BAKI, 29 iyul — Sputnik, Aleksandr Xrolenko, hərbi icmalçı. Özünün quru və dəniz sərhədlərini “İskəndər-M” raket kompleksləri ilə qoruyan Rusiya milli və beynəlxalq təhlükəsizliyi möhkəmləndirir. Strategiya məntiqidir: bu qurğular və onların potensial təcavüzkara mümkün zərbələri nə qədər çox olarsa, Avropa və Asiyada sülh bir o qədər dayanıqlı olacaq.
“İzvestiya” qəzetinin Rusiya Müdafiə Nazirliyindəki mənbəsinin məlumatına görə, “İskəndər-M” operativ-taktiki raket kompleksləri (OTRK) düşmənin dəniz desantı və gəmilərinə zərbə endirmək üçün istifadə olunacaq. Quru qoşunlarının raket briqadaları dəniz döyüşü taktikasını mənimsəməyə başlayıb, texnoloji cəhətdən kompleks rəqibin desantının hücumunu dəf etməyə hazırdır. “İskəndər-M” OTRK hədəflərin vurulmasının dəqiqliyi və mənzili baxımından əla göstəricilərə malikdir, dünyada analoqu yoxdur.
“İskəndər”lərin dəniz atışları iyulun 20-də, RF Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin raket birləşməsinin qəfil yoxlaması zamanı baş tutub. OTRK desant gəmilərindən hərbi texnikanın sahilə boşaldılması anında onların hamısını şərti olaraq məhv edib və “düşmən”in dəniz desantının Qara dəniz sahilini ələ keçirməsinin qarşısını alıb.
Qoşunların avtomatlaşdırılmış idarəetmə sisteminə inteqrasiya olunan “İskəndər-M” sahil müdafiəsinin dərinliklərində real zaman rejimində aviasiya, donanma, kəşfiyyat, pilotsuz uçan aparatlardan hədəf tuşlamaları məlumatlarını alaraq dənizdə hərəkət edən hədəflərə zərbə endirə bilir (rəqibin gəmilərinin sürəti və istiqamətinin tənzimlənməsi nəzərə alınmaqla).
“İskəndər-M” OTRK-nın raketləri mövcud və perspektivdə olan raket əleyhinə müdafiə (RƏM) sistemləri üçün ələkeçməzdir, 4 dəqiqəyə 500 km qət edir, eyni zamanda 9М728 və ya Р-500 döyüş başlıqları hədəfdən 1 metrdən çox yayınmır. “Bal” və “Bastion” sahil raket kompleksləri ilə birlikdə (dənizdəki vurma məsafəsi müvafiq olaraq 260 km və 350 km) “İskəndər” eşelon müdafiəsini gücləndirməyə və Rusiyanın dəniz sərhədlərini sözün əsl mənasında keçilməz etməyə qadirdir.
Bir müddət əvvəl RF Müdafiə Nazirliyindən bildirmişdilər ki, bütün on raket briqadasının sərəncamına “İskəndər-M” OTRK verilib və daha üç briqada formalaşdırılır. Rusiya müdafiə sənayesi hər il iki briqada kompleksi istehsal edir. Eyni zamanda “İskəndər”lərin döyüş effektivliyinin artırılmasına istiqamətlənmiş modernləşdirilməsi də aparılır.
Gəmilərə atəş
Rusiya sahillərinin müdafiəsinə ənənəvi olaraq Baltika, Şimali, Sakit Okean, Qara dəniz və Xəzər donanmasının hərbi gəmiləri, dəniz aviasiyası və sahil qoşunları cavabdehdir. Burada mobil gəmi əleyhinə “Bal” və “Bastion” raket kompleksləri də vacib rol oynayır. Zaman keçdikcə sahildəki hərbi qaydalar “sıxlaşır”. Məsələn, Baltika donanması 2019-cu ildə desant əleyhinə şəxsi tank alayı ilə təchiz edildi, Qara dəniz donanması isə Krımda üçüncü hava-desant alayı ilə gücləndirilir.
“İskəndər-M” kompleksləri ilə silahlanmış (Quru qoşunlarının) raket briqadalarının sahil müdafiəsinə cəlb edilməsi dəniz səhnələrində Rusiyanın yüksək dəqiqlikli silahının zərbə potensialını operativ surətdə artırmağa imkan verir.
İstehsalçının məlumatına görə, Rusiya raket briqadasının tam komplekti 51 maşından, o cümlədən 12 start, 12 nəqliyyat-doldurma, 11 komanda-qərargah qurğusu və 14 həyat təminatı maşınından ibarətdir. Yəni iki dəqiqə ərzində briqada (yenidən doldurulmadan) 24 raketlə zərbə endirə bilər. Gücləndirilmiş briqada isə 32 raketlə atəş açır. “İskəndər”lər dənizdə nə qədər çox hədəfi məhv edərsə, rusiyalı hərbçilər sahildə bir o qədər az düşmənlə döyüşərlər. Bu cəhətdən hazırlıqlar izafi deyil: çünki mümkün rəqibin müasir hücum taktikası dəniz desantının müxtəlif variantlarını ehtiva edir (NATO-nun oxşar təlimləri xüsusilə Baltikanın təcrübəsini zənginləşdirib).
