün dünyada onun haqqında ən gözəl təsəvvürlərə malik insanların xəyalındakı Avropa demokratik dəyərlərinə – dəyəcək.