BAKI, 28 yanvar — Sputnik. Türkiyənin Afrin əməliyyatı ilə Yaxın Şərqdəki proseslər daha da dalana dirəndi. Trampın ABŞ prezidenti seçilməsi ənənəvi Amerika siyasətini dəyişmədi. Kiçik Buşun vaxtından davam edən diplomatiya davam etdirilməkdədir. Məhz bu yanlış siyasətin nəticəsində islam dünyasında anti-Amerika əhval ruhiyyəsi artmaqdadır.
Prinsip etibarilə, Yaxın Şərqi qan içində boğan, islam dünyasını öz vassalına çevirmək uğrunda əsrlər boyunca mübarizə aparan ABŞ-ın yeganə marağı dünyanı idarə edən güc statusunu qorumaqdan ibarətdir. Müstəmləkəçiliyin istənilən forması anormaldır. Bu baxımdan, Qarabağ problemində Azərbaycanın yanında olmayan Vaşinqtonla Bakının həddən ziyadə yaxınlıq etməsi də maraqlarımıza cavab vermir. Azərbaycan diplomatiyasının kursu barədə fərqli fikrə malik olmaq olar, lakin ölkəni kiminsə müstəmləkəsi kimi görmək əbləhlikdir.
Son 30 ildə Azərbaycan ABŞ-in heç bir əməli müdafiəsinin şahidi olmayıb. Vaşinqtona forpost lazımdır və o, bərabərtərəfli müttəfiqliyi qəbul etmir. Məhz belə siyasət ona gətirib çıxartdı ki, bölgədə Vaşinqtonun vassalı hesab edilən İranda 1979-cu ildə Amerika əleyhinə şüarlar səsləndirilməyə başladı və Tehran Birləşmiş Ştatlarla vidalaşmalı oldu. Həmin dövrdə Tehranda radikal dindarlar ABŞ-ın ölkədəki səfirliyinə hücum edib, onlarla amerikalını girov götürdülər. Bu olay ona gətirib çıxartdı ki, ABŞ və İran arasında diplomatik münasibətlərə birdəfəlik son qoyuldu. İndiyə qədər də bu münasibətləri tənzimləmək mümkün olmayıb. İranda ABŞ səfirinin əleyhinə verilən bəyanatlar və bunun davamı olaraq, ABŞ səfirliyinə edilən hücum ağır fəsadlar verdi. Birləşmiş Ştatların və Qərbin aparıcı şirkətləri ölkədən getməli oldu.
Bu gün ABŞ müsəlmanları məzhəb savaşına sürükləməklə prosesləri kənardan idarə edir. Yaxın Şərqdəki savaş fonunda Birləşmiş Ştatların MDB məkanındakı proseslərə müdaxiləsi də hiss edilməkdədir. Qərb mətbuatında Azərbaycanla bağlı dərc olunan tənqidlər də bu baxımdan Bakıya edilən təzyiq kimi dəyərləndirilə bilər. Vaşinqtonu demokratiyanın vəziyyəti maraqlandırmır. Qərb Bakıdan həm İran məsələsində NATO ilə əməkdaşlığı, həm də Rusiya məsələsində birmənalı qərbpərəst mövqeyi tələb edir.
ABŞ əsas katalizator rolunu oynamaqda israrlıdır. Lakin indi belə bir sual meydana çıxır. "Ərəb inqilabları" həmin ölkələrdə demokratik dəyişikliklərə gətirib çıxartdımı və yaxud silah yolu ilə gələn hakimiyyətlər nə dərəcədə demokratik ola bilər? Əlbəttə ki, Yaxın Şərq diktatorlarının yıxılması təqdir olunan haldır. Lakin bunun demokratiyanın təntənəsi kimi qələmə verilməsi də anlaşılan deyil. Yaxın Şərq bu gün xarabalığa çevrilib. Etnik, dini savaş, qanlı vətəndaş qarşıdurması bu ölkələri faktiki yox edib. Bu gün hədəfdə Türkiyədir. ABŞ indi də Türkiyəni parçalamaq istəyir. Türkiyə daxilində etnik və məzhəb savaşına çalışır. Əslində, Afrin əməliyyatı bu planın tərkib hissəsidir. İran və Türkiyənin parçalanması Azərbaycanın maraqlarının da ciddi zərbələr görməsi anlamına gələ bilər. ABŞ ilə əməkdaşlıq Azərbaycan üçün son dərəcə vacibdir, lakin Bakı bütün qonşu ölkələri bürüyən xaosdan qurtulmaq niyyətindədir. Vaşinqtona isə idarəolunan xaos lazımdır. Azərbaycan balans siyasətini davam etdirir və yaranmış situasiyada bu, ən optimal variant kimi dəyərləndirilə bilər…