Təlimlərdə desant gəmilərindən dəniz desantının sürətli katerlər və vertolyotlarla üfüq ötəsi və təchiz olunmamış sahilə çıxarılması zərbə gəmiləri və aviasiyanın müşayiətilə aparılır. “İskəndər”lərin 500 km aralıdan gücləndirilmiş zərbəsi düşmənin bu əməliyyatını lap başlanğıcda poza bilər. Bundan başqa, OTRK bölmələri eyni effektivliklə Rusiya dəniz piyadalarının əməliyyatlarını atəşlə dəstəkləyə bilər.
“İskəndər-M” komplekslərinin təlimlərdə təsadüfi olmayan iştirakı NATO komandanlığını daim qıcıqlandırır, çünki buna qarşı qoymağa heç nə yoxdur. İndi budur – Rusiya alyansa dənizdən “salam” verir. Modernləşdirilmiş “İskəndər” kompleksləri və dəniz hədəflərinin məhvi üçün adaptasya edilmiş və vurma məsafəsi artırılmış raketlər (bunu “Rostex” söz verib) NATO HDQ-nin təxribatçı aktivliyini xeyli zəiflətməyə və RF sərhədləri boyunca beynəlxalq təhlükəsizliyi möhkəmlətməyə imkan verəcək. Burada bir şeyi qeyd etmək vacibdir: Rusiya heç kimi təhdid etmir, sadəcə, Qərbin düşmənçiliyinə asimmetrik olaraq cavab verir, Qərb hərbi blokunun Baltika və Qara dəniz regionlarında zərbə potensialının artmasına adekvat reaksiya verir.
Əgər alyans Rusiya sərhədləri yaxınlığında açıq-aşkar Rusiya əleyhinə RƏM mövqeləri və yeni hərbi bazalar yerləşdirməkdən əl götürsə, o zaman “İskəndər”lər öz unikal imkanlarını yalnız poliqonlarda nümayiş etdirəcək.
Dəfolunmaz kvaziballistika
“İskəndər-M” OTRK kiçikölçülü və iri hədəflərin 500 km aralıdan (bir neçə tip, o cümlədən termonüvə döyüş başlıqları ilə) yüksək dəqiqlikli məhvi üçün nəzərdə tutulub. Hədəfə tuşlandırılmaq üçün ətalətli naviqasiya sistemi və ГЛОНАСС peyklərindən alınan siqnallardan istifadə olunur. Final mərhələdə ağıllı özütuşlama optik başlığı aktivləşir ki, bu da cəmi bir neçə metr sapması olan dəqiqliyi təmin edir. Raketləri uçuş zamanı da yönləndirmək mümkündür ki, bu da hərəki hədəfləri, o cümlədən rəqibin HDQ gəmilərini vurmağa imkan verir.
Kompleks iki tip raketlə təchiz edilib: aeroballistik 9М723 raketi 50 km hündürlüyədək kvaziballistik trayektoriya ilə uçur, qanadlı 9М728 və ya Р-500 isə hədəfə doğru daha alçaq hündürlükdə uçur. “İskəndər”in yüksəkdəqiqlikli raketləri kiçik əksetmə səthinə və mürəkkəb uçuş trayektoriyasına (qaz-dinamik və aerodinamik sükanlarla idarə olunur) malikdir və mövcud bütün HHM-RƏM sistemləri üçün ələkeçməzdir. Startdan sonra və hədəfin yaxınlığında raketlər 20-dən 30 g-dək yüklənmə ilə manevr edir. Raketin start kütləsi 3.8 ton, uzunluğu 7.2 m, sürəti saniyədə 2 m, atəşlər arası interval isə 1 dəqiqədir.
“Sahildəki” əsas zərbə obyektləri – düşmənin mövqelərində raket kompleksləri və yaylım atəşi reaktiv sistemləri, aerodromlarda döyüş aviasiyası, komanda məntəqələri və rabitə qovşaqları, o cümlədən müdafiə olunan obyektlərdir. “İskəndər-M” OTRK dəqiqliyinə, raketlərin buraxılmaq üçün hazırlanmasında operativliyə və digər xüsusiyyətlərinə görə ən yaxşı xarici analoqlarını (Lance, ATACMS, Pluton) üstələyir. Kompleksin əsas üstünlükləri: strateji mobilliyi, döyüş növbəsinin və raket zərbələrinin gizli aparılması imkanı, uçuş tapşırığının avtomatik olaraq hesablanması və daxil edilməsi, atəş və radioelektron əks-təsir şərtlərində hərbi tapşırığın yerinə yetirilməsi ehtimalının yüksək olmasıdır. Xatırladım ki, Rusiyanın “İskəndər”ləri Suriya Ərəb Respublikasının ərazisində döyüş şəraitində uğurla sınaqdan keçib. Müqayisə üçün bildirim ki, ABŞ özünün “İskəndər”in analoqundan imtina edib, çünki “Raytheon” şirkəti Pentaqon üçün yeni, yüksək texnologiyalı OTRK hazırlaya bilməyib.