BAKI, 3 oktyabr — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. ABŞ Hərbi Hava Qüvvələrinin yaydığı məlumata görə, sentyabrın 30-da Dəniz-Piyada Korpusuna məxsus F-35B Lightning II (ing. dilindən tərcümədə: "şimşək") qırıcısı KC-130J yanacaqdoldurma təyyarəsi ilə El-Sentro hərbi bazası yaxınlığında, havada toqquşub. Nəticədə F-35B yerə düşərək parçalanıb. Hadisə vaxtı özünü təyyarədən atan pilot hazırda hospitalda müalicə alır. KC-130J tankerinin isə səkkiz hərbçidən ibarət heyəti xəsarət almadan təyyarəni YERƏ endirməyə nail olub.
Amerika istehsalı olan qırıcı-təyyarələrinin qəzaya uğrama ehtimalının digərlərinə nisbətən aşağı olduğu bildirilsə də, təkcə 2020-ci ilin yaz və yay aylarında ABŞ-ın Hərbi Hava və Hərbi Dəniz qüvvələrinə məxsus yeddi qırıcısı qəzaya uğrayıb. Mayın 19-da və iyunun 9-da F-35A, mayın 15-də F-22 Raptor, iyunun 15-də F-15C Eagle, iyunun 18-də F-18F Super Hornet və bir qədər sonra Şou hərbi bazasında (Shaw Air Force Base) güclü yanğına səbəb olmuş F-16C. Bu faktlar sübut edir ki, hətta yeni qırıcı-təyyarələrin belə istismar və təhlükəsizliklə bağlı ciddi problemləri var.
"Beçinci nəsil" F-35 qırıcı-təyyarələri üç modifikasiya üzrə hazırlanır: Hərbi Hava Qüvvələri üçün F-35A (standart qalxma və enmə), Dəniz Qüvvələri üçün F-35B (qısa qalxış və şaquli eniş), Dəniz Qüvvələri üçün F-35C (hava gəmisi katapultu ilə qalxma və aviafinişer ilə eniş). Qısa müddətdə bu tip təyyarələrdən üçü artıq qəzaya uğrayıb.
Xatırladaq ki, 2019-cu ildə Yaponiya Hərbi Hava Qüvvələrinə məxsus F-35A qırıcısı qəzaya uğramışdı. 2018-ci ildə isə F-35B Lightning II qırıcısı Amerika Dəniz Qüvvələrinin Beaufort (Cənubi Karolina) aviabazasının yaxınlığında qəzaya düşmüşdü. Bundan başqa, yanan F-35B qırıcısı xilas edilmişdi.
Qiymət və keyfiyyət arasındakı ziddiyyət
F-35 Lightening II qırıcısı Joint Strike Fighter (JSF) proqramı çərçivəsində yaradılıb. Həmin proqram ötən ilin oktyabr ayından tam gücü ilə fəaliyyət göstərməyə başlayıb.
Bununla əlaqədar olaraq Lockheed Martin şirkəti və ABŞ Müdafiə Nazirliyi 291-i ABŞ Silahlı Qüvvələri, 127-si JSF proqramının beynəlxalq tərəfdaşları və 60-ı xarici alıcılar üçün nəzərdə tutulmuş 478 ədəd F-35 təyyarəsinin alınması ilə bağlı orta müddətli planı açıqladı. 478 ədəd qırıcı-təyyarənin ümumi dəyəri 34 milyard dollara bərabərdir.
Belə ehtimal olunur ki, istehsalın artması ilə F-35A qırıcısının dəyəri (hazırda təxminən 100 milyon dollardır) tədricən aşağı düşəcək və 13-cü partiyadan sonra 80 milyon dollardan da az olacaq. Bununla belə, qırıcıların qiymətinin ucuzlaşması onların keyfiyyətinin "beşinci nəsil" təyyarələrinin texnoloji səviyyəsinə çatacağına zəmanət vermir.
Əvvəllər Pentaqona yaxınlığı ilə bilinən Defence News jurnalı F-35 Lightning II qırıcıları ilə bağlı çox kəskin məqalə dərc etmişdi. Həmin materialda qeyd olunurdu ki, F-35 səssiz qırıcısının forsaj zamanı sürətlənmə müddəti 1 dəqiqdən artıq deyil. Sürət 1 Max-a çatanda təyyarənin korpusu qızır və partlama təhlükəsi yaranır. Sürət 1,6 Max-ı keçəndə isə təyyarənin quyruq hissəsi qırılıb düşə bilər. Nəzərə alsaq ki, "beşinci nəsil" qırıcılarının sürəti 1,4 Max-dan aşağı ola bilməz, deməli, F-35 Lightening II hələ bu keyfiyyətə çata bilməyib, yəni, "dördüncü nəsil"də ilişib qalıb.
