İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 28 iyul — Sputnik. Kür çayından suyu götürüb təmizləyərək, içməli suya çevirmək qeyri-mümkündür. Bu səbəbdən də Neftçala sakinlərinə su Salyandan maşınlarla gətirilir. Bu sözləri "Azərsu" ASC –nin mətbuat katibi Anar Cəbrayıllı sözügedən bölgədə içməli su qıtlığı ilə bağlı problemi Sputnik Azərbaycan-a şərh edərkən deyib.
Artıq bir aydan çoxdur ki, Neftçalada içməli suyun verilməsində problem yaranıb. Kürün səviyyəsinin azalması və Xəzər dənizinin suyunun Kürün suyu ilə qarışması nəticəsində Neftçala və 38 kənd içməli sudan məhrum olub. Əvvəlcə isə 6 kəndin içməli sudan məhrum olduğu deyilirdi.
Rayon və kəndlərinə içməli su xüsusi maşınlarla verilir.
"Azərsu" ASC –nin sədri Qorxmaz Hüseynov iyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə qeyd edib ki, məsələnin həlli üçün ötən il 5 milyon, bu il də investisiya proqramında 5 milyon vəsait ayrılıb.
O, bildirib ki, layihənin tikintisinə başlanılıb və daha etibarlı mənbə olaraq, Şirvan-Muğan magistral xəttindən Salyan ərazisinə 44 kilometr magistral xəttin tikintisinə artıq başlanılıb. Xəttin bu ilin noyabrında başa çatması planlaşdırılır.
Kür çayının səviyyəsinin aşağı düşməsi Kürdən qidalanan digər əraziləri də susuz qoya bilər. Bu məsələ vaxtında həll edilməzsə, Neftçalanın acınacaqlı vəziyyəti digər bölgələrdə də müşahidə edilə bilər.
Anar Cəbrayıllı bildirib ki, hazırda Neftçala və ətraf kəndlərə içməli su maşınlarla verilir: "Bilirsiniz ki, Xəzər dənizi ilə Kür çayı qarışıb və Kür çayından suyu götürüb təmizləyərək, içməli suya çevirmək qeyri-mümkündür. Bu səbəbdən də bu ərazilərə su Salyan rayonu ərazisindən maşınlarla gətirilir. Hazırda 30-dan çox maşın gündə bir neçə reys hərəkətdə olaraq əraziyə su daşıyır. Modul qurğular olan ərazilərdə su çənlərə vurulur. Daha sonra həmin su nasosla vurularaq, insanların içməli su kimi istifadə etməsi üçün verilir".
Onun sözlərinə görə, şəhərdə və qəsəbələrdə 50-dən artıq çən quraşdırılıb. Binaların həyətlərində və məhəllələrdə qurulan çənlər su ilə doldudurulur. Vətəndaşlar da həmin sudan istifadə edir.
"Bundan başqa, Neftçala və ətraf ərazilərə Kür çayından su nasoslarla verilir. Amma vətəndaşlara xəbərdarlıq etmişik ki, yalnız məişət və təsərrüfat ehtiyaclarını qarşılamaq üçün bu sudan istifadə edə bilərlər", - deyə "Azərsu"nun mətbuat katibi əlavə edib.