CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təki pul olsun prinsipi işə yaramadı: məsələni sayğacla çözmək də alınmır

© AFP 2024 / JEAN-FRANCOIS MONIERКорова пьет воду, фото из архива
Корова пьет воду, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycanda tikinti sahəsində olan korrupsiyaya görə hazırkı vəziyyət ortaya çıxıb və su təsərrüfatı tamamilə dağıdılıb" - Fazil Mustafa

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 30 avqust — Sputnik. "Həm yarımçıq qalan, həm də bitmiş hesab olunan layihələr. İndi, sən demə, belə çıxır ki, digər evlər nəzərə alınmayıb. Ya su mənbəyi düzgün seçilməyib, ya yoxdur, ya da ki, yeni evlər tikilib. Əlbəttə, yeni evlər tikiləcək. Azərbaycanın hər bir yerində yeni evlər tikilir, o demək deyil ki, o evlər tikiləndə onlar susuz qalmalıdır. Deməli, bu, bəri başdan nəzərə alınmalı idi, ona görə siz bu məsələləri təhlil edin. Xarici maliyyə qurumları tərəfindən maliyyələşən layihələrə əlavə vəsaitin ayrılmasına da baxın, yerlərdə də dəqiq hesablamalar aparılsın".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirə zamanı deyib.

Onun sözlərinə görə, Prezident Administrasiyasına da tapşırıq verilib ki, içməli su layihələri başa çatan, lakin evlərə su verilməyən şəhərlərin rəqəmləri təhlil edilsin.

Mahir Xəlilov  - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezident xəbərdarlıq etdi, dövlət qurumu vəd verdi - Lakin faciə davam edir

"Çünki mən açılışlarda olanda mənə məruzə edilir, cənab Prezident, bu şəhər 100 faiz su ilə tam təmin edilib, 24 saat fasiləsiz su verilir. Bu məlumatı mənə verirlər. İndi, sən demə, mən açılışlarda iştirak etdiyim şəhərlərdə bəzi evlərdə su yoxdur. Belə şey olmaz, bu, nəzərə alınmalıdır. Mənə məlumat verilirdi, təqdimatlarda göstərilirdi ki, 2030-cu ilə qədər, hətta 2035-ci ilə qədər əhalinin artımı nəzərə alınıb. Sən demə, nəzərə alınmayıb. Bunu çox ciddi araşdırmaq lazımdır və mənə bir neçə mənbədən məlumat verilməlidir - həm komissiya tərəfindən, həm də yerli icra orqanları tərəfindən və "Azərsu"dan", - deyə ölkə başçısı vurğulayıb.

Bəs təqdim edilən layihələr niyə icra edilmir? Ölkə başçısına verilən məlumatlar sonradan niyə öz təsdiqini tapmır?

Millət vəkili Fazil Mustafa Sputnik Azərbaycan-a bildirib ki, bu, sırf korrupsiya ilə bağlı məsələdir: "Azərbaycanda tikinti sahəsində olan korrupsiyaya görə hazırkı vəziyyət ortaya çıxıb və su təsərrüfatı tamamilə dağıdılıb. Harada hansı binanın tikiləcəyi, bu binaların su və kanalizasiya sistemi ilə necə təmin ediləcəyi barədə heç kim düşünmədi. Sərəncamlar imzalandı, icazə verildi ki, kim harada bina istəsə tiksin. Təki pul olsun".

Millət vəkili qeyd edir ki, bu prinsip indi öz fəsadlarını göstərməyə başlayır. Əksər imkanlı, vəzifəli şəxslərin bağları yüksək səviyyədə su ilə təmin edilir. Vətəndaşın bu təminatdan bəhrələnməsi isə mümkün olmur.

"Bu məsələyə baxış dəyişməlidir. Əks təqdirdə bu məsələni sırf hansısa qurumun üzərinə yükləmək olmaz", - deyən F. Mustafa vurğulayıb ki, layihələrə ayrılan vəsaitlərin mənimsənilməsi bütün qurumlarda var. Və ayrılan vəsaitin mütləq müəyyən hissəsi mənimsənir.

Onun sözlərinə görə, əkinçilik və kənd təsərrüfatı sahələrində su qıtlığının əsas səbəbi sovet dövründən qalan bütün infrastrukturun dağıdılması, su xətlərinin satılmasıdır.