Bu qırıcıların beş çatışmazlığını texnoloji cəhətdən aradan qaldırmaq mümkün deyil və aydın məsələdir ki, belə naqislik ümumi dəyəri 1,7 trilyon dollar olan istehsal proqramına uyğun gəlmir.
2020-ci ilin sentyabr ayında F-35 uçuş üçün həddindən artıq bahalı təyyarə kimi qiymətləndirildi: proqram növbəti beş il ərzində 10 milyard dollarlıq maliyyə boşluğu ilə üz-üzə qalacaq.
Məcburi "modernizasiya", silah, yanacaq, ehtiyat hissələri ilə təchizat və texniki xidmət sahələrindəki əlavə tədqiqatların aparılması F-35 qırıcı-təyyarələrinin çox baha başa gəlməsi ilə nəticələnir. Halbuki onların istismarı ağır, qoşa mühərrikli F-22 Raptor-lardan daha ucuzdur.
F-22-nin yalnız 187 ədəd istehsal edildiyini, F-35 seriyasından isə 3000-dən çox təyyarənin buraxılmasının planlaşdırıldığını da yaddan çıxartmamaq lazımdır. Bu qədər qırıcı-təyyarə dinc dövrdə belə ABŞ-a dost olan onlarla dövlətin və Pentaqonun öz büdcəsini "bombalamağa" qadirdir.
Təhlükə tamamilə realdır, çünki F-35 proqramının dəyərinin 75%-i istismar xərclərinə ayrılır ki, bu da nəzərdə tutulandan xeyli çoxdur. Başqa sözlə, texnoloji cəhətdən "xam" F-35-lərin davamlı döyüş hazırlığını qorumaq F-16 və ya F-18 qırıcılarına nisbətən daha çətindir və baha başa gəlir.
Hərbi güc görüntüsü
ABŞ Ordusu F-35 Lightening II qırıcıları üçün texniki tələblərə cavab verməyən təxminən 15 000 ehtiyat hissəsi alıb. Yaxın gələcəkdə ortaya çıxan problemləri həll etmək üçün bu təyyarələrə 70 milyon dollardan çox pul xərclənəcək.
F-35-in istismar xərclərindəki davamlı artım, "istehlakçı"nın istehsalçı şirkətin proqram təminatından artan asılılığı, ehtiyat hissələrinin tədarükündəki nizamsızlıq – bütün bunlar qırıcı-təyyarələrin döyüş qabiliyyətini heçə endirir.
F-35-lər yalnız nəzəri cəhətdən radarlardan qaçmağa və düşmən müdafiəsinə zərbə vurmağa qadirdir. Əslində isə bütün modifikasiyalardakı F-35 qırıcıları müəyyən yüksəklikdə və sürətdə potensial düşmənin radar ekranlarında maksimum məsafədə çox aydın şəkildə görünür. Yəni tapşırıqları konseptual və texnoloji cəhətdən yerinə yetirə bilmir, döyüş bölgəsində həssas aşağı sürətli hədəflərə çevrilirlər.
İranın Rusiya istehsalı olan radarlardan istifadə etməklə bu amerikan "gözəgörünməz"lərini (Fars körfəzi bölgəsinə yerləşdirilən iki F-35A və hətta Qətərdəki F-22 Raptor eskadrilyalarını) çox asanlqıla gördüyü məlumdur. Tehranın ən böyük nailiyyəti isə həm güclü radarları, həm də raket atıcılarını özündə birləşdirən S-300PMU-2 uzun mənzilli hava müdafiə sistemini əldə etməsidir.
İran tərəfindən yerləşdirilən "Rezonans-NE" hava hücumundan müdafiə sistemi də çox effektivdir və bu da ölkə sərhədləri yaxınlığında F-35 qırıcılarını uğurla aşkarlayaraq izləyir.
Rus mütəxəssisləri tərəfindən radar istehsalındakı son nailiyyətlər nəzərə alınaraq yaradılan "Rezonans" 600 km-ə qədər uzaqlıqda və 100 km-ə qədər hündürlükdəki aerodinamik hava hədəflərini ("gizli döyüşçülər" və hipersəsli raketlər daxil olmaqla) müəyyən etmək və əks etdirmək qabiliyyətinə malikdir.
Əslində, İran İslam Respublikasının bütün hava hücumundan müdafiə sistemi təqribən 2017-ci ildən bəri Pentaqon üçün əməlli-başlı baş ağrısına çevrilib və ABş-ın ipə-sapa yatmayan Tehranı bombalamamasının səbəbi də elə budur.