"Biz buna belə bir problem kimi baxmalıyıq ki, su problemi qarşımıza böyük bir fəlakət kimi çıxacaq. Azərbaycanda əhali suya qənaət etmir. Su israf olunur. Su sayğaclarının qoyulması da məsələyə çözüm deyil. Biz su problemini həll etmək üçün həm əhalini maarifləndirməli, həm də korrupsiyanın qarşısını almalıyıq", - deyə millət vəkili bildirib.

O qeyd edib ki, Azərbaycanda şəffaf tender anlayışı yoxdur. Hansı sahə olmasından asılı olmayaraq bütün sahələrdə korrupsiya var.

Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, su təsərrüfatındakı problemlər kənd təsərüffatına və bütövlükdə iqtisadiyyata da mənfi təsir edir: "Müşavirədə qeyd olunduğu kimi, dövlət qurumları arasında koordinasiyanın zəif olması su təsərrüfatındakı problemlərin əsas səbəblərindən biri olduğu üçün bu sahədə struktur və institusional islahatların aparılması məqsədəuyğundur. Beyin mərkəzi olaraq İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) 2012-ci ildə hazırladığı struktur islahatları paketində bu sahədə də struktur islahatların aparılmasını təklif edib. Bütövlükdə, struktur ishlahatları sistemli və təmərküzləşmiş koordinasiyaya imkan yarada bilər".

Vaxtında edilmiş ixtira: Cəlilabad sakini azərbaycanlıları su qıtlığından qurtaracaq>>

Onun sözlərinə görə, itkilərin qaşısının alınması üçün infrastrukturun daha da inkişaf etdirilməsi ilə yanaşı, bu sahədə nəzarətin gücləndirilməsinə ehtiyac var. Ölkə üzrə infrastruktur inkişaf etsə də, sahəvi infrastrukturun genişləndirilməsi vacibdir.

"Müşavirədə də qeyd olunduğu kimi, su itkisi əksər hallarda 40 faizdən çoxdur. Bu, kifayət qədər böyük rəqəmdir. İtkilərin azaldılması eyni zamanda su ehtiyatlarının artmasına səbəb ola bilər. Yeni daxili su mənbələrinin tapılması üçün bu sahədə elmi tədqiqatların genişləndirilməsi vacibdir. Məhz tədqiqatlar nəticəsində əsasən xarici su mənbələri hesabına istehlakı ödənilən ölkəmizdə su problemini mərhələli şəkildə aradan qaldırmaq olar", - deyə millət vəkili bildirib.

V.Bayramov həmçinin əlavə edib ki, su ehtiyatlarının ədalətli bölgüsünə ehtiyac var.

Belə ki, aparılan monitorinqlər göstərir ki, bir sıra hallarda suyun yerlərdə fermerlər arasında ədalətli bölgüsü həyata keçirilmir və bu da suya olan tələbin tam ödənilməsinə imkan vermir. Bu baxımdan da müasir çağırışlara uyğun və əsaslandırılmış su balansının hazırlanması məqsədəuyğundur.

Neftçaladan reportaj 2 - Sputnik Azərbaycan
Vəziyyət gərgindir - Kranlara su noyabrda gələ bilər

"İçməli suya olan tələbin ödənilməsi üçün daxili mənbələrdən daha səmərəli istifadə zəruridir. Mənim parlamentdə təmsil etdiyim Füzuli rayonunda elə qəsəbələrimiz var ki, içməli suyu xüsusi su maşınlarından ödəniş ilə alırlar. Bu barədə uyğun dövlət qurumuna artıq sorğu göndərsəm də, belə problemlərin uzunmüddətli həlli daxili su mənbələrinin müəyyənləşdirilməsi və onlardan səmərəli istifadə edilməsi yolu ilə həll oluna bilər", - deyən millət vəkili vurğulayıb ki, su təsərrüfatında idarəetmənin səmərəliliyinin artırılması üçün mövcud strategiyanın yeni çağırışlara uyğunlaşdırılmasına ehtiyac var. Bu zaman iqlim dəyişiklikləri, elmi-innovativ metodlardan istifadə kimi faktorların da nəzərə alınması məqsədəuyğundur.

Xatırladaq ki, Azərbaycanın su mənbələri üzrə ehtiyatları təxminən 35,6 milyard kubmetr qiymətləndirilir.

Sonuncu dəfə ölkə üzrə yerüstü su ehtiyatları 1970-ci ildə, yeraltı su ehtiyatları isə 1980-ci illərdə qiymətləndirilib. Aradan yarım əsr keçməsinə baxmayaraq, su ehtiyatları yenidən qiymətləndirilməyib.

Xəbər lenti
0